Yeni tikililərdə təmirsiz mənzillərin satışının artması bina sakinləri arasında narazılıqları da artırır. Belə ki, evini sonradan təmir etdirənlərin yaratdığı səs-küy mübahisələrə səbəb olur. Eyni zamanda, bəzi hallarda hazır vəziyyətdə alınan mənzillərin təmirindən də alıcı məmnun qalmır və nəticədə yeni təmir prosesi problemi daha da böyüdür.
Bunu necə tənzimləmək olar? Dünyada necədir, təmirli, yoxsa təmirsiz evlərin satışı üstünlük təşkil edir?
Vətəninfo.az xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, Azərbaycanda mənzillərin “podmayak”, yəni təmirsiz vəziyyətdə satılması hələ də bazarda üstünlük təşkil edir:
“Bu yanaşma Sovet dövründən qalan tikinti ənənəsinin davamıdır və ölkə bu sahədə bir çox qonşu dövlətlərdən geri qalır. O dövrdə tikinti şirkətləri əsasən mənzil tikintisinə üstünlük verir, təmir işlərinə isə ciddi tələbat olmadığından bu istiqamət inkişaf etmirdi. Bu model bu gün də Azərbaycanda davam edir. Hazırda ölkədə tikinti şirkətlərinin təxminən 95 faizi mənzilləri “podmayak” vəziyyətdə satışa çıxarır. Təmirli mənzillər təklif edən azsaylı şirkətlər isə onları bazardakı digər mənzillərlə müqayisədə daha yüksək qiymətə satırlar”.
Ekspert bildirib ki, Azərbaycan bu baxımdan keçmiş SSRİ ölkələrinin əksəriyyətindən geri qalır:
“Hətta İranda belə mənzillər ən azı “white box” (ağ divar) standartına uyğun təhvil verilir. Bu zaman döşəmə hazır olur, divarlar suvanıb rənglənir və alıcı yalnız son tamamlama işlərini görərək mənzilə köçə bilir. Belə mənzillərdə səs-küylü və uzunmüddətli təmir işlərinə ehtiyac qalmır. Türkiyədə isə bazarda təklifin çox olması tikinti şirkətlərini mənzilləri tam təmirli, hətta bəzi hallarda məişət avadanlıqları və işıqlandırma ilə birlikdə təhvil verməyə sövq edir. Belə mənzillərə köçən alıcı yalnız şəxsi əşyalarını gətirməklə yaşayışa başlaya bilir”.
Ekspertin sözlərinə görə, Azərbaycan bazarında rəqabət zəifdir:
“Son 4-5 il ərzində mənzil qiymətləri təxminən 75 faiz artıb. Rəqabətin kifayət qədər olmaması həm qiymət artımını sürətləndirir, həm də tikinti şirkətlərinin hələ də kütləvi şəkildə təmirsiz mənzillər satmasına şərait yaradır”.


























