Bukinqem Sarayı Şahzadə Harrinin Böyük Britaniyaya qayıtmasına baxmayaraq, Kral Ailəsinin üzvü kimi qəbul edilməyəcəyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, “Bukinqem Sarayı”nın yaydığı açıqlamada bildirilib ki, Şahzadə Harri Böyük Britaniyada fərdi şəxs statusunda qalır və Kral Ailəsinin üzvlərinə məxsus hər hansı rəsmi vəzifəni yerinə yetirmir və yerinə yetirə bilməz.
Britaniya mətbuatının məlumatına görə, Sarayın Lord-Qubernatoru Riçard Benyon da bu məsələ ilə bağlı ölkənin dövlət qurumlarına məktub göndərib.
Məktubda xatırladılıb ki, Susseks hersoqu Şahzadə Harri və hersoginyası Meqan Markl 2020-ci ildə Kral Ailəsinin yüksək vəzifəli üzvləri kimi fəaliyyətlərini dayandırıblar.
Bildirilib ki, onlar hazırda fərdi şəxslərdir və Kral Ailəsinin rəsmi üzvləri hesab olunmurlar. Həmçinin Harri və Meqanın “Onun Kral Əlahəzrətləri” (HRH) titulundan istifadə edə bilməyəcəyi qeyd olunub.
Lord-Qubernator onların həyata keçirdikləri və gələcəkdə həyata keçirəcəkləri xeyriyyə təşəbbüslərinin şəxsi fəaliyyətləri olduğunu vurğulayıb.
Məktubda, həmçinin Şahzadə Harrinin təhlükəsizliyi ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi kral ailəsi statusu çərçivəsində deyil, polis vasitəsilə həll ediləcəyi bildirilib.


























