image-49backend

COVID-19 peyvəndi hamilə qalmağa mane olurmu? – Həkim AÇIQLADI

image-reklam_sirab_01

“Hamilələrin eyni yaşda hamilə olmayan qadınlara nəzərən COVID-19 xəstəliyini daha ağır keçirdiyi elmi tədqiqatlarla təsdiq olunub. Xüsusilə də yanaşı xəstəliyi – şəkərli diabet, artıq çəki, gecikmiş hamiləlik, bronxial astma olanlar daha çox ağır keçirirlər”.

Bu fikirləri Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov bildirib.

M.Qəmbərov qeyd edib ki, COVID-19 nəticəsi pozitiv olan hamilələrdə xəstəliyin yaratdığı ağırlaşmalar səbəbiylə ana ölümü, bətndaxili fetal ölüm, vaxtından əvvəl su gəlişi, vaxtından əvvəl doğum ehtimalı artır. Vaxtından əvvəl doğum baş verən hallarda təbii ki, uşaqda bununla bağlı qalıcı və kəskin ağırlaşmalar ehtimalı da artmış olur.

 

COVID-19 vaksininin hamiləlik zamanı peyvənd olunan qadınların körpələrinə təsiri haqqında məlumat verən həkim qeyd edib ki, peyvəndlər yeni olduğundan, onların vurulmasının hamilə qadınların körpələrinə uzunmüddətli təsir etməsinə dair hələ ki dəqiq məlumat yoxdur.

“Lakin COVID-19 vaksinləri “canlı” peyvənd olmadığı üçün insanlarda infeksiyaya səbəb ola bilməz. Bundan başqa, digər canlı olmayan peyvəndlər hamiləlik zamanı qadınlara uzun illər heç bir təhlükəsizlik problemi olmadan vurulub. mRNT vaksinləri də (Pfizer və Moderna) inyeksiyadan sonra sürətlə parçalanır. 40 000-dən çox hamilə qadını əhatə edən altı ayrı araşdırma göstərdi ki, peyvənd hamilə qadınlarda vaxtından əvvəl doğuş, ölü doğuş və körpələrdə anadangəlmə anomaliya riskini artırmır.

COVID-19 vaksinlərinə dair sübutlar ÜST və Böyük Britaniya, ABŞ, Kanada və Avropadakı tənzimləyici qurumlar tərəfindən davamlı olaraq nəzərdən keçirilir.

ÜST hamiləlik zamanı peyvəndin faydalarının potensial risklərdən daha çox olması qənaətindədir. Hamiləlik zamanı peyvənd tətbiq edən ölkələrin təcrübələri də peyvəndlərin hamilə olmayan qadınlarla oxşar təsirlərə malik olduğunu aşkar edib. İngiltərədəki araşdırmaların nəticələrinə görə COVID-19 peyvəndlərinin hamilə qadınlar və ya inkişaf etməkdə olan körpələr üçün zərəri yoxdur. Bundan əlavə COVID-19 peyvəndlərinin tərkibindən ana və körpə sağlamlığı üçün təhlükəli hesab edilən inqrediyentlərin olması da təstiqini tapmayıb”.


Peyvəndlərin ana bətnindəki körpəyə COVID-19-a qarşı müəyyən miqdarda anticisim ötürə bilməsi haqqında məlumat verən M.Qənbərov bildirib ki, bu mövzuda kifayət qədər araşdırma yoxdur:

“Yalnız bir qrup hamilə qadında peyvəndin qoruyucu anticisimlərinin plasenta vasitəsi ilə körpəyə keçdiyi və COVID-19-a qarşı immunitetinə kömək etdiyi göstərilib. Ananın immunizasiyası yeni doğulmuş körpəni COVID-19-dan qorumağa kömək etsə də, bu anticisimlərin nə dərəcədə qorunma təmin edəcəyini və ya bu qorunmanın nə qədər davam edəcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var”.

Həkim COVID-19 peyvəndinin hamilə qalmağa təsir etmədiyini qeyd edib:

“COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya, dölə zərər verdiyinə dair yayılan məlumatlar əsassızdır. Hamilə olmağa çalışan qadınlar mövcud COVID-19 vaksini ilə peyvənd oluna bilərlər və peyvənddən sonra belə hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image