image-reklam-veteninfo
image-image_750x_68f518019f5cdbackend

Almaniya Gürcüstandakı səfirini geri çağırır

image-reklam-veteninfo

Almaniya Xarici İşlər Nazirliyi Gürcüstandakı səfiri Peter Fişerin məsləhətləşmələr üçün geri çağırılması barədə qərar qəbul edib.

Nazirliyin açıqlamasında bildirilir ki, Gürcüstan rəhbərliyi uzun müddətdir anti-Avropa və anti-Almaniya xarakterli bəyanatlar verir, bu açıqlamalarda Almaniya səfirinə qarşı şəxsi hücumlara da yer alıb.

“Gürcüstan rəhbərliyi aylardır anti-Avropa və anti-Almaniya bəyanatları, o cümlədən şəxsən səfir Fişerə yönəlmiş ifadələr səsləndirir. Buna görə də səfir gələcək addımları müzakirə etmək üçün geri çağırılır”, – bəyanatda qeyd olunur.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, sabah Avropa İttifaqının Xarici Əlaqələr Şurasında Gürcüstanla bağlı məsələ müzakirə olunacaq.

Xatırladaq ki, Gürcüstanın xarici işlər naziri sentyabr ayında Peter Fişeri Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının prinsiplərini pozduğuna görə nazirliyə çağırmışdı.

“Gürcüstanda fəaliyyət göstərən səfir Vyana Konvensiyasının prinsiplərini kobud şəkildə pozduqda onu çağırmaq standart diplomatik prosedurdur”, – baş nazir İrakli Kobaxidze bildirmişdi.

Peter Fişerin səfir kimi səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatır. Diplomat isə Gürcüstan hökumətinin ona qarşı irəli sürdüyü ittihamları “ədalətsiz və təxribat xarakterli” adlandırıb.

Qeyd edək ki, Fişer dəfələrlə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasını tənqid edərək, onun siyasətini anti-Avropa yönümlü kimi qiymətləndirib. Gürcüstan hökuməti isə səfiri və digər Avropa diplomatlarını etirazçılara dəstək verməkdə və radikalizmi təşviq etməkdə ittiham edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki