image-333backend

20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır

image-reklam_sirab_01

Azərbaycan xalqının minilliklərə söykənən qədim tarixinin mühüm səhifələrindən birini də əsarətə, işğala qarşı yorulmadan mübarizə aparması təşkil edir. Tarixi faktlar sübut edir ki, böyük dövlətlər, nəhəng imperiyalar yaratmış Azərbaycan xalqı tarixin müəyyən mərhələlərində sərt sınaqlarla üzləşərək işğala məruz qalsa da, azadlıq mübarizəsini sonadək, məqsədinə nail olana qədər davam etdirib. Bu yolda bütün təzyiqləri, maneələri şərəflə aşan xalqımızın azadlıq naminə atdığı hər bir addım bizim qəhrəmanlıq salnaməmizdir. Xalqımızın hər bir nümayəndəsi tarixin bu səhifələrini qürurla vərəqləyir.
Xalqımızın sovet imperiyasına qarşı mübarizəsi də tarixə qızıl hərflərlə yazılıb və gələcək nəsillərə dəyərli örnək olan şanlı azadlıq yolumuzun başlanğıcıdır. Bu yolda xalqımız çox məşəqqətlərdən keçsə də, repressiyalara, təzyiqlərə məruz qalsa da, öz ali amalından bir an da olsa əl çəkmədi, mübarizəsini ləyaqətlə davam etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda imperiyanın ədalətsiz siyasətinə etiraz edən əliyalın Azərbaycan xalqına qanlı divan tutuldu. Silahlı müdaxilə rayonlarda da baş verdi. Ümumilikdə 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Törədilən hadisələr daim demokratiyanı əldə silah tutan totalitar rejimin iç üzünü bir daha göstərdi. Bu, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri idi. İmperiya Azərbaycan xalqının birliyini pozmaq, azadlıq mübarizəsini boğmaq, milli ruhunu öldürmək, müstəqilliyə gedən yolunu bağlamaq niyyətində idi. Amma xalqımız baş verən hadisədən qorxmadı, sarsılmadı, milli kimliyini, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olduğunu göstərdi. 20 Yanvar ümumxalq faciəsi olmaqla yanaşı, həm də xalqımızın müstəqillik, istiqlaliyyət və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tariximizdə öz yerini aldı. Bu, dünya tarixində əsarətə qarşı ən şanlı mübarizə idi.
Baş verən hadisənin səhəri günü – 1990-cı il yanvarın 21-də xalqımızın dahi oğlu, Vətənini və xalqını hədsiz dərəcədə sevən, bütün ömrünü xalqının xoşbəxt yaşamasına sərf edən, bu missiyasını özünə müqəddəs borc bilən ulu öndər Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Azərbaycanda törədilən qanlı hadisəni bütün dünyaya çatdırdı, sovet rejiminin fitnəkar siyasətini qətiyyətlə və kəskin şəkildə tənqid etdi. İmperiyanın törətdiyi qanlı qırğını cəsarətli bəyanatı ilə kəskin şəkildə pisləyən ümummilli lider Heydər Əliyev əliyalın xalqa qarşı silah işlədilməsini hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv adlandırdı. Bu, o dövr üçün nə qədər təhlükəli açıqlama olsa da, Ulu Öndər bunu heç nədən qorxmayaraq böyük fədakarlıqla etdi. Xalqı ilə həmrəyliyini, hər zaman onunla birlikdə olduğunu göstərdi.
Şəhidlərimiz paytaxt Bakının ən uca zirvəsində uğrunda can verdiyi torpaqda son mənzilə yola salındı. Törədilən qanlı hadisənin ardınca dəfn mərasiminə yüz minlərlə insanın qatılması xalqımızın Vətənin azadlığı yolunda heç nədən qorxmadığını, mətinliyini, canından keçən şəhidlərimizin xatirəsinə müqəddəs münasibətini nümayiş etdirdi. Xalqımızın sonrakı dövrdə başqa mübariz davranışları da artıq imperiyaya göstərdi ki, Azərbaycanın müstəqillik mübarizəsinin qarşısında duruş gətirə bilməyəcək. Bu, qarşısıalınmaz mübarizədir.
20 Yanvar faciəsinin milli kimliyimizin formalaşmasında, dövlət müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi oldu. Milli azadlıq hərəkatı siyasi reallığa çevrildi, dönməz xarakter aldı. Bundan sonra xalq artıq öz gələcəyini müstəqil Azərbaycanda suveren hüquqlara sahib olmaqda, sərbəst və azad yaşamaqda gördü. Xalqımız bütün çətinliklərə rəğmən, nəhayət, ən ali məqsədinə – müstəqilliyin bərpasına nail oldu. 20 Yanvar şəhidləri öz qanları ilə azadlıq yolumuza sönməz işıq saldı, mübarizlik məktəbi yaratdı, həmrəylik nümunəsini gələcək nəsillərə yadigar qoydu. Şəhidlərimiz göstərdilər ki, bütün uğurlarımızın kökündə xalqımızın sarsılmaz birliyi dayanır. Xalqımız mübariz ruhunu davam etdirərək 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan Şərqi Zəngəzuru və Qarabağı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəlik məharəti, yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində azad etdi və müzəffər xalq olduğunu bütün dünyaya bir daha göstərdi.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki