“Biz qalib dövlətik. Azərbaycan iqtisadiyyatında çox böyük inkişaf var. Bizim Ermənistana investisiya yatırmağımıza ehtiyac yoxdur. Azərbaycanda yetərincə layihələr var və biz əlimizdən gəldiyi qədər bu işləri uğurla icra etməyə çalışırıq”.
Vətəninfo.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında “Şərur MTK”nın sahibi, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.
O bildirib ki, gələcəkdə Ermənistana investisiya qoymaqla bağlı hər hansı planı yoxdur:
“Vaxt vardı Ermənistanda özlərini “qalib” sayırdılar və Azərbaycanla barışmağa can atırdılar. İndi isə biz qalib dövlətik. Cənab Prezident nə addım atsa, mən onu yüksək qiymətləndirirəm və dəstəkləyirəm. Bilirsiniz, mənim 75 yaşım var. Bundan sonra mənim yaşım imkan verməz ki, gedim Ermənistanda hansısa işə, layihəyə rəhbərlik edim”.
Tikinti maqnatı özünün də vaxtilə Ermənistandan deportasiya edilməsini xatırladıb:
“Mən Ermənistandan qovulmuş adamam. Mənim ata-baba yurdum qalıb orada. Nə mən, nə də şirkətimdən kimsə gedib Ermənistanda hansısa iş görə bilməz. Nə indi, nə də gələcəkdə”.
Qeyd edək ki, son dövrlər regionda davam edən sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin bərpası istiqamətində mühüm addımların atıldığı müşahidə olunur. Əsas müzakirə mövzularından biri kimi, Azərbaycanın Ermənistana yanacaq ixracına başlaması və bu prosesin logistik detalları ön plana çıxır. Son olaraq, Baş nazirin müavini Şahin Mustafayevin Ermənistana səfəri və orada yerli biznes dairələri ilə keçirdiyi görüşlər iqtisadi yaxınlaşmanın praktiki müstəviyə keçdiyini göstərir. Bu baxımdan, yaxın perspektivdə iki ölkə arasında qarşılıqlı iqtisadi investisiyaların edilməsi istisna deyil.


























