Rusiyanın ən böyük beş neft emalı zavodundan biri hesab olunan Yaroslavl Neft Emalı Zavodunda pilotsuz uçuş aparatlarının hücumundan sonra yanğın baş verib.
Vətəninfo.az xəbər verir ki, noyabrın 3-nə keçən gecə Rusiyanın Yaroslavl vilayətində yerləşən “Slavneft-YANOS” neft emalı zavodu dron hücumuna məruz qalıb.
Hücumdan əvvəl bölgədə pilotsuz uçuş aparatları ilə bağlı təhlükə xəbərdarlığı elan edilib. Daha sonra yerli sakinlər güclü partlayış səsləri eşitdiklərini və zavod ərazisində yanğın baş verdiyini bildiriblər.
ASTRA-nın təhlil etdiyi foto və videolara əsasən, yanğın Moskva prospektində yerləşən “Slavneft-YANOS” müəssisəsinin ərazisində qeydə alınıb. İlkin məlumatlara görə, zavodda azı üç ayrı yanğın ocağı yaranıb.
1961-ci ildən fəaliyyət göstərən Yaroslavl Neft Emalı Zavodu Rusiyanın iri neft emalı müəssisələrindən biridir. Zavodun illik neft emalı gücü təxminən 15 milyon ton təşkil edir.
Müəssisədə benzin, dizel yanacağı, mazut, aviasiya kerosini, sürtkü yağları və digər neft məhsulları istehsal olunur. Zavodun məhsulları Rusiyanın Mərkəzi və Şimal-Qərb bölgələrinə, eləcə də Moskva vilayətinə tədarük edilir.
Məlumata görə, müəssisənin əsas istehlakçıları arasında hava limanları və hərbi-sənaye kompleksi də var. Zavodun məhsulları Rusiya hərbi aviasiyasının və hərbi texnikasının yanacaq təminatında da istifadə olunur.
“Slavneft-YANOS” bu il dəfələrlə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Belə ki, sentyabrın 17-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müəssisəyə endirilən zərbə barədə məlumat yayıb. Hücumdan sonra avadanlıqlara dəymiş ziyan səbəbindən zavodda neft emalının dayandırıldığı bildirilmişdi.
Bundan başqa, avqustun 6-da da Yaroslavl şəhərindəki neft emalı zavodunun dron hücumuna məruz qaldığı barədə OSINT analitikləri məlumat yayıblar.
Son hücumun müəssisənin istehsal gücünə və yanacaq tədarükünə təsirinin miqyası hələlik açıqlanmayıb.


























