image-img-20250228-wa0045backend

Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir

image-reklam_sirab_01

Azərbaycanın xarici siyasət uğurları hazırda ayrı-ayrı dövlətlərlə  istər ikitərəfli əməkdaşlıqda, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan həmişə əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir. Ölkəmizin çoxtərəfliliyin tərəfdarı kimi tanınması, nüfuz qazanması atdığı real addımlara əsaslanır. Bunun üçün dövlət başçısı İlham Əliyevin müsahibələrinin birində «Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü» sualına cavabını yada salmaq istərdik. Cənab İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik.

Ötən il Azərbaycanın ev sahibliyi etdiyi COP29 ölkəmizin  hansı imkanlara malik olduğunu, nüfuzunu dünyaya təqdim etdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki,  namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi. Bundan əvvəl biz 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu,  onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir.
Fevralın 27-də Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo  ölkəmizdə rəsmi səfərə gəlib.  Səfər çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin Umaru Sisoku Embalo ilə təkbətək və geniş tərkibdə görüşləri, prezidentlərin mətbuata bəyanatları iki ölkənin münasibətlərinin dünəninə və perspektivlərinə aydınlıq gətirdi.
Qeyd edək ki,  Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq birliyin bütün üzvləri, o cümlədən Afrika ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələr qurmaq istiqamətində mühüm addımlar atıb. 1992-2012-ci illərdə Azərbaycan qitənin əksər dövlətləri ilə diplomatik münasibətlər qurmağa nail olub. Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin inkişaf dinamikasına qısa nəzər salsaq görərik ki, bu dövlətlərlə  Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları mövcud potensialdan daha genişdir. Ölkəmizin qlobal və regional miqyasda artan nüfuzu, iqtisadi potensialı və gücü, eləcə də Prezident İlham Əliyevin nüfuzlu Lider kimi yürütdüyü uğurlu siyasət Afrika ölkələrinin Azərbaycanla əməkdaşlığa marağını getdikcə daha çox artırır. Bir sıra Afrika ölkələrinin dövlət başçıları Azərbaycana səfər etmək, ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətlərini ifadə edib, ölkəmizi qitəyə investisiya qoymağa çağırıblar. Bu amilləri nəzərə alsaq deyə bilərik ki, qitə ölkələri ilə prioritet sahələrdə əməkdaşlığın davam etdirilməsi bütün tərəflər üçün faydalıdır.
Prezident İlham Əliyevin və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun mətbuata bəyanatları da Azərbaycan-Afrika ölkələri münasibətlərinə bir daha işıq saldı. «Əziz qardaşım, xoş gəlmisiniz. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Sizin son səfəriniz yadımdadır, noyabr ayında COP29 konfransında iştirak etmək üçün ölkəmizdə oldunuz. Mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim və şadam ki, o, mənim dəvətimi qəbul etdi. Beləliklə, bu gün cənab Prezident artıq ikinci dəfədir ki, ölkəmizdədir» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür. Bu onu göstərir ki, biz qardaş və dost kimi birgə işləyirik və bunu davam etdirəcəyik. Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək: «Siyasi münasibətlər çox yaxşıdır. Bir daha qeyd etmək istəyirəm, bunun ən yaxşı təzahürü ondan ibarətdir ki, cənab Prezident ölkəmizə ikinci dəfədir səfər edir. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik.»
Ölkələr arasında əməkdaşlıqda iqtisadi amilin rolu inkaredilməzdir. Prezidentlərin görüşündə də bu sahədə əməkdaşlığın prioritetləri açıqlandı. «Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin» söyləyən cənab İlham Əliyev bildirdi ki, biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq.
İki ölkənin əməkdaşlıq  gündəliyi genişdir.  Ən vacibi isə odur ki, dost, qardaş münasibətlərimiz mövcuddur. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyir və  konkret layihələr icra edirik.  Çünki siyasi münasibətlər bunun üçün bir platforma kimi xidmət edir.
Bakıda olmaqdan böyük məmnunluq hissi keçirən Qvineya-Bisau Respublikasının Prezidenti  Umaru Sisoku Embalo bildirdi ki, hələ Sovet İttifaqı vaxtlarında bir çox texniki heyət üzvlərimiz burada təhsil almışdır. Fevralın 28-də  ilk heyətimiz buraya polis və hərbi məktəblərdə təlim üçün gələcək. Bu, bizim üçün çox vacibdir. Bu gün  bu əlaqələri yeniləmək üçün buradayıq: «Əməkdaşlıq üçün sahə çoxdur – səhiyyə, təhsil, hərbi və təhlükəsizlik sahələri var. Əminik ki, bu səfər Sizi görməklə bərabər, ölkələrimiz üçün də faydalı olacaq. Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, amallarımız ümumidir.»
Qeyd etdiklərimiz belə bir qənaətə əsas verir ki, Azərbaycanın əməkdaşlıq üçün yeni istiqamət olan Afrika ölkələri ilə əlaqələri gələcəkdə daha geniş sahələrdə əhatələyərək dinamik inkişaf edəcək. Qvineya-Bisau Respublikasının Prezidenti Umaru  Sissoku Embalonun Azərbaycana  səfəri  əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, maraq doğuran məsələlərə dair müzakirələrin aparılması və razılaşmaların əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq. Qarşılıqlı səfərlər əsasında münasibətlərin daha da möhkəmlənlənməsi yeni sahələrdə əməkdaşlığa stimul verir. Azərbaycan hər zaman əməkdaşlğın inkişafında maraqlıdır. Təcrübə mübadiləsinin bölüşdürülməsinə, səylərin birləşdirilməsinə xüsusi maraq göstərir. Hədəflərə birlik, həmrəylik əsasında nail olmaq mümkündür.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image