image-cavansirbackend

Sülhə aparan ən qısa yol

image-reklam_sirab_01

90-cı illərdə Ermənistan xaricdən göstərilən siyasi-mənəvi və hərbi-texniki dəstək  hesabına torpaqlarımızı işğal etdi. Bununla da ermənilər ərazidə “Miatsum” hərəkatı başlayanda qarşısına qoyduqları məqsədə artıqlaması ilə nail oldular. Torpaqlar onların nəzarətinə keçdi və atəşkəs əldə olundu. Bundan sonra Ermənistan  siyasəti cəmi bir suala cavab tapmalı idi. Atəşkəs rejiminin başlandığı an üçün mövcud olan status-kvo ilə nə etməli? Bu sualın cavabı məsələnin siyasi həllinə necə nail olmağı müəyyən etməli idi.

30 ilə yaxın ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həll edilməsi səyləri, hər iki dövlətin başçıları arasında keçirilmiş saysız-hesabsız görüşlər və sonsuz danışıqlar nəticəsiz qaldı və məsələnin siyasi həllinə gətirib çıxarmadı.  Hələ 90-cı illərdə Levon Ter-Petrosyanın müəyyən güzəştlər əsasında mövcud status-kvonu legal proseslərlə tamamlamaq və məsələnin həllinə nail olmaq cəhdləri  onun hakimiyyəti itirməsi ilə nəticələndi. Gözlənilməz qələbədən eyforiyaya düşmüş ermənilər “sülh naminə güzəşt” prinsipini rədd edərək qeyri-müəyyənliyə üstünlük verdilər. Bütün bu illər ərzində qeyri-müəyyənlik şəraitindən çıxmaq üçün qarşısında duran yeganə sualın cavabını tapmaq əvəzinə Ermənistan Qərblə Rusiya arasında məntiqi anlaşılmayan reveranslar etməklə özü üçün daha çox suallar yaratmış oldu.

Öz torpaqları olduğunu iddia edərək işğal etdiyi qədim Azərbaycan torpaqlarında türklüyə məxsus bütün həyat və mənsubiyyət nişanələrini məhv edən ermənilər 30 il ərzində bu torpaqlarda daşı daş üstünə qoymadılar. Əksinə erməni siyasətçiləri  həmin ərazilərin “erməniləşdirilməsi” üçün rəsmi şəkildə ayrılan və diaspora tərəfindən ianə edilən vəsaitləri oğurlayıb özlərinin şəxsi bizneslərinə yönəltdilər.

Bütün dövrlərdə Çar Rusiyasından, Sovet İttifaqından və müasir Rusiyadan ardıcıl olaraq aldıqları hərbi-siyasi və hərbi-texniki dəstəyə görə “əbədi müttəfiqliyə” and içmiş ermənilər əvvəllər gizlin surətdə, daha sonralar isə açıq – aşkar Qərb siyasi dairələrinə yaxınlaşmağa və Rusiya əleyhinə yönəlmiş siyasi ittifaqlarda təmsil olunmağa başladılar. Bir tərəfdən, MDB, KTMT və Avrasiya İttifaqı kimi Rusiya mərkəzli təşkilatlarda tamhüquqlu üzv qismində təmsil olunmaqla yanaşı, digər tərəfdən çoxsaylı Avropa siyasi qurumlarına və NATO strukturlarına da inteqrasiya olunmaq cəhdlərinin siyasi dissonans yaratdığını anlamadılar.

Zaman öz sözünü dedi. 30 ilə yaxın müddət ərzində müstəqilliyin əvvəlində üzləşdiyi xaos və tənəzzüldən qısa müddətdə çıxmağı bacaran Azərbaycan Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısa müddətdə dünya siyasi-iqtisadi sisteminə inteqrasiya oluna bildi. İlham Əliyevin prezidentliyi dövründə isə Avrasiya məkanında Azərbaycanın rolu və yeri daha da möhkəmləndi. Qlobal iqtisadi əməkdaşlıq layihələrinə yol açan təşəbbüslərin mərkəzində dayanan Azərbaycan  Avrasiyanın Şərqi ilə Qərbini və Cənubu ilə Şimalını bir araya gətirən əməkdaşlıq platformasının hərəkətverici qüvvəsinə çevrildi. Qlobal siyasi-iqtisadi sistemdə qazandığı etibarlı tərəfdaş statusunu və qarşılıqlı iqtisadi mənfəəti qısa zaman içərisində qlobal siyasi dəstəyə “konversiya” edən Azərbaycan bununla da ermənilərin 30 ildə həll edə bilmədiyi məsələnin həllinə daha çox yaxınlaşdı. Bütün bunlardan sonra ermənilərin üzləşdiyi və uzun müddət dəf edə bilmədiyi qeyri-müəyyənliyi aradan qaldırmaq üçün Azərbaycana cəmi 44 gün lazım oldu. Azərbaycan ərazisində yerləşmiş Ermənistan Ordusunun hərbi texnikası darmadağın edildi, 7 mindən çox canlı qüvvəsi məhv edildi və 10 mindən çox erməni hərbiçisi fərariliyə üz tutdu. Ermənistan baş naziri və prezidenti bütün beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət edərək müharibənin dayandırılmasını xahiş etdilər. Rusiyanın vasitəçiliyi ilə Ermənistan baş naziri və Azərbaycan Prezidenti arasında üçtərəfli Təslimçilik Aktı imzalandı. Beləliklə, Keçmiş Dağlıq Qarabağ Vilayətinin üçdə bir hissəsini və ətraf ərazilərin hamısını itirən Ermənistan hələ 1988-ci ildə Miatsum hərəkatına başlamaq ərəfəsində malik olduğu bütün üstünlüklərini də itirmiş oldu.

10 noyabr 2020-ci ildən etibarən Ermənistanın qarşısında artıq bir yox, bir neçə sual dayanır. İlk növbədə 10 noyabr tarixli Bəyanatın bütün  şərtlərinə əməl olunması, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Zəngəzur dəhlizinin açılması,  Türkiyə ilə sərhədlərin açılması və diplomatik münasibətlərin bərpası və s.

Ağır məğlubiyyətdən sonra seçkilər nəticəsində  yenidən hakimiyyətə gəlmiş Paşinyan höküməti özündən əvvəlki siyasi hakimiyyətlər kimi yenə də qeyri- müəyyənlik içindədir. Haradan və nədən başlayacağını, necə başlayacağını bilməyən Paşinyan höküməti nala-mıxa vurmaqla sanki qarşısında duran öhdəlikləri yerinə yetirməkdən yayınmağa cəhd edir. Tez-tez gərginləşən daxili siyasi mübarizə və Paşinyanı qara kabus kimi hər an izləyən devrilmək təhlükəsi ilə yanaşı Azərbaycanla sərhəd zolağında baş verən təxribatlar özündə Ermənistanı daha dərin uçuruma yuvarlamaq təhlükəsi daşıyır. Xüsusilə 14-16 noyabr sərhəd təxribatından sonra Azərbaycan Ordusunun sərgilədiyi qətiyyət Ermənistanı ayıltmalı və nəhayət, Paşinyan hökümətini sülhə doğru addımlar atmağa vadar etməlidir. Ermənistan anlamalıdır ki, artıq  sülhə aparan ən qısa yol Azərbaycanın tələblərini yerinə yetirməkdən keçir. Bu tələbləri yerinə yetirməkdən yayınmaq üçün atılan hər hansı bir addım Ermənistanı daha ağır şərtlərlə üz-üzə qoyacaq. Ermənistandakı bütün siyasi qüvvələr başa düşməlidirlər ki, onların hansı təxribatlara əl atmasından asılı olmayaraq bölgədə sülhə alternativ yoxdur. Onlar bunu istəsələr də, istəməsələr də.

Cavanşir Feyziyev

Millət vəkili, Fəlsəfə doktoru

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki