image-reklam-veteninfo
image-photo_20964backend

Qars müqaviləsinin Azərbaycan üçün tarixi və strateji əhəmiyyəti

image-reklam-veteninfo

13 oktyabr 1921-ci ildə Mustafa Kamal paşanın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisi hökuməti ilə Azərbaycan, Ermənistan və Gürcüstan sovetləşmədən əvvəlki formal müstəqillik dövründə Qars müqaviləsini imzalayıb. Müqavilənin imzalanması prosesində Rusiya da iştirak edib. Sənəd Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasındakı sərhədlərin müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Həmin dövrdə Türkiyədə iki siyasi mərkəz mövcud idi: İstanbulda Osmanlı hökuməti, Ankarada isə Mustafa Kamal paşanın rəhbərlik etdiyi TBMM hökuməti. Qars müqaviləsi məhz Ankara hökuməti ilə Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələri arasında imzalanıb.

Müqavilə ilə üç Cənubi Qafqaz respublikasının Türkiyə ilə sərhədləri müəyyənləşdirilib. Sonradan bu respublikalar SSRİ-nin tərkibinə daxil olduqda həmin sərhədlər Sovet İttifaqı ilə Türkiyə arasındakı dövlət sərhədinin əsasını təşkil edib.

Qars müqaviləsinin Azərbaycan üçün əhəmiyyəti, xüsusilə, iki mühüm məqamla bağlıdır.

Birinci mühüm məqam Naxçıvanın statusu ilə əlaqədardır. Müqaviləyə əsasən, Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusu alıb. Sənədin III əlavəsində Naxçıvanın ərazisini əks etdirən xəritə də yer alıb. Bununla qonşu dövlətin ərazisinin yalnız siyasi-hüquqi statusunun deyil, inzibati sərhədlərinin də beynəlxalq müqavilədə müəyyənləşdirilməsi kimi mühüm presedent yaranıb.

Bu müddəa Naxçıvanın ərazi bütövlüyünün və Azərbaycanın tərkibində muxtar statusunun beynəlxalq müqavilə ilə təsbit olunması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Beləliklə, Naxçıvana və onun ayrı-ayrı ərazilərinə yönələn erməni ərazi iddialarının qarşısının alınması üçün mühüm hüquqi-siyasi əsas formalaşdı.

İkinci mühüm məqam Sürməli qəzasının Türkiyənin ərazisi kimi tanınmasıdır. Əvvəllər İranın, daha sonra İrəvan xanlığının və Rusiya imperiyasının İrəvan quberniyasının tərkibində olmuş Sürməli qəzasının böyük hissəsi indiki Türkiyənin İğdır vilayətinin ərazisinə düşür.

Bu ərazi tarixən Osmanlı dövlətinin tərkibində olmayıb. Onun Türkiyəyə verilməsi regionda sərhədlərin müəyyənləşdirilməsi prosesinin mürəkkəbliyini göstərən məqamlardan biridir. Hətta İran da Rusiyaya etiraz edərək, vaxtilə özündən alınmış torpaqların Türkiyəyə verilməsinə narazılığını bildirib.

Sürməli qəzasının Türkiyənin tərkibinə daxil edilməsi nəticəsində Azərbaycanla Türkiyə arasında qısa quru sərhədi formalaşıb. Bu sərhədin uzunluğu düz xətt üzrə təxminən 11 kilometr, sərhəd xəttinin konfiqurasiyasına uyğun hesablandıqda isə 18 kilometrə yaxın göstərilir.

Sovet dövründə bu sərhədin praktik və strateji əhəmiyyəti məhdud olsa da, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra onun geosiyasi əhəmiyyəti xeyli artıb. Türkiyə ilə birbaşa quru sərhədinin mövcudluğu Azərbaycan üçün regional əlaqələr və təhlükəsizlik baxımından mühüm amilə çevrilib.

Atatürkün Azərbaycanla Türkiyə arasındakı sərhədyanı ərazini guya İrandan pulla satın alması barədə yayılan rəvayət isə tarixi faktlarla təsdiqlənmir.

Qars müqaviləsi sonrakı dövrdə də Türkiyə ilə Ermənistan arasında mübahisələrin mövzularından biri olaraq qalıb. İkinci Dünya müharibəsindən sonra İosif Stalin Türkiyə ilə sərhədlərin yenidən nəzərdən keçirilməsinə, Türkiyənin bəzi ərazilərinin Ermənistan və Gürcüstana verilməsinə çalışıb. Həmin dövrdə erməni və gürcü tərəfləri arasında ərazi bölgüsü ilə bağlı fikir ayrılıqlarının yarandığı da bildirilir.

Lakin bu cəhdlər nəticəsiz qalıb. ABŞ və Böyük Britaniyanın dəstəklədiyi Türkiyə ərazi iddialarını rədd edib və mövcud sərhədlərin dəyişdirilməsinə imkan verməyib.

Ermənistanda Qars müqaviləsinə münasibət isə uzun illər ərzində mübahisəli olaraq qalıb. Ermənistan müstəqilliyini bərpa etdikdən sonra müqavilənin hüquqi qüvvəsi məsələsi də müzakirə mövzularından birinə çevrilib. Müqavilənin tanınmaması ilə bağlı mövqelərdə əsas arqumentlərdən biri həmin dövrdə həm Ermənistan SSR-in, həm də Türkiyə ilə müqavilə imzalayan TBMM hökumətinin legitimliyi ətrafında mübahisələr olub.

Bununla belə, Qars müqaviləsi Azərbaycan, Türkiyə və regionun digər dövlətləri arasındakı sərhədlərin tarixi və hüquqi əsaslarının formalaşmasında mühüm sənəd olaraq qalır. Xüsusilə Naxçıvanın statusunun müəyyənləşdirilməsi və Azərbaycan-Türkiyə quru sərhədinin mövcudluğu baxımından müqavilənin əhəmiyyəti bu gün də aktualdır.

Yadigar Sadıqlı



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki