Azərbaycanda kredit götürənlər üçün yeni sığorta növünün tətbiqi nəzərdə tutulur. Yeni mexanizm qüvvəyə minərsə, kredit götürən şəxs sonradan işini itirdiyi və aylıq ödənişləri etməkdə çətinlik çəkdiyi hallarda müəyyən şərtlər daxilində sığorta şirkəti onun kredit ödənişlərini qarşılaya bilər. Hazırda mexanizm üzrə son tamamlanma işləri aparılır və yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankının detalları ictimaiyyətə açıqlayacağı gözlənilir.
Bəs bu sığortadan kimlər yararlana biləcək?
Vətəninfo.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, kredit sığortalanması mexanizmi bu gün dünyanın əksər ölkələrində tətbiq olunur:
“Hazırda Azərbaycanda əsasən həyat sığortası tətbiq edilir. Bu halda sığortalı şəxs vəfat etdikdə və ya müəyyən hallarda əmək qabiliyyətini itirdikdə, kredit öhdəliyinin ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçirilir. Beynəlxalq praktikada isə kredit riskinin sığortalanması da geniş yayılıb. Bu zaman vətəndaş götürdüyü krediti sığortalaya bilər. Əgər o, işini itirərsə və ya ondan asılı olmayan səbəblərdən kredit ödənişlərini həyata keçirə bilməzsə, müqavilənin şərtlərinə uyğun olaraq kredit ödənişləri sığorta şirkəti tərəfindən qarşılanır”.
V.Bayramovun sözlərinə görə, digər mühüm məqam ondan ibarətdir ki, kreditin sığortalanması onun ümumi dəyərinə də təsir göstərir:
“Çünki vətəndaş kreditini sığortalayarkən əlavə sığorta haqqı ödəyir və bu da aylıq ödənişlərin artmasına səbəb olur. Beləliklə, bir tərəfdən sığorta kredit risklərinin sığorta şirkəti tərəfindən qarşılanmasına imkan yaradır, digər tərəfdən isə borc alan üçün əlavə maliyyə yükü formalaşdırır. Buna baxmayaraq, kredit risklərinin sığortalanması həm vətəndaşın, həm də maliyyə institutlarının risklərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu mexanizmin kredit üzrə ümumi xərclərə və faktiki faiz yükünə müəyyən təsir göstərməsi də istisna deyil”.


























