Hal-hazırda yaşamaqda olan hər bir azərbaycanlı ömrünün ən xoşbəxt çağlarını yaşayır desək, yəqin ki, yanılmarıq. Bu, əlbəttə ki, qələbənin bizə bəxş etdiyi xoşbəxtlikdir. Sözümüzün lap əvvəlində bu xoşbəxtliyi bizə yaşadanlara ən xoş ürək sözlərimizi çatdıraq. Bu yolda canından keçənlərə bir daha Allahdan rəhmət diləyək.
Zaman vardı biz işğal günlərini qeyd edirdik: yana-yana bu gün Ağdamı, bu gun Fizulini, bu gün Zəngilanı… itirmişik deyərdik. Amma indi qürurla 20 oktyabr tarixini Zəngilan günü kimi qeyd edirik.
Deyirlər adamın harası ağrıyırsa canı elə orasında olur. Bu mənada bölgələrimizin hamısı bizim üçün əzizdir, obrazlı desək Vətən adlı canımızın bir parçasıdır. Amma bununla belə hər rayonumuzun öz gözəlliyi, öz mənzərəsi var. Zəngilan Azərbaycanın eyni zamanda iki xarici dövlətlə həmsərhəd olan az saylı rayonlardan biridir. Qəhrəman oğullarımız Zəngilanı azad etməklə İranla da bütün quru sərhəddinin nəzarətini ələ alır. Eyni zamanda biz Ermənistanla olan sərhədə çatdıq. Dövlətimizdən zorla ayrı salınmış Naxçıvana buradan cəmi 40 km məsafə var. O bir başqa yazının mövzusudur ki, biz o yolu da fəth edəcəyik.
Biz irəlidə hər rayonumuzun özünəməzsusluğuna toxunmuşduq. Bu mənada vətənimizin cənub incisi olan Zəngilan həm də yeraltı sərvətlərlə də zəngindir. Burada olan qızıl yatağı, qara mərmər yatağı var. Təəssüflər ki, bu sərvətləri qan içən düşmən illər uzunu vəhşicəsinə istismar etmişlər. Ona görə vəhşicəsinə deyirik ki, lənətə gəlmişlər rayondakı 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooporativi, 3 kəndli fermer təsərrüfatını, 21 dəmir yol müəssəsini, 6 dəmir yol vağzalını viran qoymuşlar. Amma unutmasınlar ki, əvəzini artıqlamasıyla ödətdirəciyik. Oxuduqlarıma görə Avropanı, dünya səviyəsində məhkəməyə hazırlıq gedir. O məhkəmədə oğru quldurlardan milyardların hesabını istəyəciyik.
Bu gün Zəngilan sürətlə qurulmaqdadır. İşğaldan azad edilmiş ərazilərimizdəki ikinci hava limanı–Zəngilan hava limanı məhz burdadır. Zəngilanın bəzi onda gətirib ki, məcburu köçkünlərimizin ilk qayıdışı da burada baş tutub. Biz Ağalı kəndini nəzərdə tuturuq. Bərpa olmuş ilk kəndimiz məhz bu kənddir. Ağalı kəndi ölkəmizdə həm də ilk ağıllı kənddir. Çox keçməz ki zəngilanlılar geri qayıdar. Burada azad firavanhəyat bəpa edilər.
Xəyyam Nəbiyev
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi