image-gullu-yologlu-1backend

Azadlıq hissi o qədər güclü idi ki,…

image-reklam_sirab_01

“MƏN ONA ÖZÜM QƏDƏR İNANIRAM…”

(Heydər Əliyev)

 

 

44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz nəinki dünya dövlətlərinin, türk xalqlarının, eləcə də Azərbaycandan kənarda – 5 qitədə yaşayan 10 milyondan çox soydaşlarımızın Ali Baş Komandana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə inamını, ümidini, güvənini artırdı. Artıq yer kürəsinin harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı anlayır ki, onun bir dövləti, bir bayrağı, bir Prezidenti var…

 

Sovetlər Birliyinin bünövrəsinin laxlaması ilə hər kəs bu “xalqlar həbsxanası”ndan xilas yolunu soydaşları ilə birləşməkdə, bütövləşməkdə görürdü. Bu günlər insanlar arasında qardaşlıq hissləri daha da güclənir, dəmir zəncirlərin qırılması, buxovlardan xilas olmaq istəyi ən yüksək həddinə çatırdı. Sovet imperiyasının ayrı-ayrı yerlərində baş qaldıran azad düşüncəli insanları artıq əvvəlki kimi qorxu altında saxlamaq mümkün deyildi. Məhz bunun nəticəsi idi ki, Naxçıvanda insanlar kəfən geyərək İran adlandırılan dövlətlə sərhəddəki dəmir çəpərləri qırır, dirəkləri yıxır, Araz çayının buz kimi suyuna girirdilər. Azadlıq hissi o qədər güclü idi ki, onlar kəfən geyməklə ölümü gözlərinə aldıqlarını göstərirdilər. Bu axının, bu gücün qarşısını almaq mümkün deyildi. Lakin belə bir vaxtda bu gücü lazımi istiqamətə yönəldən, onu idarə edə bilən təcrübəli bir liderə ehtiyac vardı. Belə bir lider Heydər Əlirza oğlu Əliyev idi. O, danılmaz nüfuzu, siyasi təcrübəsi, dəmir iradəsi sayəsində azadlığı hiss edən, onun yolunda ölümə getməyə hazır olan xalqı arxasınca apara bildi.

Beləcə, 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması, illər uzunu bir-birinə həsrət qalan azərbaycanlıların Arazın hər iki sahilində sərhəddə etdikləri yürüş, sərhəd dirəklərini yıxmaları, o taylı – bu taylı insanların həftələrlə ayrılıq rəmzinə çevrilmiş Arazın sahillərində gecə-gündüz qovuşmaq istəyindən doğan etiraz sədaları birlik ideyasını yaratdı. Lakin bu istək, bu arzu 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsi ilə rəsmiləşdi. Onun bu təşəbbüsü Bakıda da müsbət qarşılandı və hazırda bütün azərbaycanlılar, özəlliklə də diaspor təşkilatları birlik rəmzinə çevrilən bu günü bayram kimi qeyd edirlər.

Ümummilli Lider Heydər Əliyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərinin birində demişdir: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

Dünya Azərbaycanlılarının I qurultayında “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən müdrik lider bu müdrik kəlamları ilə Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla yanaşı milyonlarla soydaşımızı bu ideologiya ətrafında sıx birləşdirməyə nail oldu.

Əvvəllər xarici ölkələrdə yaşayan, Rusiya, Türkiyə, İran diasporlarının tərkib hissəsi kimi qəbul edilən soydaşlarımız başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşirdilər. Artıq dünyanın harasında, hansı ölkəsində yaşamasından asılı olmayaraq Azərbaycanda doğulan, böyüyən hər bir azərbaycanlı və onun xaricdə anadan olan övladları, nəvələri Azərbaycanla bağlılıqları ilə fəxr edirlər. Azərbaycan dövləti də onları diqqətdən kənarda qoymur, daim müxtəlif tədbirlərə dəvət edir, dövlət rəsmiləri, səfirlərliklər hər bir azərbaycanlının qayğı və problemi ilə maraqlanır.

Bu da təsadüf deyil. Çünki İlham Əliyev hər addımı, hər qərarı ilə Ulu Öndərin layiqli davamçısı olduğunu sübut edir. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə bö­yük ümidlər bəsləyirəm”.

Hər birimiz Ümummilli Liderin bu yüksək etimadını doğruldan İlham Əliyevin rəhbərlik etdiyi illərdə ölkəmizi dünyaya tanıtdığının, əslində 44 günlük Vətən müharibəsindən əvvəl də məhz bu yöndən qazandırdığı qələbənin şahidi olmuşuq. Azərbaycanın adını gündəmdən düşürməyən ölkə rəhbərliyi bir-birinin ardınca müxtəlif beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinə nail olmaqla Azərbaycanın mədəni, güvənilən, etibarlı, böyük layihələr keçirməyə qadir olan bir ölkə olduğunu göstərdi və bununla da tərəfkeşlərimizin sayını artırdı.

2012-ci ildə Avroviziya mahnı müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və Formula-1 Bakı Qran-Prisinin təşkil edilməsi, minlərlə xarici ölkə vətəndaşının bu tədbirlərdə təhlükəsiz iştirakının təmin olunması ən uğurlu addımlardandır.

2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilməsi, 2019-cu ildən 2022-ci ilə qədər Azərbaycan Respublikası BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan Qoşulmama Hərəkatına sədrliyi və bu sədrliyin vaxtının uzadılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (indiki Türk Dövlətləri Təşkilatına) sədrlik etməsi və digər tarixi məqamlar da İlham Əliyevin səyləri, qətiyyəti, məqsədyönlü siyasəti nəticəsində baş tutmuşdur. Buraya onlarla iqtisadi layihələri, mədəni proqramları, səfərləri də əlavə etmək olar. Bu uğurların zirvə nöqtəsi isə Vətən müharibəsindəki parlaq qələbəmizdir. Bu qələbəni əsgər və zabitlərimiz döyüş meydanında, İlham Əliyev həm Ali Baş Komandan kimi, həm də Azərbaycan Respublikasının Prezidenti, siyasi lider kimi qazandı.

Hələ 2003-cü ildə ilk dəfə ölkə Prezidenti seçilərkən İlham Əliyev demişdir: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” Onun müdrik rəhbərliyi ilə görülən işləri dünyada yaşayan, özəlliklə də müxtəlif rejimlərdən əziyyət görən soydaşlarımız dərk edir, sülhün və əmin-amanlığın hökm sürdü­yü məkana çevrilmiş, iqtisadi göstəricilərinə görə daim qüdrətlənən Azərbaycan dövləti ilə fəxr hissi duyurlar. Azərbaycana qarşı məkrli siyasət yürüdən İranda baş verən hadisələr zamanı İlham Əliyevin şəkillərinin əllərdə gəzdirilməsi, divarlara vurulması, bütövlük şüarlarının səsləndirilməsi də bundan xəbər verir. Bütöv Azərbaycanın Prezidenti İlham Əliyev də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında İrana ciddi mesaj verməklə regionda söz sahibi olduğunu bir daha təsdiqlədi, soydaşlarımıza ünvanladığı sözləri ilə özünə olan inamı daha da artırdı: “Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır”.

44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz nəinki dünya dövlətlərinin, türk xalqlarının, eləcə də Azərbaycandan kənarda, 5 qitədə yaşayan 10 milyondan çox soydaşlarımızın Ali Baş Komandana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə inamını, ümidini, güvənini artırdı. Artıq yer kürəsinin harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı anlayır ki, onun bir dövləti, bir bayrağı, bir Prezidenti var…

 

Güllü Yoloğlu

AMEA-nın türkoloqu

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki