Prezident İlham Əliyev milli kimliyimiz və Türk dünyasının birliyi ilə bağlı möhtəşəm bir sərəncam imzalayıb: 1926-cı ilin fevralında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay, türk xalqlarının elmi, mədəni və mənəvi tarixində fundamental əhəmiyyət kəsb edən bir hadisə olaraq tarixə düşmüşdür.
Bu qurultay, yalnız Azərbaycan elmi mühitində deyil, bütün türk dünyasında türkologiya elminin sistemli inkişaf mərhələsini formalaşdırmaqla, türk dillərinin, ədəbiyyatının, etnoqrafiyasının və tarixi-mədəni irsinin əhatəli şəkildə öyrənilməsi üçün nəzəri və praktik baza yaratmışdır.
Qurultay yalnız əlifba və orfoqrafiya məsələləri ilə kifayətlənməmiş, elmi terminologiyanın sistemləşdirilməsi, türk dillərinin orfoqrafik tədqiqi, ölkəşünaslıq, arxeoloji və etnoqrafik araşdırmaları da əhatə edərək türkologiyada multidissiplinar yanaşmanın əsasını qoymuşdur.
Eyni zamanda, tədbir türk dünyasında ortaq dil, mədəniyyət və elmi dəyərlərin təşəkkülünü stimullaşdırmaqla, regional və transregional əlaqələrin inkişafına ideoloji və akademik zəmin təmin etmişdir. Bu mənada, Birinci Türkoloji Qurultay yalnız elmi məzmunu ilə deyil, həm də türk xalqlarının identikliyinin və mədəni birliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan Prezidentinin bu mühüm tarixi hadisənin 100 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamı onu göstərir ki, 100 il əvvəl Bakı Türkoloji mərkəz olaraq tanındığı kimi, 100 il sonra da Müstəqil Azərbaycan bu idealları yaşadır, həyata keçirir.
Qurultaydan ötən dövr ilk növbədə türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın dünyamiqyaslı türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır.
Qazanılan nailiyyətlər eyni zamanda qurultayın təşkili işinə töhfələr verən və az müddət sonra günahsız repressiya qurbanı olan görkəmli türkoloq alimlərin xatirəsinə ehtiramın ifadəsidir.
Onu da qeyd edək ki, Azərbaycan XX əsrdə dövlət müstəqilliyini bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verildi. Belə ki, 2005-ci ilin 5 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qurultayın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı və 2006-cı ildə Bakıda bu yubileyə həsr olunmuş Beynəlxalq konfrans təşkil edildi.
Sonrakı illərdə isə Birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. 18 fevral 2016-cı ildə Prezident İlham Əliyev həmin hadisənin dövlət səviyyəsində keçirilməsini təmin edən sərəncam imzaladı. Bu sərəncamda xüsusi olaraq vurğulanırdı ki, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu təsbit edilmiş, Türkoloji Qurultay tərəfindən irəli sürülmüş qərar və tövsiyələrin müasir şəraitdə həyata keçirilməsi üçün əlverişli zəmin yaranmışdır.
Ötən dövr ərzində türkologiyaya dair yeni elmi konsepsiyalar formalaşmış, Azərbaycan dünya miqyasında nüfuzlu türkoloji araşdırmalar mərkəzlərindən biri kimi tanınmış və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsi yaradılmışdır.
200 illik tariximizin Qalib Liderinin bu məqamı hər zaman diqqətdə saxlaması təkcə elmi və mədəni hadisə deyil, həm də Türk birliyinin tarixi dərinliyini və gələcəyə inamı əks etdirir. Bu bir daha onu göstərdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Türk dünyasının strateji mərkəzinə çevrilib.
Bu gün türk dövlətləri artıq vahid mövqedən çıxış edən, ortaq dəyərlər və ortaq məqsədlər ətrafında birləşən qlobal gücə çevrilməkdədir. Türk birliyi artıq ideya yox, reallıqdır. Bu reallığın arxasında isə güclü liderlik, sarsılmaz iradə və gələcəyə inam dayanır.