Xüsusən, sosial mediada səsləndirilən “Azərbaycan kinosu ölüb” fikrinin yanlış olduğunu hər dəfəsində yeni bir faktla təsdiq edirik. Bu da növbətisi:
Azərbaycan filmləri beynəlxalq arenada ölkəmizi təmsil etməyə davam edir. Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə istehsal olunan “Tənha insanın monoloqu” filmi Fransanın Briv şəhərində keçirilən 23-cü Brive Film festivalında iki mükafat qazanıb.
“Ədəbiyyat və incəsənət” portalına filmin prodüseri Sərvər Bayramovun verdiyi məlumata görə, ortametrajlı filmlərin mübarizə apardığı festivalda bu film mükafatlandırma mərasimində “Tamaşaçı rəğbəti” (Audience award) və “Xüsusi mükafat”a (Prix special) layiq görülüb.
2004-cü ildə əsası qoyulan və Fransada keçirilən Brive Film Festivalı yalnız 30–60 dəqiqəlik ortametraj filmlərə həsr olunmuş dünyanın ilk nüfuzlu festivalıdır.
Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərlidir. Baş rolları Mahir Dərviş və Elşən Əsgərov canlandırıblar.
Ekran əsəri “Shahdagfilm” studiyasında istehsal olunub.
Qeyd edim ki, film bundan əvvəl Banqladeşdə keçirilən 24-cü “Dəkkə” Beynəlxalq Film Festivalının “Asiya film müsabiqəsi” bölməsində “Ən yaxşı rejissor” nominasiyasında mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”


























