Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, burada zəngin karbohidrogen ehtiyatları, inkişaf etmiş yanacaq-energetika infrastrukturu və özünü tam təmin edən enerji sistemi vardır. Respublikamız 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlayıb və ilk illərdə xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil edib. Ölkənin enerji siyasətinin əsas götürülən iki istiqamətinə baxsaq görərik ki, bunlardan ilki, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, digəri isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə olmuşdur.
Ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biridir və enerji təhlükəsizliyi dedikdə, bütün ölkənin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsilə xarici və daxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur.
Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz başlanğıcını 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” və bu müqavilədən sonra elə həmin ildən başlayaraq həyata keçirilmiş yeni neft strategiyasından götürmüşdür.
Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması məqsədilə son illər ölkə daxilində bir sıra təşkilati-texnoloji tədbirlər həyata keçirilib və bu gün də keçirilməkdə davam edir. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu, “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə” Dövlət Proqramı, “2005-2015-ci illərdə ölkənin yanacaq-enerji kompleksinin inkişafı” Dövlət Proqramı, “Şahdəniz -2” təbii qaz layihəsi və s ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı həyata keçirdiyi addımların 2003-2014-cü illəri əhatə edən qismidir.
Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması ölkə səviyyəsində davamlı şəkildə müəyyən vəzifələrin həyata keçirilməsini nəzərdə tutur. Bunların sırasına ölkə iqtisadiyyatının və əhalinin uyğun qiymətlərlə enerji ehtiyatları ilə davamlı təmin olunması, enerji təminatı sahəsində risklərin azaldılması və baş verə biləcək böhran hallarının qarşısının alınması, enerji ehtiyatlarından faydalı istifadə olunması və itkilərə yol verilməməsi, enerji daşıyıcılarının istehsalı, neft-qaz məhsullarının çıxarılması, emalı və nəqli zamanı itkilərin azaldılması, enerji sektorunun potensialından istifadə zamanı səmərəliliyin artırılması, müasir texnoloji vasitələrdən istifadə etməklə energetikanın ətraf mühitə texnogen təsirinin azaldılması və s daxildir.
Respublikamız Cənubi Qafqaz regionunda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan ölkədir. Azərbaycanın neft-qaz kəmərlərini şaxələndirməsi ölkənin enerji təhlükəsizliyinə xidmət etməklə yanaşı, transmilli enerji ixracının daha səmərəli və məqsədyönlü təşkilinə müsbət təsirini göstərir.
Bu gün Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca ölkələrdən birinə çevrilmişdir və bunun göstəricisidir ki, Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edir, eyni zamanda, hazırda tərəfdaş olduğu ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Poladova Elmira
Azərbaycan Dövlət Pedaqoji Universiteti | SABAH qrupları