image-2backend

Suşadakı Forum COP29-un daha bir təqdimatı oldu

image-reklam_sirab_01

Azərbaycan Prezidenti cənab İlham Əliyevin atdığı bütün addımlar və etdiyi təşəbbüslərin bir əsas məqsədi vardır: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycan həqiqətlərinin bütün dünyaya və beynəlxalq ictimaiyyətə düzgün çatdırmaq.

İyulun 20-də Şuşa şəhərində keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” adlı Qlobal Media Forumunda Prezident İlham Əliyev bir sıra məsələlərdən söz açmaqla  yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri barədə də ətraflı məlumat verib.

Ölkəmizin COP-la bağlı gündəliyi proqnozlaşdırıla bilən, aydın və hədəflərə, məqsədlərə və nəticələrə köklənmiş bir gündəlikdir. COP29-u qlobal miqyasda ən mühüm hadisələrdən biri, dünyada bir nömrəli konfrans kimi dəyərləndirən Prezident İlham Əliyev belə bir tədbirin postsovet məkanında ilk dəfə keçirildiyini vurğulayaraq bildirib ki, bu, misilsiz bir şansdır ki, biz ən yüksək liqaya daxil oluruq: “Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik, Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq. Bizim üstünlüyümüz ondan ibarətdir ki, dörd il ərzində Qoşulmama Hərəkatının sədrliyini etmişik”.

Qeyd edək ki, Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib. Təkcə bir faktı xatırladaq ki, pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Keçən ilin mart ayında isə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan edib. Dövlətimizin başçısı bu çağırışla beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət edib. Ölkəmiz bu çağırışa vəsait ayıran ilk ölkə olub.

Forumda bir daha bu məsələdən söz açan dövlətimizin başçısı Afrika ölkələrinin də bu prosesdən kənarda qalmadığını qeyd edib. Bildirib ki, biz Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışmışıq və Efiopiyada biz öz səfirliyimizi təsis etmişik ki, həmin qitədə əməkdaşlıq üçün zəmin yarada bilək: “Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var”. Bütün bunlar isə yalnız bir məqsədə xidmət edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həm də həmrəylik tədbiri olsun: “Digərlərini təşviq etməliyik ki, bizim nümunəmizə uyğun olaraq hərəkət etsinlər”.

Prezident İlham Əliyev, həmçinin bildirib ki, bizim atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər əsas məqsədi güdür: ölkəmizi gücləndirmək, iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək və Azərbaycanı yüksək liqaya daxil etdirmək. Dövlət başçımız COP29-un bu istiqamətdə önəmli addım olacağını vurğulayıb. Amma bəziləri hələ də bu ali məqsədi anlamaq istəmirlər. Bu məqama toxunan dövlətimizin başçısı deyib: “Biz bu istəkdə olanda bəziləri bəlkə də bunu anlamırdı. Bu gün də buna ağız büzənlər var: “nəyə lazımdır”, “qoyun rahat yaşayaq?”, “yenə tədbir olacaq, yenə qonaq gələcək”. Biz artıq bunun bəhrəsini görürük. Azərbaycanın geosiyasi əhəmiyyəti artıq önəmli dərəcədə artıb. Bizim beynəlxalq müstəvidə təmasda olduğumuz ölkələrlə ikitərəfli əlaqələrimiz artıq başqa məcrada inkişaf edir”.

Artıq iqlim gündəliyinikn paytaxtına çevrilən Bakı bu mötəbər tədbirə ciddi hazırlaşır. Bu məqamda Prezident İlham Əliyevin sözügedən tədbirdə söylədiyi aşağıdakı sözlərini də xatırlatmaq yerinə düşər: “Bizim COP heyətimiz çox səmərəli işləyir və vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir. Ölkəmizin COP-la bağlı gündəliyi proqnozlaşdırıla bilən, aydın və hədəflərə, məqsədlərə və nəticələrə köklənmiş bir gündəlikdir.” Bu isə o deməkdir ki, dünya Azərbaycanın sədrliyi ilə bu ilin noyabr ayında möhtəşəm COP29 tədbirinin şahidi olacaq.

Bəli, bu gün dünyanın aparıcı mütəxəssisləri konfransda təkcə maliyyə deyil, daha geniş sahədə digər məsələlərin də yüksək səviyyədə müzakirə olunacağını düşünür,  Azərbaycanın bu istiqamətdə qətiyyətli addımlar atacağına,  bununla da  bütün dünya üçün əhəmiyyətli sayılan iqlim təşəbbüsləri ilə çıxış edəcəyinə böyük ümid bəsləyirlər. Bütün bunlardan belə qənaətə gələrək əminliklə demək olar ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi Azərbaycana beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirməyə müsbət təsir göstərəcək, eləcə də iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə böyük töhfə verəcək.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki