image-381037_res_01backend

Hər gün təxminən 45-46 ailə dağılır..

image-reklam_sirab_01

Azərbaycanda ailə institutu daha möhkəm dayaqlara sahib olub, o cümlədən uzunmüddətli ailə ənənələri mövcuddur. Bəs son illər Azərbaycan ailələrində nə baş verir? Redaksiyamız bu suala cavab axtarıb

 

Günə 45-46 ailə dağılır Müxtəlif dövlət və özəl qurumlar tərəfindən boşanmaların səbəbləri araşdırılıb, kimi təcrübəsinə, kimi sorğulara, başqa birisi məhkəmə iddialarına əsasən versiyalar səsləndirir. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, səbəblərdən asılı olmayaraq gündə 45-46 ailənin dağılması həyəcan təbili çalmaq üçün ciddi siqnaldır.

Ailə institutu məhv olmaq üzrədir. “Pandemiya dövründə qapalı münasibətlər, qısqanclıqlar, sosial şəbəkələrdən yaranan asılılıq, iqtisadi amil, zərərli vərdişlər boşanmaların artmasına səbəb olan amillərdəndir. Mühit, cəmiyyətdəki stereotiplər, bir çox hallarda ailədaxili münasibətlər ailənin davamlı, sabit qalmasında maneçilik törədir”, – Zeynalova deyir. Onun sözlərinə görə, son iki ildə sığınacağa müraciətlər 4-5 dəfə artıb. Qadınların əksəriyyəti zorakılığın müxtəlif formaları ilə üzləşib: “Məsələn, ana iki azyaşlı övladı ilə evdən qaçaraq sığınacağa yerləşib. Uşaq evdəki davalardan təsirlənib, uzun müddətdir psixoloji iş aparılmasına baxmayaraq hələ də qorxu içindədir. Başqa birinin həyat yoldaşı evə qapadıb, günlərlə döyüb, ac saxlayıb. Digəri narkotika istifadəçisidir, qadının qazandığı pulları əlindən alaraq narkotikaya xərcləyib. Belə faktlar onlarladır. Fiziki, psixoloji zorakılıqla demək olar ki, hər gün rastlaşırıq”.

Amma Zeynalova boşanmalarda yalnız kişiləri günahlandırmır. Deyir ki, üçüncü şəxsin ailəyə müdaxiləsi, xəyanət, qadın azadlığı ilə bağlı yanlış təbliğatlar, maddi çətinliklərdən dağılan ailələrin sayı da kifayət qədərdir. Və son illər sosial şəbəkələrin səbəb olduğu faciələr də statistikada xüsusi yer tutmağa başlayıb.

Hüquq müdafiəçisi erkən nigahları və ya hər hansı bir səbəbdən rəsmi nigah bağlamadan qurulan ailələri də xatırladır. Deyir ki, bu ailələr dağılarkən boşananların statistikasında yer almır, rəsmi nigah olmadığından nəinki qadının, hətta uşaqların da hüquqlarının qorunması çətinləşir.

 

“Biz bu rəqəmlərlə razılaşmırıq”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, boşanmalarla bağlı ən yüksək göstərici 2019-cu ildə qeydə alınıb, 17 min ailə dağılıb. 2020-ci ildə statistika 14 minə qədər azalıb. “Bu ilin yarısında 8168 boşanma qeydə alınıb. Amma ötən il məhkəmələrə edilən müraciətlər də var, hansı ki, noyabr, dekabr aylarında müraciət olunub, lakin əmlak, yaxud uşaqla bağlı məsələlərdən qərar yanvarda, yaxud fevralda verilib. Həmin qərarlar da bu ilin statistikasında yer alıb. Boşanmalarla bağlı 6 ayın göstəricisini 2020-ci il və ondan əvvəlki illərlə, eləcə də bağlanan nigahlarla müqayisə etsək, görərik ki, boşanmaların göstəricisi artmayıb, təxminən eyni qalıb. Əksinə, bu il nigahların sayında artım müşahidə edilir. Amma bu o demək deyil ki, biz boşanmaların sayı ilə razılaşmalıyıq”, – Səfərov deyib. İlk yeri 3 ilə qədər olan ailələr tutur Komitə rəsmisi deyir ki, araşdırmalara görə dağılan ailələr arasında 3 ilə qədər olan nigahların sayı çoxdur. Boşanmaq üçün müraciət edənlər arasında 25-35 yaşlı kişilər, 20-30 yaşlı qadınlar üstünlük təşkil edir. Səbəblərə gəldikdə, xəyanət, sonsuzluq, alkoqollu içki və narkotikaya asılılıq ilk yerdədir.

“Sonsuzluğa görə boşanmalar təxminən 10 faiz təşkil edir. Bu da az göstərici deyil. Xəyanətin səbəb olduğu boşanmalar da təxminən o qədərdir. Amma xəyanətə gətirən səbəblər də ayrıca bölünür. Daha çox sosial şəbəkələrdə yazışmalar, qısqanclıq və bu kimi məsələlər qeyd edilir.

Alkoqol və narkotikadan asılılıq, məişət zorakılığı da səbəblər arasındadır”. Görülən tədbirlər və nöqsanlar Azərbaycanda zorakılıq qurbanlarının üz tuta biləcəyi bir neçə sığınacaq var. Lakin hələ də ailələrin, qadınların, yetkinlik yaşına çatmayanların bir yerdə qalması üçün 24 saat fəaliyyət göstərən dövlət sığınacaqları yaradılmayıb. Hansı ki, əksər ölkələrdə belə sığınacaqlar var və həmin mərkəzlərdə zorakılıq qurbanlarının təhlükəsizliyi təmin edilir, səhiyyə, sosial, hüquqi xidmətlər göstərilir. Bununla belə, 11 dövlət qurumunun iştirakı ilə yaradılan gender əsaslı komissiyalar fəaliyyətdədir.

Məişət zorakılığının qarşısını almaq üçün milli fəaliyyət planı qəbul edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “qaynar xətt” xidməti yaradılıb. E.Səfərov deyir ki, “qaynar xətt” xidmətinə ötən ilin dekabrından indiyədək 600-dən çox müraciət olub. “Faktlarla addım-addım işlər aparılmalıdır. Psixoloji, hüquqi yardım göstərilməlidir. Təəssüf ki, ölkəmizdə ailə psixoloqları, ailə hüquqşünasları yoxdur”, – Səfərov əlavə edib.

Pandemiya boşanmaların sayının artmasına səbəb olub Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov isə deyir ki, son iki ildə boşanmaların sayının artması birbaşa pandemiya ilə bağlıdır. Pandemiya sosial həyata, iqtisadi münasibətlərə, psixoloji sağlamlığa zərbə vurub. Xüsusilə pandemiyanın pik günlərində tətbiq edilən karantin müddətində iş yerləri bağlanması maddi çətinliklər yaradıb. “Boşanmalar müəyyən münaqişələr nəticəsində baş verir. Əslində, münaqişələrin də 5 növü var – gözləntilərin doğrulmaması, real vəziyyətə zidd gözləntilər, ifadə olunmayan gözləntilər, qeyri-real gözləntilər və dəyər münaqişələri. Hər münaqişədə müxtəlif misallar gətirmək olar. Məsələn, sonuncu halda tutaq ki, qadın müasirdir, ər ənənəvi dəyərləri olan ailədə böyüyüb və fikirlər arasında təzadlar yaranır”, – İsmayılov deyib.

Müsahibimizin sözlərinə görə, həyat şərtləri dəyişir, informasiya mənbələri çoxalır. Təbii ki, ailə institutları da sıradan çıxır, keçmiş ənənələrə qayıtmaq isə çətindir: “Psixi sağlamlıq haqqında məlumatlar almaq çox vacibdir. Ailə psixoloqlarını inkişaf etdirmək lazımdır, çünki ailələrdə problemlər yarananda mütəxəssislərə müraciət edilməlidir. Təəssüf ki, yalnız Bakıda psixoloqlara müraciət edilməsi halları ilə rastlaşırıq. Ailə psixoloqları problemi həll etmir, amma həll yollarını göstərir. Adi fakt deyim, təxminən iki həftə əvvəl cütlük müraciət etmişdi, ayrılmaq qərarı almışdılar. Onların hər ikisinə tapşırıq verdim, qız oğlanın, oğlan isə qızın müsbət cəhətlərini, eləcə də gözləntilərini yazdı, hansı məsələdə güzəştlərə gələ biləcəklərini qeyd etdilər. Cütlük kabinetdən barışıqla çıxdı, çünki münaqişəsiz, sakit halda müzakirə etmək lazımdır”.

Sosioloq Leyla Məmmədova isə deyir ki, qloballaşan dünyada insanların dəyərləri dəyişib, mənəvi dəyərlər arxa plana keçib. Bunun qarşısını almaq isə mümkünsüzdür. “Azərbaycanda mental ailə modelindən imtina edilir. Amma alternativ ailə modeli yoxdur, ümumiyyətlə, bunun üzərində iş getmir”, – Məmmədova deyib. Əlavə edib ki, informasiya cəmiyyətində ailə planlaşdırılması məsələsi çox önəmlidir, buna görə də əsas hədəf cütlüyün psixoloji-sosial konsultasiyalarla təmin etməkdir. “Məktəblərdə və institutlarda ailəyə hazırlıqla bağlı mövzuların tədrisi təklif oluna bilər, hansı ki, illər əvvəl təcrübədən keçirilib. Uşaqlara məktəb yaşlarından ən azından qarşısındakını dinləməyi, başqalarını başa düşməyi və özünü həmin şəxsin yerində hiss etməyi aşılamaq olar. Çünki vəziyyətdən çıxış yolu ailədə qarşılıqlı anlaşma mühiti yaratmaq, münaqişələrə gətirib çıxaran hallar üzərində düşünmək, qarşı tərəfin hüquqlarına hörmət hissi ilə yaxınlaşmaqdır”, – sosioloq belə hesab edib.

Ülviyyə Xudiyeva.

image-bos2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki