Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara söykənən, uzaqgörən və praqmatik xarici siyasət kursunda Avropa dövlətləri ilə münasibətlərin dərinləşdirilməsi xüsusi yer tutur. Qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında formalaşan bu siyasət nəticəsində Azərbaycan bu gün Avropa siyasi məkanında sabitlik yaradan təşəbbüslərin müəllifi kimi qəbul edilir. Bu baxımdan Latviya Respublikası ilə münasibətlərin davamlı inkişafı ölkəmizin çoxtərəfli xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri kimi diqqət çəkir.
Latviya Respublikası Azərbaycanın dövlət müstəqilliyini 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 1994-cü ildə qurulmuşdur. Sonrakı mərhələdə qarşılıqlı etimada əsaslanan əlaqələr ardıcıl şəkildə inkişaf etmiş, 2005-ci ildə Azərbaycanın Latviyada, 2006-cı ildə isə Latviyanın Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirmişdir. Bu gün Bakı ilə Riqa arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək ruhu müşahidə olunur.
Aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin tarixində yeni mərhələ kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşlərinin keçirilməsi, Azərbaycan–Latviya biznes-forumunun təşkili, eləcə də müxtəlif sahələri əhatə edən mühüm sənədlərin mübadiləsi tərəfdaşlığın konkret nəticələrə söykənən praktik müstəviyə keçdiyini nümayiş etdirdi.
Xüsusilə “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd kimi diqqət çəkir. Bununla yanaşı, daxili işlər sahəsində əməkdaşlıq sazişi, kənd təsərrüfatı üzrə niyyət bəyannaməsi, konsulluq sahəsində anlaşma memorandumu, qida təhlükəsizliyi və bitki mühafizəsi üzrə razılaşmalar, həmçinin sərhəd xidmətləri arasında 2026–2027-ci illəri əhatə edən əməkdaşlıq planı münasibətlərin çoxşaxəli və institusional xarakter daşıdığını bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər isə münasibətlərin strateji mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının vurğuladığı kimi, doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ölkələrimiz arasında əlaqələrin hüquqi-siyasi bazasını formalaşdıraraq əməkdaşlığın ən yüksək səviyyəyə yüksəlməsinə mühüm zəmin yaradıb. Bu sənəd bu gün də siyasi dialoqdan iqtisadiyyatadək, enerji sahəsindən humanitar əməkdaşlığa qədər geniş spektr üzrə münasibətlərin əsas istinad mənbəyi kimi çıxış edir.
Çağdaş dövrdə beynəlxalq münasibətlər sistemində Azərbaycan–Latviya əlaqələrinin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, bu tərəfdaşlıq Avropa ilə Cənubi Qafqaz arasında mühüm geosiyasi və geoiqtisadi körpü funksiyası daşıyır. Latviya Avropa İttifaqının üzvü kimi Azərbaycanın Avropa bazarları ilə əlaqələrinin genişlənməsində, xüsusilə enerji təhlükəsizliyi və logistika sahələrində əhəmiyyətli tərəfdaşdır. Azərbaycan isə Latviya üçün Cənubi Qafqaz regionunda etibarlı, sabit və perspektivli tərəfdaş olaraq çıxış edir.
Azərbaycanın təşəbbüsü ilə formalaşan Orta Dəhliz layihəsi artıq Avropa ilə Asiyanı birləşdirən mühüm iqtisadi arteriyalardan birinə çevrilməkdədir. Latviyanın liman infrastrukturu ilə Azərbaycanın tranzit imkanlarının uzlaşdırılması Baltik regionu ilə Xəzər hövzəsi arasında yeni iqtisadi sinerji yarada bilər. Bu isə yalnız iki ölkə üçün deyil, bütövlükdə Avrasiya məkanının ticarət xəritəsi üçün strateji əhəmiyyət daşıyır.
Enerji sahəsində əməkdaşlıq da münasibətlərin prioritet istiqamətlərindəndir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol hər ötən il daha da artır. Ənənəvi enerji resursları ilə yanaşı, ölkəmizin yaşıl enerji gündəliyi, Xəzər hövzəsinin bərpaolunan enerji potensialı və yaşıl enerji dəhlizi təşəbbüsləri Avropa dövlətləri, o cümlədən Latviya üçün xüsusi maraq doğurur.
Humanitar əlaqələr də münasibətlərin davamlılığını təmin edən əsas amillərdən biridir. Təhsil sahəsində əməkdaşlığın genişlənməsi, Latviyada təhsil alan azərbaycanlı tələbələrin artması, insanlararası təmasların intensivləşməsi xalqlarımız arasında qarşılıqlı anlaşma və dostluq mühitini daha da möhkəmləndirir.
Bu gün Bakı ilə Riqa arasında münasibətlər yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan Avropada etibarlı tərəfdaş kimi nüfuzunu davamlı şəkildə gücləndirir. Latviya ilə əməkdaşlığın genişlənməsi isə ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini, yeni siyasi və iqtisadi imkanların açıldığını aydın şəkildə göstərir.
Azərbaycan–Latviya tərəfdaşlığı qarşılıqlı fayda, strateji baxış və gələcəyə hesablanmış əməkdaşlıq modelidir. Bu model yaxın perspektivdə həm ikitərəfli münasibətlərin daha da dərinləşməsinə, həm də Avropa ilə Cənubi Qafqaz arasında möhkəm və dayanıqlı əməkdaşlıq körpülərinin qurulmasına mühüm töhfələr verəcəkdir.
Cavanşir Feyziyev, Milli Məclisin deputatı


























