image-1aa2ac66-8fa2-426f-8218-abeb2c93280ebackend

Saxta şəhid statusu alanlar kimlərdir?– “Bu, qəbuledilməzdir və hüquq pozuntusudur”

image-reklam_sirab_01

Son vaxtlar sosial şəbəkələrdə müharibə ilə heç bir əlaqəsi olmayan şəxslərin qanunsuz yollarla müxtəlif statuslar alaraq, bir sıra dövlət imtiyazlarına yiyələndiklərinə dair geniş müzakirələr aparılır. Onlar bir sıra insanların qeyri-döyüş şəraitində həlak olan yaxınlarına ( atalarına, qardaşlarına, övladlarına -red.) saxta şəhid statusu aldıqlarını, belə şəxslərlə bağlı müvafiq tədbirlərin görülməsini tələb edirlər.

Əslində insanların bu haqlı tələbi olduqca başadüşüləndir. Çünki saxta yollarla yaxınlarına şəhid status alanlar bu uca addan öz mənfur əməlləri üçün istifadə edir, bir sıra imtiyazlara yiyələnirlər (minik avtomobili, torpaq sahəsi, dövlət hesabına pulsuz mənzil).

Təəssüf ki, bu gün Azərbaycanda vicdanını pula satan xeyli sayda məmur, hakimə rast gəlinir. Bu şəxslər arasında pul qarşılığında erməniyə belə status verməyə hazır olanlar var.

Bundan əlavə, bir sıra imkanlı, tanınmış şəxslərin, vəkillərin məhkəmə hakimləri ilə çirkin işbirliyinə gedərək 90-cı illərdə Qarabağ bölgəsində müxtəlif səbəblərdən (avtomobil qəzası, bədbəxt hadisə və sair səbəbdən) həlak olan yaxınlarına saxta yollarla şəhid statusu aldığı ictimaiyyətə məlumdur. Qeyd edək ki, bu cür iddialar zaman-zaman mətbuat vasitəsilə gündəmə gətirilsə də, indiyə qədər müvafiq qurumlar tərəfindən hansısa reaksiya verilməyib, ciddi bir tədbir görülməyib. Mətbuatda yer alan xəbərlərə görə, 2000-ci ildən sonra saxta arayışlarla şəhid statusu verilən kifayət qədər şəxs var.

Bu imtiyazlardan yararlananlar isə həm dövlət büdcəsinə zərər vururlar, həm də müqəddəs ŞƏHİD adını öz çirkin əməllərinə alət edirlər. Bunun üçün ilk öncə yalançı şahidlərin ifadələriylə vəfat edən şəxsin həqiqi ölüm səbəbi saxtalaşdırılaraq, güllə və ya qəlpə yarasından həlak olduğu kimi göstərilir. Sonra isə vəfat edən şəxsin yaxınları şəhid ailəsi statusu alırlar. Bu cür məsələlərdə bir sıra tanınmış vəkillərin və hakimlərin adları hallanır. Açığa çıxmayan xeyli belə faktın olduğu da şübhə doğurmur.

Bəs, şəhid statusu hansı hallarda verilir?

Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, şəhid statusunun təyinatı ilk növbədə əsgərin xidmət etdiyi müvafiq hərbi hissədən başlayır: “İlk növbədə hərbi hissə komandiri həmin hərbçinin döyüş tapşırıqlarını yerinə yetirən zaman vəfat ediyinə dair əmr verməlidir. Daha sonra bu sənəd arayış formasını alır və onu verən hərbi hissə komandiri, səlahiyyətli oraqan birbaşa cavabdehlik daşıyır. Əgər hərbçi sırf döyüş tapşırıqlarının yerinə yetirən zaman şəhid olubsa, ona yanlış arayış verilə bilməz. Bu, qəbuledilməzdir və hüquq pozuntusudur. Sözügedən arayış sonda Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir və həmin şəxs qeydiyyata götürülərək, ona şəhid statusu adı verilir”.

Ekspert qeyd edir ki, şəhid statusu təyin olunarkən, hərbçinin döyüş və vəzifə tapşırığını icra edib-etməməsi əsas götürülür: “Əgər hərbçi döyüş tapşırığını və ya vəzifə borcunu yerinə yetirərkən həlak olursa, ona şəhid statusu verilir. Yol qəzasında həlak olan hərbçilərlə bağlı da bu nüans əsas götürürlür. Bir sözlə, yuxarı komandanlığın tapşırığı burada müəyyənedici rol oynayır”.

“Hər hansısa hərbi hissə komandiri tərəfindən yalnış arayış verilə bilərmi? Açığı bu suala cavab vermək çətindir, verilərsə belə bu nəyin qarşılığında ola bilər? Çünki bu, çox böyük cinayət tərkibi sayılır. Bundan əlavə, hər hansı bir hərbçi həlak olursa, istənilən halda Hərbi Prokurorluqda iş açılır. Yəni, hər bir halda ölümün necə baş verməsinin səbəbi araşdırılır. Düşünürəm ki, bu, həssas kateqoriyaya aid bir mövzu olduğundan, hər kəs bu məsələyə daha diqqətli yanaşmalıdır” – deyə, ekspert bildirib.

Məlumuat üçün onu da qeyd edək ki, şəhid statusu alan şəxslərin yaxınları dövlətin təyin etdiyi bir sıra imtiyazlardan yararlana bilərlər. Məsələn, şəhidin pensiya hüququ varsa, bu müavinət onun ailə üzvlərinə ödənilir. Pensiya hüququ olmadıqda isə ailə başçısını itirməyə görə, hər bir ailə üzvünə 80 manat məbləğində müavinət verilir.

Bundan əlavə hər ay şəhid ailələrinə 500 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Şəhid ailələrinə on bir min manat məbləğində birdəfəlik ödəmələr olunur. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə təmin olunurlar və sair.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki