image-fb_img_1691667961637backend

Uzun Həsən yoxsa Həsən Padşah

image-reklam_sirab_01

Azərbaycan tarix elmində hansı kitabı, dərsliyi açırsan Ağqoyunlu hökmdarı Həsən ibn Əli ibn Qara Yuluq Osmana, Həsən Padşaha Uzun Həsən deyib yazırlar. Düzdür Uzun sözü dilimizdə istifadə edilir və hündürboy insanlara deyilir. Lakin bu söz şəxsiyyətə aid edilmir və ara sözdür. “Ağqoyunlular”? – 1284-1291-ci illər arasında Xorasandan Anadoluya köçmüş oğuz türklərinin tayfa birliyi olub, Azərbaycan, indiki Türkiyənin Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində məskunlaşmışlar. Osmanlı tarixşünaslığında mühüm əsərlərdən biri olan “Təvarix-i Al-i Osman” yazıçılarından olan Aşıqpaşazadə xronikasında “Ağqoyunlu” kəlməsinə təsadüf edilmir. Türkman Həsən Padşah yazılır.
Həsən bəy Bayandur 1423-cü ildə Diyarbəkirdə doğulmuşdu. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. “Kitabi-Diyarbəkiriyyə”də babası Osman bəydən başlamaqla Bayandur xanın Həsən bəy Bayandurun 52-ci babası olması göstərilir. Qafqaz sıra dağlarından Fars körfəzinə, Xorasandan Mərkəzi Anadoluyadək uzanmışdı dövlətin ərazisi. O, dövlətinin güclənməsi üçün xüsusi “Qanunnamə” hazırlatmışdı. “Qanunnamə”nin mətni bizə gəlib çatmasa da, onun islahatları haqqında salnaməçilərin “Həsən padşah qanunları” və ya “Dəsturi-Həsən bəy” adlandırdıqları qanunlar barədəki qısa məlumatlara əsasən mühakimə yürütmək mümkündür.
Fikir verin, Həsən Padşah, Həsən bəy. Burda Uzun sözünə rast gəlinir? “Tarix əl-Qiyasi”-də ona Uzun Həsən adı verilir və bu kitabdan istinad isə Vladimir Minorskidən götürülür. Minorskinin kimliyi haqqında isə elmdə bəllidir.
Elmi və ədəbi dildə uzun sözünü Şəxsə aid etmək qeyri etikdir. Hündürboy sözü daha müqabildir. Lakin ümumişlək sözdə istifadə edilsə də səhvdir. Xüsusilə də tarixi şəxsiyyətə qarşı bu sözün istifadə edilməsi yolverilməzdir. İlk dəfə Həsən Padşaha Uzun ayamasını Avropalılar verib. Özü də onun sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarinin yazdıqlarından sonra. Bundan başlayaraq Avropa və Asiyada Həsən Padşaha hökmdar kimi yanaşmayıb, lağ ilə sadəcə Uzun Həsən deməyə başlayıblar. Amma ciddi mənbələrdə Həsən Padişah adlanır. Onun boyuna uyğun çəkisi var idi. Cəngavər idi. Adətən, uzun deyəndə arıq nəzərdə tutulur. O, isə belə deyildi. Tökmə bədəni var idi. Sadəcə olaraq, Avropa səyyahları onu uzun yazıblar. Bizim mənbələrdə belə söz yoxdur. “Lübbüt Təvarix ” səhifə 389-da onu Böyük Padşah kimi qeyd ediblər. Həsən bəy Rumlunun “Əhsənət təvarix” əsərində də Həsən padişah yazılır.
Bu gün bir çox saytlarda, vikipediyada Ağqoyunlu dövlətinin banisi, sərkərdə və dövlət xadimi Həsən padşahı sağda göstərilən fotodakı kimi qeyd edirlər. Bu səhvdir. Əslində Həsən padşahı tarixçilərin və səyyahların dedikləri əsasında hazırlanan rəsmi soldakıdır. Sağda foto da isə Osmalı admiralı Xeyrəddin paşa Barbarosun oğlu, Avropada Assambegus kimi tanınan dəniz qulduru Həsən bəyin portretidir.
Uzun zamandır tarix kitablarında, dərsliklərdə, vikipediyada bizlərə Həsən padşah kimi tanıdılan portretdəki şəxs əslində, osmanlı dəniz qulduru Həsəndir…

Ona görə də xahiş edirəm mediadan, vikipediyaçılardan, alimlərdən, tarixçilərdən, dərslik yazanlardan böyük şəxsiyyətə, hökmdara adı ilə müraciət edək: HƏSƏN PADŞAH

Zaur Əliyev, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image