image-ulvi-quliyevbackend

Bu da başqa bir həqiqətdir…

image-reklam_sirab_01

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində ölkələrimiz arasında imzalanmış 20-dən çox memorandum və sazişin tarixi əhəmiyyəti danılmazdır. Bu sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi yer tutur. İki dost və qardaş ölkə arasındakı dövlətlərarası münasibətlərin hazırkı yüksək səviyyəsindən və gələcək perspektivindən xəbər verən bu sənədlər həm də onun göstəricisidir ki, türk dünyası ilə bağlı olan reallıq qlobal siyasi-iqtisadi faktora çevrilməkdədir. Elə bu səbəbdən, Prezident İlham Əliyev mətbuata açıqlamasında Bəyannamənin əhəmiyyətini xüsusi qeyd edərək dedi: “Bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq”.

Dövlətimizin başçısı bu açıqlaması ilə həm də ona işarə etdi ki, indiyədək üzləşdiyimiz və bundan sonra da üzləşə biləcəyimiz maneələrə baxmayaraq, eyni tarixi köklərə bağlı olan təbii müttəfiqlərimizlə ortaq hədəflərimizə doğru tərəddüdsüz və əvvəlki qətiyyətlə irəliləyəcəyik. Prezident İlham Əliyev ölkələrimiz arasında daha sıx iqtisadi inteqrasiyanın təmin olunması üçün nəqliyyat-logistika imkanlarının mövcudluğuna və Orta Dəhlizin perspektivinə xüsusi diqqət çəkərək qeyd etdi: “Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Bu da başqa bir həqiqətdir…” sərlövhəli məqaləsində yer alıb.

Yazıda qeyd olunub ki, Qazaxıstan və digər tarixi müttəfiqlərimizlə imzalanan Bəyannamələr ölkələrimizlə, bütövlükdə türk dünyası ilə yanaşı, Asiya və Avropa arasında iqtisadi bağların daha da dərinləşməsinə ciddi töhfə verəcək. Prezident İlham Əliyev məhz bu tarixi məqamı nəzərə alaraq, Bəyannamənin siyasi-iqtisadi əhəmiyyətinə də xüsusi diqqət yetirərək bildirdi: “Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq”.

Növbəti beynəlxalq əhəmiyyətli sənəddə ölkəmizin yeni inzibati-ərazi reallığının əks olunması və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanata tam uyğun şəkildə Azərbaycanın quru ərazisinin Naxçıvanla birləşdirilməsinin bir daha təsbit edilməsi həm də o deməkdir ki, ölkəmizin regionda yaratdığı yeni reallıq təkcə yerli qanunvericilikdə və yüksək səviyyəli rəsmilərin şifahi leksikonunda deyil, həm də beynəlxalq əhəmiyyətli sənədlərdə ardıcıl şəkildə təsbit və təşviq olunmaqdadır. Təsadüfi deyil ki, Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatında Azərbaycan Prezidentinə xitabən bölgəmizdə yaranmış yeni reallığın Qazaxıstan tərəfindən birmənalı şəkildə qəbul və təqdir olunduğunu bu cümlələrlə ifadə etdi: “Biz, həmçinin Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldiyini görürük. Sizin şəxsi səyləriniz sayəsində yaxın gələcəkdə bu region çiçəklənən diyara çevriləcək, buna heç bir şübhə yoxdur. Qazaxıstan öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazırdır”. Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün nəzərdə tutulan Kurmanqazı adına Yaradılıcığın İnkişafı Mərkəzinin inşası qardaş ölkənin mövcud reallığa səmimi töhfə təşəbbüsünün göstəricisidir.

Qazaxıstan Prezidentinin mətbuata bəyanatında səsləndirdiyi siyasi əhəmiyyətli açıqlamalarından biri də Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönələn bütün addımlarının beynəlxalq hüquqa uyğunluğunun ictimai şəkildə ifadə edilməsi ilə bağlı oldu: “Xüsusi qeyd etmək istərdim ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub və bu işdə, əlbəttə ki, Azərbaycanın milli lideri, bizim qardaş ölkənin Prezidenti İlham Heydər oğlu Əliyevin çox böyük şəxsi xidmətləri var. Fürsətdən istifadə edib bir daha qeyd etmək istərdim ki, Azərbaycan bu gün Sizin güclü rəhbərliyinizlə öz inkişafında nəzərəçarpacaq nəticələrə nail olur, biz Sizin ölkənizdə bu tendensiyaları müşahidə edir və buna ürəkdən sevinirik”.

Prezident İlham Əliyevə Qazaxıstanın dövlət başçısı tərəfindən qardaş ölkənin “Altın kıran”- “Qızıl qartal” ali ordeninin təqdim edilməsi Azərbaycan Prezidentinin yalnız dövlətimiz və xalqımız qarşısında deyil, bütövlükdə, Türk dünyasına göstərdiyi tarixi xidmətlərinə bəslənilən ali münasibətin ifadəsi və həqiqətin etirafıdır. Vaxtilə İbn Sina dəyərli kəlamlarından birində həqiqətin dünyada oynadığı rolu bu cür ifadə etmişdi: “Kainatın ruhu həqiqətdir”. 44 günlük müharibədə ağır hərbi-siyasi və mənəvi-psixoloji məğlubiyyətə məruz qalan Ermənistan və onun himayədarları, eləcə də xaricdəki erməni lobbi təşkilatları bu tarixi həqiqəti informasiya məkanında nə qədər təhrif edib ona kölgə salmağa cəhd göstərsələr də, göründüyü kimi, onların aqoniya vəziyyətindəki bütün bu çırpıntıları əbəsdir və uzun onilliklərin xəstə təxəyyülündən irəli gələn siyasi cılızlığın növbəti təzahürüdür. Təəssüf ki, özünü hələ də “əsl və yeganə” müxalifət adlandıran, digər müxalif əqidədaşlarına fərqli epitetlərlə həqarət edən ölkəmizdəki məlum qruplaşmanın bəzi nümayəndələri bu cılız təbliğatın ikrah doğuran alətinə çevrilirlər. Əslində, təəccüblənməyə dəyməz. Vaxtilə Onore de Balzak belə demişdi: “Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar”. Amma belələri üçün bu da mümkün deyil, çünki qarşılarına qoya biləcəkləri rəqəm onlar üçün real həyatda yoxdur. Bu da başqa bir həqiqətdir…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki