image-reklam-veteninfo
image-2q7a7256-1backend

AMEA-da “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” adlı kitabın təqdimatı olub

image-reklam-veteninfo

AMEA-nın Əsas binasında “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” kitabının təqdimat mərasimi keçirilib.

Nəşrin layihə rəhbəri və “Ön söz”ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, tərtibçisi AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədovdur.

Təqdimat mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Rəyasət Heyətinin üzvləri, dövlət rəsmiləri, tanınmış elm xadimləri, müxtəlif sahələrin mütəxəssisləri, KİV mənsubları və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunlarına həsr olunmuş kitabın elmi və siyasi əhəmiyyətini vurğulayıb. O, 2024-cü il ərzində AMEA-da “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı həyata keçirilmiş layihələr, görülmüş işlər, nəşr fəaliyyətləri və qarşıda duran perspektivləri əks etdirən bu nəşri Akademiyanın həm elmi fəaliyyətinin hesabatı, həm də beynəlxalq tədbirin çağırışları fonunda akademik vəzifələri ümumiləşdirən mühüm sənəd kimi yüksək dəyərləndirib.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycana böyük uğurlar gətirən COP29 BMT tərəfindən bugünədək dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin zirvəsində dayanır. Bu mötəbər tədbirin ölkəmizdə yüksək təşkilatçılıqla keçirilməsi Azərbaycanın qlobal miqyasda iqlim dəyişikliyi və ətraf mühitin qorunmasında liderlik rolunu nümayiş etdirib.

O, COP29-un ölkəmizdə keçirilməsini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hərtərəfli və sürətli inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərin nəticəsi olmaqla yanaşı, ölkə başçısının dünya miqyasında artan siyasi nüfuzunun göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, qlobal tədbirin Bakıda XXI əsrin reallıqlarına və çağırışlarına uyğun səviyyədə təşkili Prezident İlham Əliyevin dünya miqyasında xarizmatik liderlik və yüksək idarəçilik məharətini aydın şəkildə meydana qoyub. COP29 Azərbaycanın müasir inkişafını dünyaya əyani şəkildə nümayiş etdirib.

AMEA rəhbəri COP29 tədbirlərində AMEA-nın da yüksək səviyyədə təmsil olunduğunu, alimlərin elmi konfranslarda fəal iştirak etdiklərini söyləyib. O, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-un dünyada baş verən proseslərə yeni üfüq açdığını, geniş müzakirə platforması meydana qoyduğunu bildirib. Əlavə edib ki, COP29 tədbirlərində XXI əsrin ən müasir çağırışlarına cavab verən “yaşıl” iqtisadiyyat, ekoloji tarazlıq, “yaşıl” enerji, ərzaq və qida təhlükəsizliyi, bio- və ekoloji təhlükəsizlik, sağlam ətraf mühit kimi prioritet mövzularda müzakirələr aparılıb, mühüm qərarlar qəbul  edilib.

“Yeni mərhələnin başlanğıcı olan COP29 həm də ümumplanet hadisəsi idi”, – deyən akademik İsa Həbibbəyli bu mötəbər tədbirdə bir sıra ölkələrin dövlət başçılarının, nazirlərin, hökumət rəsmilərinin, Nobel mükafatçıları və digər yüksək səviyyəli rəsmi qonaqların iştirak etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, COP29 yaşıl dünya ilə bağlı çağırışları öyrənmək və növbəti COP tədbirləri üçün böyük təcrübə rolunu oynayıb.

Akademik İsa Həbibbəyli COP29 çərçivəsində sosial-mədəni sahələr, gənclər hərəkatı ilə bağlı ümumdünya miqyaslı tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətlərini xüsusi qeyd edib. O, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqların iştirakıyla COP29-un çağırışları ilə bağlı Bakıda gerçəkləşmiş tədbirlərdə Mehriban xanım Əliyevanın çıxışı, təşkilatçılıq mədəniyyəti və məharətinin mötəbər tədbirin səviyyəsini daha da artırdığını vurğulayıb.

AMEA rəhbəri bildirib ki, qlobal tədbirin Bakıda keçirilməsi təkcə ölkəmiz üçün deyil, bütün Türk dünyası üçün tarixi əhəmiyyət daşıyan hadisə olub. COP29 Bakını dünyanın bu günü və gələcəyi ilə bağlı ən mühüm mövzuların müzakirə ediləcəyi əvəzolunmaz məkana çevirib, ölkəmizin statusunu daha da möhkəmləndirib.

Sonra Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxış edərək bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbirləri təkcə siyasi və iqtisadi deyil, həm də elmi və mənəvi sahələrdə yeni düşüncə tərzi formalaşdırır. Cari ilin noyabr ayınadək Azərbaycan bu mötəbər tədbirin sədri kimi fəaliyyətini davam etdirəcək.

Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası COP29 prosesində fəal iştirak edir və bu istiqamətdə ölkənin elmi potensialının səfərbər olunması mühüm əhəmiyyət kəsb edir.

Muxtar Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş Təşkilat Komitəsi son iki il ərzində 62 ölkəyə səfər edib. Bu, təkcə böyük bir missiya deyil, həm də Azərbaycanın beynəlxalq arenada qazandığı dəyərli təcrübənin göstəricisidir.

“Ölkəmiz son illərdə iqlim diplomatiyası və qlobal tərəfdaşlıq istiqamətində mühüm əlaqələrin qurulmasında fəal rol oynayıb. Bu fəaliyyət nəticəsində Azərbaycan artıq dünyada etibarlı tərəfdaş və məsuliyyətli dövlət kimi tanınır. Prezident İlham Əliyev beynəlxalq ictimaiyyət tərəfindən qlobal miqyasda nüfuzlu lider kimi qəbul olunur. Bu proses bizim üçün ciddi sınaq idi və Azərbaycan bu sınaqdan layiqli şəkildə, yüksək nəticələrlə çıxmağı bacardı”, – deyə o, əlavə edib.

Muxtar Babayev xatırladıb ki, Prezident İlham Əliyev hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Zirvə Toplantısında və bu yaxınlarda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək Xəzər dənizinin ekoloji vəziyyətinin pisləşməsi və səviyyəsinin azalması ilə bağlı problemləri gündəmə gətirib. Prezident bu problemin qarşısının alınması üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizində 1995-ci ildən müşahidə olunan dayazlaşma prosesi son illərdə daha da sürətlənib və artıq gəmiçilik, kənd təsərrüfatı, balıqçılıq və digər sahələrə ciddi təsir göstərməkdədir. Bu məsələ COP29 çərçivəsində geniş müzakirə olunub və bu il Braziliyada keçiriləcək COP30 tədbirində də əsas müzakirə mövzularından birinə çevriləcək.

Prezidentin nümayəndəsi beynəlxalq təşkilatların və elmi institutların Xəzər regionunda ekoloji təhlükələrin dərin tədqiqinə və adaptasiya tədbirlərinin həyata keçirilməsinə yaxından cəlb edilməsinin vacibliyini vurğulayıb. Əlavə edib ki, COP30-un əsas prioritetləri biomüxtəlifliyin qorunması, azsaylı xalqların hüquqlarının müdafiəsi və iqlimlə bağlı etik kodekslərin formalaşdırılmasıdır. Torpaqların deqradasiyası, flora və faunaya təsirlər, insan sağlamlığına mənfi nəticələr kimi iqlim riskləri qlobal gündəmdə qalmaqdadır.

Çıxışının sonunda Prezidentin nümayəndəsi qeyd edib ki, qarşıdakı illərdə iqlim dəyişmələrinin nəticələrinin dəqiq qiymətləndirilməsi, risklərin modelləşdirilməsi və elmi əsaslı həllərin işlənməsi istiqamətində alimlərin iştirakı xüsusi əhəmiyyət daşıyır.

Daha sonra AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova  çıxış edərək COP29-un təkcə ekoloji və iqlim diplomatiyası baxımından deyil, həm də qlobal elmi inteqrasiyanın, bilik və innovasiyaların birləşdiyi bir məkan kimi tarixə düşdüyünü söyləyib. O, Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsinin ölkəmizin qlobal ekosistem idarəçiliyində artan nüfuzunun, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış “yaşıl transformasiya” kursunun və milli elmin dövlət siyasətinə dərin inteqrasiyasının parlaq göstəricisi olduğunu bildirib.

Alim “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” adlı kitabın Azərbaycanın həm milli, həm də qlobal elmi məkan üçün strateji əhəmiyyətə malik olan COP29 tədbirlərinin məqsəd və vəzifələrinə, onun nəticə və çağırışlarına həsr olunmuş elmi fikir və analitik düşüncə məhsullarının toplanması, təhlili və ümumiləşdirilməsi yolu ilə ərsəyə gətirildiyini deyib. Bu nəşrin, eyni zamanda, milli elmin beynəlxalq elmi məkanla sintezini və inteqrasiyasını əks etdirdiyini vurğulayıb.

Qlobal iqlim dəyişiklikləri, biomüxtəlifliyin qorunması, su, qida və enerji təhlükəsizliyi kimi problemlərin bu gün elmin strateji məsuliyyətini daha da artırdığını söyləyən akademik İradə Hüseynova bu baxımdan təqdim olunan nəşrin həm elmi-nəzəri, həm də tətbiqi baxımdan dəyərli fikir və mülahizələrlə zəngin olduğunu bildirib.

“Bu gün biz artıq yeni bir mərhələyə – ekoloji baxımdan təmiz, texnoloji cəhətdən səmərəli ikinci “yaşıl inqilab” dövrünə qədəm qoyuruq”, – deyən vitse-prezident elmin bu prosesdə həlledicidi rolunu önə çəkib. Post-COP29 dövründə ekoloji təhsil, iqlim davranışı mədəniyyəti və gənc alimlərin bu sahədə aktivliyinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

O, artıq “elm üçün elm” mərhələsindən “dayanıqlı gələcək üçün elm” mərhələsinə keçidin baş verdiyini, bu gün elmin yalnız müşahidə edən deyil, həm də prosesləri yönəldən, proqnoz verən və qərarların qəbuluna elmi əsas yaradan mühüm qüvvə kimi çıxış etdiyini qeyd edib. Bildirib ki, təqdim olunan kitabda AMEA-da “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində həyata keçirilmiş çoxsaylı tədbirlər sistemləşdirilmiş şəkildə təqdim olunub, topluda 30-dan çox kitab və monoqrafiya, eləcə də 50-dən artıq elmi konfrans, dəyirmi masa, seminar və sərgi haqqında məlumat yer alıb.

Alimin sözlərinə görə, Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində vurğulandığı kimi, təmiz ətraf mühitə və “yaşıl artım” modelinə əsaslanan inkişaf strategiyası dövlət siyasətinin prioritet istiqamətidir və elm bu siyasətin fundamental dayağını təşkil edir. “İnanırıq ki, AMEA və ölkənin digər elmi qurumları bu istiqamətdə elmi koordinasiyanı daha da gücləndirərək, COP29-un elmi irsini ölkəmizin ekoloji təhlükəsizliyi və innovativ inkişaf strategiyasına elmi platforma kimi daxil edəcək”, – deyə akademik İradə Hüseynova əlavə edib.

Tədbirdə Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent  Elçin Qaliboğlu və digərləri çıxış edərək nəşrin yalnız elmi ictimaiyyət üçün deyil, həm də geniş oxucu kütləsi, xüsusilə gənc tədqiqatçılar, doktorantlar və tələbələr üçün dəyərli elmi mənbə olacağına, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Sonda tədbir iştirakçıları Akademiya şəhərciyi ərazisində salınmış AMEA-nın Nadir ağaclar parkına baxış keçiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki