Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır.
Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə hünər rəmzinə çevrilmişdir, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.
Dövlətçilik ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında şəxsiyyətin rolu böyükdür. Bütovlükdə, bir sistem kimi yanaşıldıqda, cəmiyyətin digəri ilə əvəzlənməsi prosesi mürəkkəb və ziddiyyətli tərəfləri ilə seçilən sosial hadisədir.
Ümummilli lider Heydər Əliyev özünün böyük həyat təcrübəsinə, nüfuzuna, iradəsinə, ən mürəkkəb situasiyalarda dəqiq qərarlar çıxarmaq bacarığına görə demokratik cəmiyyətə keçid mexanizmini müəyyənləşdirərək, bu istiqamətdə ardıcıl və sistemli siyasət həyata keçirdi. Heydər Əliyev öz ideyalarının müdrikliyi ilə ümummilli lider kimi tarix qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək zəngin və qüdrətli Azərbaycana gedən yola işıq salır. Əslində, bu danılmaz həqiqət kiminsə istəyib-istəməməsindən və yaxud siyasi mənsubiyyətindən asılı deyil, Azərbaycan reallıqlarında gedən proseslərin məntiqindən irəli gəlir. Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə qırılmaz şəkildə bağlıdır.
1993-cü ilin iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə Azərbaycan tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin, səmərəli qızıl tarix dövrü başladı. Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi. Əgər 1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ikinci dəfə gəlişi Milli Qurtuluş günü oldu.
Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” – prinsipinə əsaslanan ulu öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, dirçəliş, ardınca isə inkişaf yoluna çıxarmaq idi. Bu, ulu öndər Heydər Əliyevin yeni Azərbaycanın inkişaf modeli idi. Təsadüfi deyildir ki, Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım olmuşdur.
“Əsrin müqaviləsi”nin imzalanması nəticəsində ümummilli lider Heydər Əliyev nəinki neft strategiyasının təməlini qoydu, bu müqavilənin reallaşması eyni zamanda, yeni neft erasının başlanğıcı oldu.
Beləliklə, Heydər Əliyev dünyanın diqqətini Cənubi Qafqaz regionuna cəlb etdi, Azərbaycanın iqtisadi cəhətdən dünya birliyinə inteqrasiyasının təməlini qoydu. Bu gün Azərbaycan iqtisadiyyatının özülünü təşkil edən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ideya əsasları və sağlam bünövrəsi, məhz o zaman qoyuldu.
Abdullayeva Aytən Nəsimi rayon sakini