Narkotik maddələrin qanunsuz istehsalı və dövriyyəsi transmilli cinayətdir. Bu barədə BMT-nin “Cinayətkarlıq və ictimai təhlükəsizlik haqqında” Bəyannaməsində də vurğulanıb. Bu istiqamətdə təşkilat 1961-ci ildə vahid konvensiya, 1972-ci ildə Protokol, 1971-ci ildə Psixotrop maddələr haqqında konvensiya, 1988-ci ildə isə Narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında konvensiya qəbul edib.
Narktotik maddələrin qanunsuz istehsalı və dövriyyəsi ilə terrorçuluq, separatçılıq kimi cinayətlər bir sırada durur. Terrorçuluq və separatçılıq olan yerdə narkotik maddələrin qanunsuz dövriyyəsi və s. bir-biri ilə əlaqəli olur. Beynəlxalq səviyyədə tanınan və ya tanınmış bütün terrorçu qruplaşmalar maliyyə vəsaitini bu sahədən gələn gəlir hesabına əldə edirlər.
İŞİD ən varlı terrorçu qruplaşma sayılırdı. Onun büdcəsi narkotik maddələrin və neftin qanunsuz dövriyyəsindən əldə edilən gəlir hesabına formalaşırdı. Ona görə də İŞİD-in Suriyada narkotik maddə istehsal etdiyinə dair xəbərlər yayılırdı. Narkotik və ya psixotrop maddələrin hesabına varlanmaqla yanaşı, cinayətkar dəstələr üzvlərinə həmin uyuşdurcuları qəbul etdirirlər. Bununla da onlarda “cəsarətli” və “qorxmaz” “döyüşçü” obrazı yaradırlar. Lap Həsən Sabbahın xaşxaşilər hərəkatında olduğu kimi.
İntiharçı-terrorçular, cəllad qatillər bu sayaq süni vasitələrin hesabına formalaşdırılır. Belə maddələrdən biri amfetamindir (ona “kaptaqon” da deyirlər). Bu, “dəhşət iksiri” adlanır. Terrorçu qruplaşma üzvləri narkotik maddə qəbul etməklə özlərini güclü sayır, manqurtlaşırlar. Qeyd edək ki, bu preparatla bağlı ilk elmi sınaqlar İtaliyada keçirilib. Karabinerlər (hərbçilər) 2013-cü ildə Liviyadakı parakəndə yaraqlı qruplarını nizami orduda birləşdirmək üçün göndəriləndə onların apardıqları analizlər göstərib ki, potensial kursantların 30 faizdən çoxu narkotik maddə aludəçiləridir.
2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının büdcəsinin də narkotik maddələrin qanunsuz dövriyyəsindən formalaşdığı barədə çox yazılıb. Əfqanıstana bir ildə tiryəkin satışından 1,5-3 milyard dollar gəlir əldə edib. “Taliban” rəsmi olaraq narkotik maddələrin qəbulunu qadağan etsə də, xaşxaş sahələri onların nəzarəti altındadır. Məlumata görə, son on ildə dünya bazarına çıxarılan heroinin demək olar ki, hamısı Əfqanıstan mənşəlidir. Bu ölkədə istehsal olunan narkotik maddələr Mərkəzi Asiya ölkələrindən Rusiyaya, İrandan Türkiyəyə, oradan isə Avropa və Qərb ölkələrinə ixrac edilir.
Son zamanlar Dəməşq rejiminin başçısı Bəşşar Əsədin də narkotik maddələrin istehsalı və dövriyyəsi ilə məşğul olduğuna dair faktlar aşkar edilib, araşdırma yazılar dərc olunub. Suriya bir vaxtlar İŞİD üzvlərinin qəbul etdiyi “kaptaqon”un istehsal edən əsas ölkələrdəndir. Məlumatlara əsasən, Suriya “kaptaqon”un qlobal mərkəzi sayılır. Bu psixotrop maddə ölkədə sənayeləşib. Bir vaxtlar dünya bazarına müxtəlif sənaye malları və neft çıxaran bu ölkənin adı indi daha narkotik maddələrin qanunsuz dövriyyəsi, istehsalında hallanır. Əvvəllər Suriyanın keçmiş Prezidenti Hafiz Əsədin və sonralar Bəşşar Əsəd hakimiyyətinin kimyəvi silah əldə ediklərinə dair xəbərlər yayılırdı. Bəşşar Əsədin bu silahdan istifadə etdiyi belə təsdiqlənmişdi. Onda belə çıxır ki, Bəşşar Əsəd rejimi ölkənin keçmiş elmi potensialını indi də kimyəvi tərkibli narkotik maddələr istehsalına sərf edir. “Kaptaqon” Latakiya limanı vasitəsilə “dünya bazarı”na daşınır. Bu limana isə Bəşşar Əsədin əmisi oğlu Samir əl-Əsəd nəzarət edir. Narkotik maddələrin qanunsuz dövriyyəsi və istehsalı isə Dəməşq rejimi başçısının kiçik qardaşı, Suriya ordusunun 4-cü zirehli tank alayının komandanı Mahir əl-Əsədin rəhbərliyi ilə həyata keçirilir. Məlumatlara görə, 2020-ci ildə Suriyadan bazara 3,46 milyard dollarlıq “kaptaqon” ixrac olunub. Baş verənlərə və yayılan xəbərlərə əsasən, belə qənaətə gəlmək olar ki, Bəşşar Əsəd “Suriyada xarabalıqları üzərində narkotiklər imperiyasını” qurur. Milyonlarla vətəndaşı didərgin düşən, ərazisinin yarısına nəzarəti itirən, İran və Rusiyanın yardımı hesabına hakimiyyətini qoruyan Bəşşar Əsəd rejimini qorumaq üçün narkotik maddələrin qanunsuz dövriyyəsindən milyardlarla dollar qazanır.
Bir neçə il əvvəl İtaliyanın cənubunda Neapol Gömrük Mühafizə Polisi Suriyada İŞİD tərəfindən istehsal olunan 14 ton narkotik tərkibli həb ələ keçirdiyini bildirmişdi. Bu, dünyada indiyədək bir dəfəyə ələ keçirilən ən yüksək miqdarda amfetamin həbidir. Neapol Prokurorluğu tərəfindən Salerno Limanında baş tutan əməliyyatda ələ keçirilən 84 milyon amfetamin həbinin Suriyadakı İŞİD silahlıları tərəfindən təşkilatı maliyyələşdirmək üçün istehsal edildiyi bildirilirdi. Bu miqdarda amfetamin həbinin qanunsuz satışı təşkilata bir milyard avrodan çox gəlir gətirəcəkmiş. İndi isə İtaliya, Yunanıstan, İndoneziya, Malayziya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və başqa ölkələrin rəsmiləri Suriyadan qaçaq yolla gətirilən narkotik maddələrin tutulduğuna dair bəyanatlar veriblər. 2020-ci ildə dünya üzrə 250 milyon “kaptaqon” həbi götürülüb və bu da 4 il əvvəlin göstəricisindən 18 dəfə artıqdır.
On ildir Bəşşar Əsəd rejimini hansı maliyyə vəsaiti hesabına saxlayır? O, neft yataqlarının hamısına nəzarət etmir. Gömrük məntəqələri və başqa gəlir mənbələri də əldən çıxıb. O zaman Dəməşq rejiminin narkotik maddələrin qanunsuz istehsalı və dövriyyəsi ilə məşğul olmasına dair yayılan məlumatlar, mülahizələr, arqumentlər təsdiqlənir. Deməli, Bəşşar Əsəd tabeliyində olan qüvvələrin istehsal etdiyi narkotik maddələrin qanusuz dövriyyəsindən gələn gəlirlərin hesabına hakimiyyətini qoruyur, guya seçki keçirir, ordusunu silahlandırır, nəzarəti altında olan ərazidəki əhalinin xərclərini ödəyir, dəvət etdiyi ölkələrin maliyyə xərclərini verir. Çünki bu rejimin özünü ayaqda saxlamaq üçün başqa maliyyə mənbəyi demək olar ki, yoxdur. Bu baxımdan Bəşşar Əsəd xilası narkotik maddələrin beynəlxalq satışında görür. O, özünü qorumaq üçün milyonlarla gənc, yeniyetməni zəhərləyir. Odur ki, BMT yuxarıda qeyd etdiyimiz bəyannaməyə uyğun olaraq addım ata bilər.
Son zamanlar Azərbaycan ictimaiyyəti “patı” adını tez-tez eşidir. Ölkədə bu psixotrop maddənin qanusuz satışı ilə məşğul olan çoxlu sayda insan həbs edilib. “Patı” mərkəzi sinir sistemini stimulyasiya edən sintetik narkotik maddədir. Bu, yəni metamfetamin laborator şəraitdə hazırlanan tam sintetik maddədir. Əhali arasında daha çox “patı” və “şüşə” kimi tanınmasının səbəbi həmin maddənin kimyəvi tərkibi və görünüşünün şüşə qırıntılarını xatırlatmasıdır. Bu maddə Azərbaycana hansı yolla gəlir? Ən başlıca yol cənubdur. İrandan ölkə gənclərini zəhərləmək üçün az qala hər gün bu maddənin keçirilməsinə dair xəbərlər yayılır.
Beləliklə, Rusiya və İran Suriyadakı rejimin ən qatı himayədarlarıdır. Qeyd edək ki, rəsmi Tehranın Əfqanıstandakı keçmiş və indiki “Taliban” hökuməti ilə də münasibət yaxşı olub. Rusiyadan Azərbaycana narkotik maddələrin gətirilməsi ilə bağlı xəbərlərə demək olar ki, rast gəlinmir. Onda qeyd etdiyimiz sualın cavabına aydınlıq gəlir. Suriyadan uçan təyyarələrə nəzarət olunmur. Başqa sözlə, Bəşşar Əsəd rejimi Rusiya, Çin və İranla əməkdaşlıq edir. Rejimin istehsal etdiyi “məhsul” Rusiyadan Avropaya, Çindən isə Asiya ölkələrinə daşına bilər. Bu baxımdan Azərbaycana narkotik maddələr, o cümlədən “patı” kimi kimyəvi “mallar” qanunsuz olaraq daha çox bir ölkədən iki mənbədən daşınır: Əfqanıstan-İran, Suriya-İran. Tətbiq edilən sanksiyalar səbəbindən İran iqtisadiyyatı ağır vəziyyətə düşüb. Odur ki, bu ölkədəki narkotacirlərin fəaliyyəti üçün geniş meydan açılıb. Yaranmış vəziyyət Suriyanı Əfqanıstana çevirib, İran isə narkotik maddələrin qanunsuz dövriyyəsi üçün əlverişli tranzit ərazisidir.