8 sentyabr 2026-cı il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində “Sağlam Qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi gənclərin sağlam qidalanma, düzgün qida seçimi və qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması, sağlam həyat tərzinin təşviq edilməsi olub.
Təlimdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nərimanov rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Bahəddin Hüseynov çıxış edərək sağlam həyat tərzinin formalaşmasında düzgün qidalanmanın əhəmiyyətindən danışıb. O, bu istiqamətdə gənclər arasında maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Təlimi Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova keçirib.
Təlim zamanı sağlam və balanslı qidalanmanın əsas prinsipləri, gündəlik qida rasionunun düzgün qurulması, məhsul seçimi zamanı diqqət edilməli məqamlar, qida etiketlərinin düzgün oxunması, şəkər, duz və yağların həddindən artıq qəbulunun mümkün riskləri, qida təhlükəsizliyi və gigiyena qaydaları barədə ətraflı məlumat verilib.
Təlim interaktiv formatda təşkil olunub. İştirakçılar mövzu ilə bağlı suallar ünvanlayıb, fikir mübadiləsi aparıb və gündəlik qidalanma ilə bağlı praktiki tövsiyələr əldə ediblər.
Tədbirin sonunda Bahəddin Hüseynov tərəfindən iştirakçılara təlimdə iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunub. Təlimdə aktiv iştirak edənlərə isə Məhsəti Hüseynovanın müəllifi olduğu “İslamda qida mədəniyyəti” kitabı hədiyyə edilib.
Tədbir iştirakçıların iştirakı ilə çəkilən xatirə fotosu ilə yekunlaşıb. Səmimi və faydalı müzakirələrlə yadda qalan görüş sağlam həyat tərzinin və düzgün qidalanma mədəniyyətinin təbliği baxımından mühüm maarifləndirici təlim olub.


























