image-3backend

Azərbaycan beynəlxalq aləmdə öz inkişafını dünyaya təqdim edir

image-reklam_sirab_01

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub və münasibətlər durmadan inkişaf edir. Bu baxımdan ərəb ölkələri ilə əlaqələrin inkişafı da xüsusi qeyd edilməlidir. Şübhəsiz ki, yanvarın 15-16-da Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verəcəkdir.

Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinin açılış mərasiminə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ni təsdiqləyib və bununla Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulub. Bunlar da onu göstərir ki, Azərbaycan beynəlxalq platformalara qoşulmaqla öz maraqlarını, inkişafını dünyaya təqdim edir.

Məlumdur ki, ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi. Bu, əsl dost ölkənin dəstəyi idi. Prezident İlham Əliyev də görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan edib.

Əbu-Dabidəki görüşdə həm Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, həm də Prezident İlham Əliyev tərəfindən Azərbaycanın və BƏƏ-nin ayrı-ayrılıqda fəaliyyətlərini sülhsevər hesab etdikləri bəyan olundu. Bu, o deməkdir ki, BƏƏ rəsmi Bakının Cənubi Qafqazda hərbi-siyasi fəaliyyətini regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi səy hesab edir və bunun bəyan olunmasından çəkinmir.

Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir. Azərbaycan, həmçinin dünyada güclənən islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb. Ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.

Bununla əlaqədar Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması bir daha dövlətimizin başçısının və Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir.

Bu gün Azərbaycanın Bərpaolunan enerji sahəsində  nəhəng potensial vardır. Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.

Hazırda Azərbaycanın təbii qaz ixracı günbəgün artır. Əgər 2021-ci ildə bu 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaqdır. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Eyni zamanda SOCAR ilə gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti arasında Azərbaycanda ümumilikdə 4 QVt gücündə dənizdə külək və hidrogen layihələrinin, Günəş fotovoltaik və quruda külək layihələrinin işlənməsinə dair birgə işlənmə sazişləri imzalanıb. Bu da gələcəkdə əlaqələrin daha da günişlənməsinə zəmin yaradıb.

Metin Hüseynov – politoloq

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki