image-reklam-veteninfo
image-1backend

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir

image-reklam-veteninfo

Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb.

İlk növbədə Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və vəziyyəti düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul edir. Digər tərəfdən, Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsas dəstəkçilərindən biridir.

1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

Azərbaycan-Almaniya münasibətləri təkcə iqtisadi və siyasi maraqlara əsaslanmır. Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. Bu əlaqələrin arxasında dərin humanitar və mədəni bağlar dayanır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşadığı tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycanda zəngin alman irsi xüsusi yer tutur. XIX əsrin əvvəllərində alman ailələrinin Azərbaycana köçməsi ilə Göygöl (tarixi Yelenendorf) və Şəmkir (Annenfeld) başda olmaqla Gəncə, Qazax, Tovuz və Ağstafa bölgələrində alman koloniyaları yaranıb. Almanlar Azərbaycanda üzümçülük və şərabçılığın təməlini qoyub, memarlıq və sənaye mədəniyyətinə böyük töhfələr veriblər. Bu inteqrasiya o qədər dərin olub ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıqları təmsil edən fraksiyanın üzvlərindən biri məhz almanəsilli Lorentz Kuntz idi.

Bu gün də Azərbaycan dövləti ölkədəki alman tarixi-mədəni irsinə, alman kilsələrinə və abidələrinə böyük hörmətlə yanaşır, onların qorunub saxlanmasını təmin edir. Bu tolerant mühit humanitar əlaqələrin genişlənməsinə, minlərlə azərbaycanlı tələbənin DAAD proqramları vasitəsilə Almaniyada təhsil almasına və Bakı Höte Mərkəzi kimi qurumların fəaliyyətinə münbit zəmin yaradır.

Qeyd edək ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişənin həllində obyektiv mövqeyi ilə seçilib. Məsələn, Almaniya Qarabağda vaxtilə mövcud olan separatçı rejimi tanımayıb. Bununla da öz mövqeyini nümayiş etdirmiş olub. Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər də var.

İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Daha sonra ölkə başçısı Almaniyanın Federal Kansleri Fridrix Merts ilə görüşlər keçirib. Görüşlərdən sonra “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin  Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.

İmzalama mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Prezidenti İlham Əliyev birgə mətbuat konfransında imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qaldıracağına əminliyini bildirib. Dövlətimizin başçısı deyib: “Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq”.

Ölkə başçısı bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək”.

Almaniyanın Federal Kansleri Fridrix Merts bildirib ki, Almaniyanın və Azərbaycanın siyasi təhlükəsizliyi və iqtisadi maraqları əhəmiyyətli şəkildə böyük müharibələrin təsirinə məruz qalıb. O deyib ki, ayrı-ayrılıqda bu müharibələr fərqli olsa belə, biz danışıqlar yolu ilə həllin əldə edilməsini müdafiə edirik. “Burada bizə əminliyi verən odur ki, yalnız bu halda, son nəticədə davamlı sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq olar”, – deyə Kansler vurğulayıb.

Kansler Merts vurğulayıb ki, sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır. Almaniyanın və Avropa İttifaqının tam marağındadır ki, geosiyasi cəhətdən vacib olan bu region sakitləşsin.

Prezident İlham Əliyevi sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edən Kansler deyib: “Sözügedən müqavilə Azərbaycan və Ermənistan tərəfindən möhürləndi. Bu tarixi müqavilə uzun münaqişənin daimi olaraq öhdəsindən gəlməyə yeni şans verir”.

Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektiv dialoq mövcuddur. Təsadüfi deyil ki, Berlin bu illər ərzində Avropada Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eləcə də, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki