1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.
Ulu Öndər Heydər Əliyev: “Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli Lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.”
Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutub, milli dövlət quruculuğunun tərkib hissəsi olaraq bütöv bir sistemi təşkil edib. Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində hələ sovetlər dövründə, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması Azərbaycan dilçiliyinin inkişafında müstəsna rol oynayıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi ana dilimizin hərtərəfli inkişaf etdirilməsi sahəsində də Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük işlər həyata keçirilib, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib, Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində bir sıra Fərman və Sərəncamlar verilib. Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqust ayının 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi təsis edilib.
Bu gün müstəqil ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin dövlət dili siyasəti çox uğurla davam etdirilir. Bu sahədə möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, dilimizin inkişafı və qorunması üçün münbit qanunvericilik bazasınının daha da möhkəmləndirməsi naminə qəbul olunan qərarlar müstəsna əhəmiyyətə malikdir. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində qorunması və hərtərəfli inkişafı istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri ailəsi, ümumilikdə, Azərbaycan ziyalıları tərəfindən minnətdarlıqla qarşılanır.
Azərbaycan xalqı üçün ana dilinin rolu çox mühümdür, çünki dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, mədəniyyəti, ənənələri və dəyərləri ilə sıx bağlıdır. Azərbaycan dili xalqımızın milli varlığını təyin edən başlıca amillərdən biridir və onu qorumaq, inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur.
Bəhman Hüseynov, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri