image-1backend

TDT-nın beynəlxalq nüfuzunu daha da gücləndirəcək Qarabağ Bəyannaməsi

image-reklam_sirab_01

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qarşısına qoyulan əsas vəzifələrdən biri də qədim, mədəniyyət abidələri ilə zəngin olan, füsunkar təbiətilə göz oxşayan, strateji nöqtəyə və azərbaycanlılar üçün olduqca yüksək mənəvi əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi idi. İkinci Qarabağ müharibəsində dövlət başçısı vurğuladı ki, Şuşanın işğaldan azad edilməsi qarşıda duran hədəflər arasında xüsusi yer tutur.
Nəhayət, 8 noyabr tarixində şəhər düşmən işğalından azad edildi. Bu Zəfər həm də İkinci Qarabağ müharibəsinin taleyində həlledici rol oynadı. Bütün strateji yüksəkliklərə nəzarəti itirən Ermənistan bir gün sonra kapitulyasiya aktı imzalamağa məcbur oldu. Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi geri qaytardı. 1992-ci ildə Ermənistanın nəzarətinə keçən Şuşa şəhərinin işğaldan azad olunduğu 8 noyabr hər il Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Daha sonra Qarabağ xanı Pənahəli xan tərəfindən şəhərin təməlinin qoyulmasının 270-ci ildönümü şərəfinə 2022-ci il ölkədə “Şuşa İli” elan edildi.
Şuşa Türk və İslam dünyasında da, xüsusi yerə malikdir. Belə ki, TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. 2021-ci il iyunun 15-də iki qardaş dövlət – Azərbaycan və Türkiyə imzaladıqları Şuşa Bəyannaməsi ilə bu şəhərdə münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə ucaldıblar. Bu günə kimi şəhərdə çoxsaylı beynəlxaq konfranslar təşkil olunub. Bir çox ölkələrin rəsmi nümayəndələri Şuşaya səfər edib.
İyulun 6-da Şuşa daha bir mötəbər tədbirə ev sahibliyi edib. Bu dəfə Türk dünyasının nəbzi Qarabağın incisi olan Şuşada döyünüb. Söhbət Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən gedir. Qeyd edək ki, qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dövlət başçısının şəxsi təşəbbüsüdür. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.
Qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub. Şuşadakı görüşlərdə TDT-nin dövlət başçıları Azərbaycanın bir sıra beynəlxalq layihələrlə bağlı səylərini yüksək qiymətləndiriblər. Bu, “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapıb.
Bəyannamədə qeyd edilir ki, dövlət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsini, bu yol boyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi ilə bağlı Azərbaycanın, Gürcüstanın və Türkiyənin üçtərəfli səylərini qiymətləndirirlər. Həmçinin bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayır və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində (Yaşıl dəhliz) son inkişafları alqışlayırlar. Bu Bəyannamə ümumilikdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Azərbaycan Türk Dövlətləri Təşkilatının iştirakçı ölkələri ilə möhkəm dostluq və qardaşlıq əlaqələrinə malikdir. Müstəqilliyin ilk illərində Mərkəzi Asiya dövlətləri bəzi səbəblərdən bu strukturun iştirakçısı kimi Azərbaycana gəlməyə çəkinsələr belə, artıq bu gün həmin ölkələrin dövlət başçıları azad edilmiş torpaqlara səfərlər təşkil edir, hətta buranın dirçəlməsinə öz töhfələrini verməyə çalışırlar. Böyük Qayıdış Proqramının icrasına dəstək olaraq Özbəkistan və Qazaxıstan tərəfindən Füzulidə məktəb və yaradıcılq mərkəzləri, Qırğızıstan Respublikası tərəfindən Ağdamda məktəb, Cəbrayıl rayonunun yaşayış məntəqələrindən birində isə Macarıstanın maliyyə dəstəyilə məktəb inşa ediləcək. Göstərilən bu təşəbbüslər türk birliyinin, qardaşlıq həmrəyliyinin təzahürüdür.
Türk dünyasının birləşməsində mühüm rol oynayan amillərdən biri də nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsidir. Yeni çağırışlar fonunda əhəmiyyəti hər ötən gün artan Orta Dəhlizin fəaliyyətində Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə səy göstərir. Azərbaycan da öz növbəsində Orta Dəhlizin inkişafı üçün önəmli işlər həyata keçirir. Bakı-Tbilisi-Qars dəmiryolunun illik yükaşırma qabilliyəti 1 milyondan 5 milyona çatdırılıb, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan tələblərlə bağlı 6 gəminin inşaat işləri həyata keçirilir.

image-2

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki