image-reklam-veteninfo
image-1backend

Ramiz Mehdiyevin kürəkəninin “arxiv yandı” ifadəsi alt-üst oldu – TƏFƏRRÜAT

image-reklam-veteninfo

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan cinayət işi çərçivəsində onun kürəkəni, keçmiş deputat İlham Əliyevin adı ilə bağlı yeni və ciddi iddialar ortaya çıxıb. Məsələnin mərkəzində vətəndaş Hüseyn Səfərovun uzun illər əvvəl “NLT” şirkətindənm aldığı, lakin sonradan öz adına rəsmiləşdirə bilmədiyi daşınmaz əmlak dayanır.

Hüseyn Səfərovun ifadəsinə görə, o, 2006-cı ildə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən “NLT” şirkətinə məxsus binadan mənzil və avtomobil dayanacaqları alıb. Daha sonra sahənin genişləndirilməsi məqsədilə əvvəlki müqaviləni şirkətə təqdim edib. Lakin bundan sonra nə yeni müqavilə, nə də aldığı mənzil ona verilib. Beləliklə, vətəndaşın iddiasına görə, pulunu ödədiyi əmlak üzərində hüququnu təsdiqləyən sənəd faktiki olaraq onun əlindən çıxıb, əmlakın özü isə ona təqdim edilməyib.

Hüseyn Səfərov uzun illər ərzində məsələnin Ramiz Mehdiyevin nüfuzundan istifadə edilməklə ört-basdır edildiyini və öz hüquqlarını müdafiə etməkdə ciddi çətinliklərlə üzləşdiyini bildirir. Onun sözlərinə görə DTX-da aparılan istintaq çərçivəsində İlham Əliyevlə keçirilən üzləşmə zamanı da məhz bu əmlak məsələsi müzakirə olunub. İlham Əliyevin əvvəlcə mənzil alqı-satqısı ilə şəxsən məşğul olmadığını və hadisəni xatırlamadığını bildirdiyi qeyd olunur. Lakin istintaq zamanı rəsmi müqavilələr və ödəniş sənədlərinin ortaya qoyulmasından sonra mövqenin dəyişdiyi bildirilir.

Bu mərhələdən sonra isə “tikintiyə aid arxivi yandırmışıq” ifadəsinin səsləndirildiyi iddia olunur.

Başqa sözlə, söhbət artıq sadəcə bir mənzilin taleyindən deyil, həmin əmlakın kim tərəfindən, hansı sənədlə və hansı əsasla başqasının istifadəsinə və ya mülkiyyətinə keçməsindən gedir.

Musavat.com-un əldə etdiyi məlumata görə, şirkətdə çalışmış sabiq əməkdaşların ifadələri “arxivin yandırılması” iddiasını sual altında qoyur.

WhatsApp Image 2026-09-10 at 13.30.07 (1).jpeg (174 KB)

Şahidlərin bildirdiyinə görə, sənədlərin yandırılması barədə onların məlumatı olmayıb. Əksinə, şirkətin sənədlərinin başqa bir ofisə daşındığı barədə məlumat verilib. Əgər bu ifadələr istintaq tərəfindən də təsdiqlənərsə, o zaman “arxiv yandı” arqumenti daha ciddi suallar doğura bilər. Sənədlər həqiqətən məhv edilib, yoxsa onların saxlanıldığı yer dəyişdirilib?
Bu sual xüsusilə Hüseyn Səfərovun iddia etdiyi əmlakın hüquqi taleyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Çünki alqı-satqı müqavilələri, ödəniş sənədləri, mənzil bölgüsü, mülkiyyət siyahıları və şirkətin daxili uçot sənədləri həmin əmlakın sonrakı taleyini müəyyənləşdirmək üçün əsas sübutlar ola bilər.

Hüseyn Səfərovun sözlərinə görə, o, 2006-cı ildə “NLT” şirkətinin binasından mənzil və avtomobil dayanacaqları alıb və bunun üçün ödəniş edib. Sonradan köhnə müqaviləni şirkətə qaytarması isə onun sözlərinə görə, əmlakın sahəsinin genişləndirilməsi ilə bağlı olub. Lakin yeni sənədlərin verilməməsi nəticəsində vətəndaş aldığı əmlak üzərində hüququnu rəsmiləşdirə bilməyib.
Şirkətin arxivi həqiqətən məhv edilib, yoxsa sənədlər başqa ünvana köçürülərək saxlanılır?

Bu sualların cavabı Hüseyn Səfərovun konkret əmlak mübahisəsinin hüdudlarını aşaraq, həmin tikinti şirkətində daşınmaz əmlakların necə bölüşdürülməsi və rəsmiləşdirilməsi mexanizminə də işıq sala bilər.

Əgər sənədlərin başqa ofisə daşınması barədə şahid ifadələri təsdiqlənərsə, həmin arxiv yalnız keçmiş əməliyyatların sənədləşdirilməsi baxımından deyil, konkret əmlakların sonrakı hərəkətinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıya bilər. Çünki belə sənədlər vasitəsilə mənzillərin ilkin alıcıları ilə sonrakı sahibləri arasındakı fərqi müəyyən etmək, ödənişlərin olub-olmadığını yoxlamaq və əmlakların hansı şəxslərin istifadəsinə keçdiyini araşdırmaq mümkün ola bilər.

Bu səbəbdən Hüseyn Səfərovun işi hazırkı istintaqın ən diqqətçəkən epizodlarından birinə çevrilə bilər. İndiki mərhələdə isə bir məsələ xüsusilə diqqət çəkir: vətəndaş özünün ödədiyini və müqavilə ilə aldığı əmlakı tələb edir, qarşı tərəfdən isə illər sonra sənədlərin guya məhv edildiyi barədə izahat səslənir. Şahidlər isə sənədlərin yandırılmadığını, başqa ofisə aparıldığını bildirirlər.

Əgər bu ziddiyyət istintaq tərəfindən təsdiqlənərsə, arxivin harada olduğu və oradakı sənədlərin nələri göstərdiyi Ramiz Mehdiyev və onun yaxın çevrəsi ilə bağlı araşdırmada mühüm sübutlardan birinə çevrilə bilər.

Qeyd edək ki, Ramiz Mehdiyev barəsində DTX tərəfindən başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 278.1 – Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, 274 – Dövlətə xəyanət, 193-1.3.2 – Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xüsusilə külli miqdarda törədildikdə və 311- Rüşvət alma maddələri ilə ittihamlar irəli sürüldüyü bildirilir.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 2026-cı ilin iyununda daha 5 ay uzadılıb. İstintaq davam edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki