image-fbc889b1-d29a-405c-88e0-7c0658b766dcbackend

Xəzərin “Qara incisi”

image-reklam_sirab_01

 

 

 

Azərbaycan dünyada neftin tarixi vətənidir. Hələ orta əsrlərdə ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğu, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun “ağ” və “qara” nefti barədə bəhs ediblər. Mənbələrdə italyan səyyahı Marko Polonun (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Olearinin (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbinin isə (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin illik gəlirləri ilə bağlı məlumatlarına rast gəlinir. Azərbaycan neft sənayesinin inkişaf tarixi bir neçə mərhələlərə ayrılır:I mərhələ – 1846-cı ildə dünyada ilk dəfə olaraq, 21 metr dərinliyində Bibiheybət neft yatağında yerləşən quyudan sənaye üsulu ilə neft çıxarılıb. Həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır.
II mərhələdə axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilərək istismara verildi. Neft hasilatı 1941-ci ildə 23,6 milyon tona çatdırıldı ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edirdi.
III mərhələ – 1950-ci ildə “Neft Daşları” yatağının istismara verilməsi – Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlayaraq, 1969-cu ilə kimi davam edir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilərək istismara verildi (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış – kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirildi.
Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki  avadanlıq yalnız dənizin dərinliyi 40 metrə qədər olan sahələrində işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 metrədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 ton gücündə “Azərbaycan” kran gəmisi işə başladı.
Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dərin dəniz özülləri zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı neft emalı, neft-kimya sənayesinin və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur.
“Qara qızıl” dünya siyasi arenasında artıq ən vacib yeri tuturdu. Bir sıra analitiklər hesab edirlər ki, hər iki dünya müharibəsinin əsas məqsədi və hədəfi məhz neft amili olub.
Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlanan yolunu ulu öndər Heydər Əliyev belə şərh edirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
Zaman keçdikcə Yeni neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrilmişdir. Yeni neft strategiyası əsas məqsədinə — ölkənin enerji təhlükəsizliyi tam təmin edilmiş və həyata keçirilən tədbirlər nəticəsində ölkənin proporsional iqtisadi inkişafına nail olmuşdur.

 

 

Bakı Musiqi Akademiyası

Özləm Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki