Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri əyani şəkildə göstərdi ki, geosiyasi rəqabətin açıq qarşıdurma müstəvisinə keçdiyi müasir dövrdə liderlərin iradə əzmi və siyasi vizyonu dövlətlərarası əlaqələrin məzmun və istiqamətini müəyyənləşdirən aparıcı faktorlardan birinə çevrilir. Dünyanın olduqca mürəkkəb və təhlükəli olan bugünkü siyasi mənzərəsində bu mühüm amil Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf dinamikasında özünü aydın şəkildə göstərir.
Sözsüz ki, xalqlarımızı əsrlərə söykənən ortaq tarix və milli-mənəvi dəyərlər, əcdadlarımızdan miras qalan ənənə və qardaşlıq telləri bağlayır. Lakin nəinki uzaq, ən yaxın tariximiz də sübut edir ki, bu bağların qorunması və ən başlıcası, möhkəm təməllər üzərində inkişaf etdirilməsi dövlətin rəsmi siyasəti ilə birbaşa bağlıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 23-də Daşkənddə səsləndirdiyi bu mühüm açıqlama məhz həmin gerçəkliyi tam dolğunluğu ilə əks etdirir: “Əziz dostlar, Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir. Biz görülən işlər və iki liderin iradəsi sayəsində nələrə nail olduğumuz barədə özümüzə daim hesabat verməliyik. Bu, qısa müddətdə əldə olunan böyük nəticədir. İlham Heydər oğluna dedim ki, 27 il aramızda heç bir nəticə olmayıb. Başa düşənlər bunu anlayır. Beləliklə, bu gün ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yeni səhifə açırıq”.
Qardaş Özbəkistan liderinin Prezident İlham Əliyevin dövlət səfərini tarixi hadisə kimi qiymətləndirməsi ölkələrimizin yaxınlaşmasına uzun illər mane olmuş və hələ də mane olmağa çalışan dairələrə olduqca ciddi və düşündürücü mesajdır. Ən böyük və ibrətamiz mesaj isə Prezident İlham Əliyevin Özbəkistana hazırkı səfəri çərçivəsində dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”dir. Bu tarixi sənədin ərsəyə gətirilməsi, ilk növbədə, o deməkdir ki, Türk xalqlarının ortaq tarixini, milli kimliyini və dəyərlərini yaddaşlardan silib unutdurmağa çalışanların çoxəsrlik bölücülük siyasəti boşa çıxıb, iflasa uğradılıb.
Müasir dünyada türkofobiya və islamofobiyanın sivilizasiyalararası dialoqun inkişafına nə qədər mane olduğunu nəzərə alsaq, iki qardaş ölkə arasında imzalanan Müqavilə həm də bu dialoqun əleyhinə çıxan, ayrı-seçkiliyi təşviq edən və siyasi qərarlarında çox vaxt yalnız bu amili əsas tutan dairələrə ciddi ismarıcdır. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam və mütləq mənada bərpa etməsi faktını hələ də həzm edə bilməyən və elə bu səbəbdən ölkəmizi qərəzli qətnamələrin hədəfinə gətirən mərkəzlər bilməlidirlər ki, onların Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı geostrateji hədəfinin uğur yolu Türk dövlətlərinin birliyini tarixi fakt kimi qəbul etmələrindən keçir. Elə bu səbəbdən, həmin dairələr Prezident İlham Əliyevin Daşkənddə mətbuata bəyanatında səsləndirdiyi bu mühüm açıqlamanın arxasında dayanan reallığı görməzdən gəlmək və geostrateji coğrafiyanı parçalamaq siyasətindən həmişəlik əl çəkməlidirlər: “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.
Məlum siyasi mərkəzlər nə qədər görməzdən gəlməyə və ya mane olmağa çalışsalar da, Azərbaycan Prezidentinin və Mərkəzi Asiya dövlət başçılarının ümumi səyi və ortaq vizyonu sayəsində bu böyük coğrafiya artıq “C5” formatından “C6” formatına transformasiya edilib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul olunması ilə bağlı yekdil tarixi qərar ötən ilin noyabrında məhz Özbəkistanın ev sahibliyi etdiyi tədbirdə baş tutub. Prezident İlham Əliyevin Özbəkistanın ən yüksək dövlət təltifinə-“Dostluq” ordeninə, Prezident Şavkat Miziyoyevin isə Azərbaycanın ən ali “Heydər Əliyev” ordeninə layiq görülməsi Liderlərimizin həm də bu istiqamətdəki böyük xidmətlərinə verilən yüksək qiymətdir. Təltifolunma mərasimində Özbəkistan Liderinin Prezident İlham Əliyev haqqında söylədiyi bu dəyərli fikirlər də Azərbaycan Prezidentinin tarixi xidmətlərinin səmimi etirafıdır: “Bu gün ölkəmizin əsl dostu olan Sizə bu nüfuzlu mükafatı-ən yüksək dərəcəli “Dostluq” ordenini təqdim etməkdən xüsusilə məmnunam. Bu, Özbəkistanla Azərbaycan arasında əbədi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə Sizin verdiyiniz böyük töhfəyə hörmətin və minnətdarlığın rəmzidir”.
Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev ilə birgə iştirak etdikləri çoxsaylı açılış və təməlqoyma mərasimləri, xüsusilə iki Liderin iştirakı ilə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin açılışı tarixi və mədəni irsimizin dövlət siyasəti səviyyəsində qorunduğunu əyani şəkildə nümayiş etdirir. Bu cür siyasi qərarlar bir daha göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri möhkəm və səmimi təməllərə söykənir, həyata keçirilən böyük layihələr isə bu tarixi prosesin dönməz xarakter almasına xidmət edir. Prezident İlham Əliyevin təltifolunma mərasimində Özbəkistan Prezidenti ilə bağlı söylədiyi bu səmimi fikirlər indiki və gələcək nəsillərə həm də bu mesajı verir ki, əbədi dostluğumuzun və müttəfiqliyimizin kökündə unudulmaz xidmətlər və əməli addımlar dayanır: “Mən bu gün artıq bu barədə danışdım və Azərbaycanda hamı bilir ki, dünyada Qarabağın bərpasında bizə ilk kömək edən Prezident, ilk ölkə Prezident Mirziyoyev və Özbəkistandır”.
Daşkənddə fəaliyyət göstərən Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetdə bu gün altı Azərbaycan vətəndaşı da təhsil alır. İnanıram ki, yaxın illərdə yüzlərlə azərbaycanlı bu böyük universitetin tələbə və məzunu adını qazanmağa müvəffəq olacaq. Ona da şübhə etmirəm ki, Prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə qardaş Özbəkistan adından Füzulidə inşa olunmuş və artıq fəaliyyət göstərən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbinin məzunları gələcəkdə Azərbaycan və Özbəkistan əlaqələri ilə yanaşı, bütövlükdə Türk dünyasının birliyinə və rifahına böyük töhfələr verəcəklər.
Səfər çərçivəsində Azərbaycanın və Özbəkistanın birinci xanımlarının ziyarət etdikləri məkanlar da ona dəlalət edir ki, ortaq tarixi köklərimizə və milli-mədəni irsimizə münasibət hər iki ölkənin ali məqamlarında olduqca həssasdır. Birinci xanım Mehriban Əliyevanın və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyevanın birgə ziyarət protokoluna İslam Sivilizasiyası Mərkəzinin, “Oxunguzar” incəsənət məkanının, İsmayıl Samani türbəsinin və “Ark” qalasının daxil edilməsi, ilk növbədə, onun göstəricisidir ki, xalqlarımızı birləşdirən tarixi bağlara, milli-mədəni və dini dəyərlərimizə rəsmi münasibət milli düşüncəyə söykənir. Heç şübhəsiz ki, birinci xanımlarla əvvəlcədən razılaşdırılmış ziyarət Protokolu onların öz təşəbbüsü və seçimi olmaqla yanaşı, həm də hər iki ölkədə milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə dövlətin yanaşma siyasətini əks etdirir.
Gündən-günə böyüməkdə olan iqtisadi-ticari əlaqələr, ölkələrimiz arasında Orta Dəhlizin imkanlarını artan dinamika ilə reallığa çevirən tranzit daşımaları hər iki ölkənin iqtisadi müstəqilliyinin gücləndirilməsinə xidmət edir. Liderlərimizin siyasi iradəsi, həmçinin milli və müstəqil dövlətçiliklə bağlı tam mənada üst-üstə düşən siyasi vizyonları sayəsində qarşılıqlı iqtisadi uğurlar nəticə etibarilə dövlətçilik ənənələrimizlə yanaşı, tarixi bağlarımızın qorunmasına xidmət göstərir.
Sözsüz ki, əbədi dostluq həm də ortaq təhlükəsizlik modelindən keçir. Son beş ildə, xüsusilə Azərbaycan Liderinin Özbəkistana hazırkı dövlət səfəri çərçivəsində imzalanan Müqavilə və digər sənədlər bu hədəfin möhkəm təməlini inşa edir. Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü dəyərli təşəbbüslər eyni məqsədin gerçəkləşməsinə xidmət göstərir. Prezident İlham Əliyevin Daşkənddə mətbuata səsləndirdiyi bu yığcam açıqlamanın arxasında, əslində, olduqca böyük və artıq tarixi fakta çevrilən reallıq dayanır: “Fakt budur ki, bu gün ikitərəfli münasibətlər çox möhkəm-həm mənəvi, həm də maddi təməl üzərində qurulub. Bu sintezə dünya siyasətində nadir hallarda rast gəlinir və o, mövcuddur”.
Ülvi Quliyev,
Milli Məclisin deputatı


























