“Kür çayında suyun səviyyəsinin artmasının ziyanları ilə yanaşı, xeyri də var”.
Bu sözləri Qaynarinfo-ya açıqlamasında sabiq deputat Əli Əlirzayev deyib.
Onun sözlərinə görə, Kür çayının daşması nəticəsində torpaqlar yuyulur və bu prosesin həm mənfi, həm də müsbət tərəfləri mövcuddur:
“Torpaqlar uzun müddət suda qaldıqda əkin sahələri, ağaclar quruyur və digər problemlər yaranır. Sel suları kimi, Kür çayının səviyyəsinin artması da təbii fəlakət hesab olunur. Heç kim inkar edə bilməz ki, bunun ciddi fəsadları var. Təxminən hər 20-30 ildən bir Kür çayı aşıb-daşır, evlərə və torpaqlara ziyan vurur. Ona görə də buna qarşı qabaqlayıcı tədbirlər görülməlidir”.

Əli Əlirzayev bunu təbiətin öz qanunları ilə əlaqələndirib:
“Yalnız vaxtında görülən tədbirlər nəticəsində insanlar bu vəziyyətdən minimal itkilərlə çıxa bilərlər. Kür “dəli çay”dır, ona adi yanaşmaq olmaz. Səviyyə artdıqda bu, qaçılmaz olaraq müəyyən fəlakətlərə səbəb olur. Ona görə bəndlər çəkilməli, mövcud bəndlər isə möhkəmləndirilməlidir”.
Sabiq deputat qeyd edib ki, hazırda ölkədə əkin-biçin mövsümünün ən qızğın dövrüdür və bəzi ərazilərin su altında qalması əlavə çətinliklər yaradır:
“Bəzi sahələri su basıb və bunun qarşısı kanallar vasitəsilə alınmalıdır. Bu istiqamətdə vəsait ayrılır, investisiyalar qoyulur. Amma etiraf etməliyik ki, Kür çayının səviyyəsinin artması məhsuldarlığın yüksəlməsinə də səbəb ola bilər. Fermerlər əvvəllər suvarma üçün əlavə xərclər çəkirdilərsə, indi buna ehtiyac azalacaq. Yəni biri var suyu əlavə xərc hesabına əldə edəsən, biri də var təbiətin özü bunu təmin etsin”
Əli Əlirzayev hesab edir ki, bu vəziyyət kənd təsərrüfatı üçün müəyyən fürsətlər də yaradır:
“Məhsuldarlıq artdıqca bazarda qiymətlər aşağı düşəcək və ucuzlaşma müşahidə olunacaq. Bu isə istehlakçılar üçün müsbət haldır”.


























