image-reklam-veteninfo
image-img_1223backend

“Azərbaycan-Türkiyə qardaşlığı gündəlik mübahisələrin üzərindədir” -İYİ Partiya millət vəkilindən-ÖZƏL AÇIQLAMA  

image-reklam-veteninfo

Türkiyə Böyük Millət Məclisinin İYİ Partiyadan olan Muğla millət vəkili Metin Erqun Vətəninfo.az İnformasiya Agentliyinə özəl açıqlama verib.

Millət vəkili açıqlamasında Azərbaycan-Türkiyə münasibətlərindən, iki ölkə arasındakı strateji müttəfiqlik və qardaşlıq əlaqələrindən, həmçinin son dövrlərdə sosial şəbəkələrdə müşahidə olunan bəzi manipulyativ müzakirələrdən danışıb.

Metin Erqun bildirib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər yalnız iki dövlət arasında mövcud olan diplomatik əlaqələrlə məhdudlaşmır.

“Azərbaycan-Türkiyə əlaqələri eyni millətin tarixindən, ortaq mədəniyyətindən, dilindən və güclü ictimai bağlarından qaynaqlanır. Bu münasibətlər ‘bir millət, iki dövlət’ anlayışının da fövqündə strateji qardaşlıq və həmrəylik təməlinə malikdir.
Bu köklü bağların sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş iddialar və gündəlik mübahisələr üzərindən zədələnməsinə yol verməməliyik”, – deyə o qeyd edib.

İYİ Partiyanın təmsilçisi media və sosial şəbəkələrdə hər kəsin tənqid və ifadə azadlığı hüququna malik olduğunu vurğulayıb. Bununla yanaşı, o, həssas məsələlərdə məsuliyyətli yanaşmanın vacibliyini diqqətə çatdırıb.

“Lakin tənqidlə dezinformasiya, informasiya ilə manipulyasiya arasındakı sərhədin qorunması həm Türkiyənin, həm də Azərbaycanın ortaq məsuliyyətidir.
Türkiyə-Azərbaycan əlaqələri ayrı-ayrı dövri mübahisələrdən və sosial media gündəmlərindən daha güclü tarixi təmələ malikdir. Gözləntimiz budur ki, iki qardaş ölkənin qarşılıqlı etimadını zədələyə biləcək ifadələr əvəzinə, həqiqətlərə əsaslanan, təmkinli və məsuliyyətli ünsiyyət tərzi üstünlük təşkil etsin”, – millət vəkili bildirib.

Metin Erqun açıqlamasının sonunda iki ölkənin təhlükəsizliyi və gələcək perspektivlərinin qarşılıqlı bağlılığına da toxunub.

“Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi, Azərbaycanın hüzuru Türkiyənin hüzurudur. Eyni şəkildə Türkiyənin təhlükəsizliyi və hüzuru da Azərbaycanın təhlükəsizliyi və hüzurudur.
Bu qardaşlıq gündəlik mübahisələrdən üstün tutulmalı olan ortaq dəyərdir”, – deyə Türkiyə parlamentinin üzvü vurğulayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki