Şuşa bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslanır.
Azərbaycan ilə Türkiyə arasında 2021-ci ilin iyunun 15-də imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də Azərbaycanda, 3-də isə qardaş ölkədə tarixi sənəd kimi rəsmi surətdə ratifikasiya edildi. Şuşa Bəyannaməsinin preambulasına baxdıqda Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi sənədlər xatırlanır. Belə ki, Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq Müqaviləsinə, Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad edir. 15 iyun Azərbaycan tarixində ikinci dəfə xüsusi bir mahiyyət daşıyan günə çevrildi. Ulu öndər Heydər Əliyev 29 il əvvəl bu gündə Azərbaycan parçalanmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən qurtardısa, bu gün isə Azərbaycan güclü və qalib dövlət olaraq bir daha bölgədə və dünyada sülhün və rifahın bərqərar olması üçün öz töhfəsini təqdim edir. Bu baxımdan da bir il bundan əvvəl imzalanan Şuşa Bəyannaməsinin müstəsna siyasi, iqtisadi, hərbi, elmi, mənəvi və tarixi əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. İlk növbədə bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirərək yeni bir mərhələnin əsasını qoydu. Digər tərəfdən Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda belə bir sənədin imzalanması xüsusi rəmzi məna daşıdı. Məlumdur ki, Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstəriblər. Lakin Şuşada imzalanan Bəyannamə bu məsələni tarixin arxivinə göndərdi. Bundan əlavə, Şuşa Bəyannaməsində ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün iki qardaş ölkə barədə kəlamları da bu gün artıq təsdiqləndi. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığı ən yüksək mərhələyə qaldıraraq Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına yardım edəcək.
Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi diqqət çəkir. Şübhəsiz ki, tarixə əsaslanan bu mühüm sənədin imzalanması ilə Azərbaycan və Türkiyə arasında siyasi, sosial-iqtisadi əməkdaşlıq özünün yeni mərhələsinə daxil olur. Bəyannamədə böyük lider və öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin öz əksini tapması isə XXI əsrdə bu qardaşlığın əbədi və dönməz olmasından, strateji müttəfiqlik münasibətlərinə xüsusi əhəmiyyət verilməsindən xəbər verir.
Azərbaycan və Türkiyədən hər hansı birinə təhdid, suverenliyinə təhlükə, sərhədlərinin pozulması halları baş verərsə, BMT-nin Nizamnaməsinə əsasən onlar bir-birinə yardım göstərə bilərlər. Bu yardımın miqdarı, hansı formada həyata keçirilməsi Azərbaycan ilə Türkiyə arasında danışıqlar nəticəsində müəyyən olunur. Bu da onu göstərir ki, iki dövlət arasında münasibətlər ən yüksək zirvədədir. Şuşa Bəyannaməsi nəinki hərbi inkişafla bağlı, eləcə də digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur. Həmçinin regionda mövcud olan müxtəlif çağırışlara qarşı birgə addımların atılması da bu Bəyannamədə əks etdirilən mühüm istiqamətlərdən biridir. Eyni zamanda, regional iqtisadi inkişaf perspektivləri də Şuşa Bəyannaməsində əksini tapıb.
Zəngəzur dəhlizi istər Türkiyə, istərsə də regionun digər ölkələri üçün vacib əhəmiyyət daşıyır. Həmçinin logistika sahəsində əlaqələrin inkişaf etdirilməsi, təhlükəsizliyin təmin olunması Şuşa Bəyannaməsində öz əksini tapır.
Nəsimi rayon sakini Hüseynli Billurə