Mənim yol əhvalatlarım olur günəşin üzümə güldüyü, ömrün vəfa etdiyi vaxtlarda. Nəsrəddin misalı çarığımı ayağıma geyib düşürəm yolun izinə; ürəyimin çağırdığı, vicdanımın götürdüyü yerlərə…
Yenə uzun bir yol dayanıb qarşımda, gedirəm gündüzün günorta çağı. Analar gözləyir məni, qolları qoynunda, hüzün baxışlı, mərd ürəkli analar. Cəlilabadadır yolum.
Aylar öncə sosial şəbəkədə bir video çıxmışdı rastıma. Müəllifi olduğum şeirlərin birinə düzəldilən video çarxı görəndə sarsıldım. Nur üzlü bir şəhidin videosu idi, üzünün gözəlliyi insanı dondururdu; İlahinin xoş halındamı yaranmışdın deyirəm, bu nə göz-qaş, bu nə nurdur üzündə? Elin qızına belə sənin itkin bu qədər yer edirsə, anan nə çəkir sənin nakam oğul?
Beləcə özüm-özümlə danışmaqlarım paytaxtdan 220 km uzağa aparır məni . Füzuli Həbibinin ev muzeyindəyəm. Bütün şəhid evləri kimi bura da Vətən qoxur. Qəhrəmanlıq, şücaət, əzəmət yağır bu evdən də. Nisgili, acısı, həsrəti qarışıq bir qoxu…
Əşyalarına toxunuram, geyindiyi uniformanı oxşayıram, şəkilləri danışır adamla. Onu ürəyimdə danışdırıram, Natəvan (Azadə) ananı üzbəüz.
-Ana…
-Buyur, qızım. Əyləş. Bax, mənim balam belə oğul idi. Könüllü getmişdi.
-Mənə bir az ondan danış,ana.
Gəl, gedək, bir çay iç,ondan sonra danışacam.
-Yox,yox. Çay istəmirəm, gəl,söhbət edək.
Tərəddüdlə olsa da oturur. Barmaqlarını sıxır bir-birinə, hardan,necə başlayacağını bilmir .
-Ana, necə oldu ki, Füzuli döyüşə getdi? Axı eşitdiyimə görə o hərbiçi deyildi, könüllü qoşulub orduya.
-Vallah, ani oldu. 27-i müharibə başlamışdı, səhəri komissarlıqdan zəng gəldi ki, gəlin oğıunuzu burdan aparın, dava edir həyətdə ki, məni də aparın.
İki ay idi ki,nişanlanmışdı. Həyətdə ev tikdirirdi atası ona. Qollarını çırmayıb özü də qoşulmuşdu ustalara.
-Ana.. Nə dediniz ona evə qayıdanda? Acığınız tutmuşdu?
-Yox, Vallah, qızım. Mən ona necə deyərdim getmə, özüm kişi olsaydım mən də gedərdim axı. O hiss məndə də var. Dedim, ana qurban, get ee, amma çağırsalar,gedərsən də, bala. İki aylıq nişanlını qoyub getmə, gözükölgəli olaram.

29-u evdən geyinib-bəzənib çıxdı. Arxasınca baxa-baxa qaldım. Elə geyinmişdi ki, maşallah dedim , Allah səni qorusun, bala, dedim eləcə.
İki saat sonra zəng gəldi, Ana, haqqını halal elə, mən gedirəm.
Getdi… Gedişi də səssiz oldu, dönüşü də. Bir damla göz yaşıma qıymayan oğlum bütün göz yaşlarımı özü üçün saxlayıbmış, sən demə…
Xeyli söhbət edirəm ana ilə. Müəllim sadəliyi, dəqiqliyi var xanımın nitqində, öz-özümlə savaşım başlayır yenə “sizi belə natiq edən oğullara qurban. Sizi belə sinədəftər edənə qurban”
Dərdinizi yazmağa bütün dünyanın mürəkkəbi yetməz, müqəddəs qadın. Sən bir dağsan,ana. Sən Qarabağın qara rəngli dərdin alıb
Saçlarına qara rəngli yaylıq salan
Azərbaycan qadınısan.
Sən… Sən Cümhuriyyət avazısan…
Bu qədər əsalət, bu qədər xatunluq, bu qədər zəngin dəyərləri olan anaların övladları hesabına torpaq Vətən oldu.
Övlad evin aynasıdır,axı. Bu ailənin birdə qəhrəman atası var-Nizami bəy, gənckən ağ saçları əmanət almış adam, qəhrəman baxışlı, mərd ürəkli ata.
Qürurludur, əsla əyilməz, dünyanın ən ağır yükünü daşıyır güclü çiyinlərində. Mərdanə yerişi,sözü-söhbəti tam bir qəhrəman atadan xəbər verir insana.
Bu valideynlərə baxanda qəlbim dağ boyda olur; düşmənin çəkdiyi dağı sarıb-sarmalayan ailələr var belə. Bütün dünyadan fərqli, məhz mənim Azərbaycanıma xas olan , türk oğlu türk , qanı, canı Vətənlə yoğrulan ailələr. Qəhrəmanı, övladı sizlər olan yurdun qolu bükülməz, beli əyilməz.
Düşmənə dərd olar beləcə. Yüz il keçsə də, adı-sanı unudulmayacaq oğulları yetişdirənlər.
Yüz il keçsə də, qələmim sizdən yazacaq. Yazdıqlarım yaşayacaq çünki.
Külüngümü (qələmimi) sipər eləmişəm vicdanıma, şahi-mərdan duruşlu bütün oğulların qarşısında. Dağı-dərəni, dənizi aşan vəfa borcunun içində boğulmamaqdır amalım, üstündə gəzdiyim torpağın hər qarışının halallığını istərəm sizdən, Vətən oğlu. Bacara bilsən, bağışla məni. Sənin can verdiyin torpağın səfasını sürdüyüm üçün bağışla… Haqqını halal et, bizə.
Qəlbimdə qalanan bütün söz-söhbətlərimlə üz-gözündən öpüb ayrılıram anadan. Mən yoluma, ana isə öz dünyasına. Ömür vəfa etsə,görüşərik, müqəddəs qadın.
Gülər Mübariz


























