Hələ Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi Azərbaycan mətbuatında da ardıcıl inkişaf meyilləri müşaiyət olunmağa başladı. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazası yaxşılaşdırıldı. Azərbaycanda mətbuatın normal fəaliyyəti üçün yeni texnologiyalara əsaslanan infrastruktur təminatı yaradıldı. Ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilən “Azərbaycan” nəşriyyatının binası ulu öndər Heydər Əliyevin sovet dövründə milli mətbuatımıza göstərdiyi diqqət və qayğının təzahürü olmuşdur.
Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb və 44 günlük Vətən müharibəsində müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndiyini gördük. Demək olar ki ,Qələbəmizdə başlıca rol oynadığını gördük və ondan sonrakı dövrdədə yüksək vətənpərvərlik və dövlətçilik nümunəsini nümayiş etdirdi. Kütləvi informasiya vasitələri – gözəgörünməyən “hakimiyyət”dir, informasiyanın kütləyə çatdırılması vasitəsidir və müasir sivilizasiyanın ən xarakterik cəhətlərindən biridir. Və məhz cəmiyyətdə əvəzolunmaz roluna görə “dördüncü hakimiyyət” kimi dəyərləndirilir.
Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra ölkə Prezidentinin imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi hazırki dövrdə milli informasiya məkanında davamlı inkişafa nail olunmasının göstəricisidir. “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ yaradacaqdır. Qanun hazırlanması prosesində çoxsaylı media nümayəndələrinin və ekspertlərin fikirləri nəzərə alınmışdır. Bu qanun hərtərəfli əsaslandırma nəticəsində hazırlanan yeni qanundur.
Qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin edəcəkdir. Bu qanun yerli medianın inkişafına təkan verir və nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır.
1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır. Belə natamamlıq, boşluq həm onlayn media sferasında fəaliyyət göstərənlərin özləri üçün, həm də cəmiyyət üçün problemlər yaradır. Yeni qanunun qəbul edilməsi bu boşluğu aradan qaldıracaqdır.
Bütün bunlar bir daha sübut edir ki, bu gün Azərbaycanda azad mətbuat inkişaf edir və onun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu, sosial sifarişə, ən əsası isə Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır.
Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnarə Cəbrayılova