image-1backend

Davosda Azərbaycan ruzigarı: İlham Əliyev önəmli fikirləri ilə diqqət çəkdi

image-reklam_sirab_01

Azərbaycanın fəal iştirak etdiyi beynəlxalq platformalardan biri də Dünya İqtisadi Forumudur. Bir neçə istisna olmaqla hər ilin yanvar ayında İsveçrənin kurort şəhəri sayılan Davosda düzənlənən tədbirdə beynəlxalq siyasi və iqtisadi proseslər, dayanıqlı inkişaf və təhlükəsizlik, ekologiya və iqlim dəyişiklikləri, enerji və nəqliyyat, qabaqcıl texnologiyalar və digər mühüm istiqamətlər üzrə məsələlər müzakirə olunur. Forumun qlobal nüfuzunu həm də onun sessiyalarına dünya liderlərinin yaxından qatılmaları da təsdiqləyir.

Hər il Davosa toplaşan nüfuzlu siyasətçilər və iqtisadçı ekspertlər, qabaqcıl texnologiya mühəndisləri, aparıcı transmilli şirkətlərin rəhbər şəxsləri dünyanın siyasi-iqtisadi panoramını və həmin panoramın ən vacib komponentlərini müəyyən edirlər. Məhz bu tədbirdə mütəxəssis və ekspert qrupları, siyasi və iqtisadi xadimlər müxtəlif panel müzakirələr sayəsində irəli sürdükləri yeni fikir və təkliflərlə qlobal siyasət və iqtisadiyyatın prioritet hədəflərinə aydınlıq gətirir, müasir texnologiyaların tətbiqi sahələrini göstərirlər. Forum eyni zamanda, populyar iqtisadi güc mərkəzlərinin fəal dialoquna da şərait yaradır. Forum yarandığı gündən indiyə qədər missiyasına sadiq qalsa da, yeni çağırışlar mövzuların rəngarəngliyini artırır və müzakirə olunan problemlərin qəti həlli üçün konkret yolların müəyyən edilməsini xeyli aktuallaşdırır. Davos zirvəsi ilə bağlı bəzi statistik məlumatlara müraciət etsək, görərik ki,

-Dünya İqtisadi Forumu 1971-ci ildən etibarən keçirilir;
-Azərbaycan forumda 1995-ci ildən təmsil olunur;
-Prezident İlham Əliyev ilk dəfə Davos forumunda 2007-ci ildə iştirak edib;
-2013-cü ildə Dünya İqtisadi Forumu Bakıda təşkil olunub;
-Hazırda 4-cü Sənaye İnqilabı Mərkəzi Bakıda fəaliyyət göstərir.

Birmənalı söyləmək olar ki, Prezident İlham Əliyevin mütəmadi olaraq Dünya İqtisadi Forumuna dəvət alması Azərbaycanın Cənubi Qafqazda lider mövqeyə malik olduğu, sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə etdiyi və beynəlxalq birliyin ölkəmizə marağının sürətlə artdığı ilə bağlıdır. Bundan başqa, ölkəmiz tək qlobal iqtisadi deyil, siyasi proseslərdə də fəal iştirak edir və mühüm təşəbbüslər irəli sürür. Təbii ki, bunlar gələcəyə baxışı formalaşdıran beyin mərkəzlərinin diqqətindən yayınmır və onlar Azərbaycan Prezidentinin innovativ və novatorçu fikirlərinə xüsusi önəm verirlər.

Əslində, ölkə başçımızın Davosda ikitərəfli formatda, özü də qarşı tərəfin müraciətləri ilə reallaşdırdığı görüşlər çox şeydən xəbər verir. Azərbaycan özünü qlobal enerji, ekologiya, iqlim, təhlükəsizlik və digər məsələlər ətrafında gedən diskussiyalar zamanı konstruktiv ölkə kimi göstərə bilir. Hətta həmin istiqamətlərin bir çoxu üzrə lider mövqelərə də sahibdir. Məsələn, son illər karbon neytrallığı və enerjinin diversifikasiyası sahəsində görülən işlər regional deyil, artıq ümumbəşəri səciyyə daşıdığından xarici tərəfdaşlar Bakının effektiv proqramlarına açıq dəstək ifadə edir. Azərbaycanın bərpaolunan enerji və “yaşıl generasiya” sektoruna yüz milyonlarla dollar vəsait qoyması beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanır. Dünya İqtisadi Forumunun “Effektiv enerji keçidinə yardım-2023” hesabatında Azərbaycanın 120 ölkə arasında davamlı və effektiv energetik sistemə keçid səviyyəsinə görə 32-ci yerə qalxması bu rəğbət və dəstəyin konkret ifadəsidir.

Əlbəttə, zaman keçdikcə, qlobal hədəflər yeni məzmun və mahiyyət almağa başlayır, yeni hədəflər və məqsədlər ortaya çıxır. Davos Forumu da bu nüansları nəzərə almaya bilməz. Ötən həftə 55-ci dəfə İsveçrədə toplaşan dünya liderləri hazırda dünyanı qayğılandıran bir sıra mühüm problemləri göz önünə sərdilər.

-şəffaflıq, hesabatlılıq və idarəetmənin təkmilləşdirilməsi;
-inklüzivlik, dayanıqlılıq və davamlı inkişafla bağlı yeni iqtisadi modellərin tətbiqi;
-insan kapitalına müasir yanaşmalar;
-planetin qorunması, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi ilə mübarizə;
-süni intellektin inkişafı;
-texnologiyaların əmək bazarına təsiri ilə bağlı təlimlərin inkişafı;
-geosiyası risklər və s.

Bu gün dünya, sözün əsl mənasında, kritik dönəm yaşaıyır. COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsi onsuz da kövrək olan qlobal sistemdə acı izlərini qoymaqdadır. Belə ki, ən güclü iqtisadiyyatlara sahib ölkələrin bir çoxunda , məsələn, Fransada sosial-iqtisadi böhran yaşanır, dövlət borcları artır, təsir altına düşmək təhdidləri yaranır, ərzaq və enerji qiymətləri artır. ABŞ-nin yeni prezidentinin elan etdiyi iqtisadi prioritetlər Avropa İttifaqının liderlərini ciddi narahat etməkdədir. Artan geoiqtisadi parçalanma isə maliyyə sektorunda zəiflikləri, o cümlədən aktivlərin qiymətləri, yüksək borc səviyyələri və nəzarətdən çıxan iqlim və ərzaq böhranını dərinləşdirir. Davos forumu əlbəttə, ekspert camiəsi nümunəsində bu kimi fəsad və təhdidlərə qarşı effektiv müdafiə tədbirləri görmək, proaktiv, uzaqgörən siyasət və mütərəqqi biznes strategiyaları hazırlamaq məsələsində əlverişli format rolunu oynayır.

Bəli, artıq hər kəs etiraf edir ki, iqtisadi uğur yalnız ixrac həcmləri və məhsuldarlıqla deyil, həm də planetin gələcəyinə dair optimal iqtisadi modellərin tətbiqi ilə ölçülür. Şübhəsiz, burada ilk pillədə insan amili dayanır. 55-ci Davos zirvəsinin “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında keçməsi də məhz bu kimi kriteriyalarla bağlıdır. Qlobal geoiqtisadi nəzəriyyələr insan faktorunu əsas götürməli və onun rifahını prioritet seçməlidir. Müasir dünyanın qarşılaşdığı siyasi, iqtisadi, sosial, ekoloji problemləri, mövcud toqquşma və müharibələri yalnız insan rifahı amili üzərindən qiymətləndirərək aradan qaldırmaq olar. Bu, gələcək nəsillərə iqtisadi rifahın qorunduğu cəmiyyətin ötürülməsinin əsas şərtidir.

Azərbaycan dövləti üçün 55-ci Davos forumu ölkənin qlobal arenadakı mövqeyini gücləndirmək, investisiya cəlb etmək və strateji tərəfdaşlıqlar qurmaq üçün mühüm fürsət kimi dəyərləndirilir. Prezident İlham Əliyevlə görüşə can atan beynəlxalq şirkət nümayəndələri ölkəmizin sabit və təhlükəsiz, eləcə də cəlbedici investisiya mühitinə sahib olduğu meyarlarını əsas götürürlər.

Davos müzakirələri iqtisadi xarakter daşısa da, forumun dünya siyasəti və beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərdiyi birmənalıdır. ABŞ-də baş tutan prezident seçkilərindən sonra planetin əsas güc mərkəzləri – Çin, Avropa İttifaqı və Rusiya yaxın illərdə onların hansı tendensiyalarla üzləşəcəklərini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Bu baxımdan, Davosa toplaşan siyasi liderlər qlobal arenada davam edən münaqişə və müharibələrin, terror və ekstremizmin beynəlxalq iqtisadi böhranı bir qədər də dərinləşdirdiyini deyir, milyonlarla insanın həyat tərzinə, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına öldürücü təsir göstərdiyini, ərzaq çatışmazlığı problemini daha da artırdığını bildirirlər. Artıq bu vəziyyətdən çıxmağın zamanıdır. Azərbaycan dünyanın sabahı üçün strateji önəm daşıyan təşəbbüsləri sıralayır. İndi çox şey əməkdaşlıqdan daha çox konfrontasiyaya meyilli supergüclər arasında anlaşmanın əldə edilib-edilməməsindən asılı olacaq.

Əlibala Məhərrəmzadə

Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image