image-01a-1backend

Azərbaycanın yaxın tərəfdaşı – Avropa İttifaqı

image-reklam_sirab_01

İyul ayının 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri gündəmin əsas mövzularından biri kimi mühüm əhəmiyyət kəsb edir. Bu səfər tərəfdaşlığımızın göstəricisi olmaqla bərabər, Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir ki, bu da ölkəmizin hədəflərinə tam uyğundur.

Azərbaycan – Avropa İttifaqı əməkdaşlığının dinamik inkişafı, sözügedən yöndə əldə edilən uğurlar ölkəmizin xarici siyasətində xüsusi yer tutan bu mühüm prioritet istiqamətə xüsusi önəm verilməsinin məntiqi nəticəsidir. Respublikamız ilə Avropa İttifaqı arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edib, bu beynəlxalq təşkilat Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Respublikamız Avropa bazarlarına xam neft nəqlini həyata keçirən etibarlı təchizatçı kimi tanınıb və yaxın zamanda ölkəmizin Avropa İttifaqına üzv dövlətləri təbii qazla da təchiz edəcəyi nəzərdə tutulub. Azərbaycanda Avropa İttifaqı ilə birgə müxtəlif proqramlar və layihələr də uğurla reallaşdırılıb.

Bu gün ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Bu il isə Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ticarət dövriyyəsinin həcmi 6,8 milyard ABŞ dolları təşkil edib. 1700-dən çox Avropa şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu, Azərbaycanın iqtisadi fəaliyyətinin miqyasını nümayiş etdirməklə yanaşı, ölkəmizin üzv dövlətlərlə ikitərəfli əlaqələrdə fəallığını göstərir. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.

Prezident İlham Əliyevin və Şarl Mişelin iyulun 18-də Bakıda keçirilən birgə mətbuat konfransında Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rola xüsusi diqqət yetirilərək bildirilib ki, Cənub Qaz Dəhlizi layihəsinə 33 milyard ABŞ dolları həcmində ümumi investisiya qoyuluşu reallaşdırılıb və bu, Azərbaycanla adı çəkilən təşkilatın iqtisadi-siyasi əlaqələrinin daha da dərinləşməsini gerçəkləşdirib. Ötən illər ərzində enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması, 2020-ci ilin sonunda isə onun sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin istismara verilməsi mühüm tarixi əhəmiyyətə malikdir. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, gələcəkdə Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artırılacaq. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik etməsi bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Əminik ki, Azərbaycanın qaz təchizatçısı kimi potensialı gələcəkdə daha da artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.

Bu nəhəng nəqliyyat infrastruktur layihələrinə nəzər saldıqda, əminliklə deyə bilərik ki, bütün bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətini göstərir. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bunun üçün mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir. Belə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil, Avropa İttifaqının prioritet hesab etdiyi iki istiqamət – iqlim dəyişməsi və rəqəmsal inqilab sahəsində birgə başlanılan layihələrin əsasında olmalıdır.

Bundan başqa, bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli və etibarlı dövlət olmasından xəbər verir. Ona görə də Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır.  Aİ ilə yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər bu nüfuzlu qurumla ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb. İndiyədək tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib. Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması isə tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirib. Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri isə tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə edilməsi olub.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki