Azərbaycanda radio efirlərinin maarifləndirici və mədəni ünsiyyət platformasından daha çox ucuz şou, qışqırıq və bayağı zarafat meydanına çevrilməsi yenidən müzakirə mövzusu olub.
Vətəninfo.az xəbər verir ki, sosial şəbəkələrdə Radio TMB 100.5 FM-in aparıcısı, “Çiçək” ləqəbi ilə tanınan Şəhla Vakkasanın canlı efirdəki danışıq tərzi ilə bağlı görüntülər yayılıb.
Jurnalist Pərviz Hüseynlinin paylaşdığı həmin efir parçası sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. İzləyicilər aparıcının yüksək səslə, kobud üslubda danışmasını, efirə zəng edən dinləyicilərlə zarafatlaşmasını radio efirinə yaraşmayan davranış kimi qiymətləndiriblər.
Müzakirələrdə bildirilir ki, radio aparıcısı efirdə yalnız əyləndirməklə kifayətlənməməli, həm də dinləyiciyə hörmət etməli, ictimai ünsiyyət mədəniyyətini qorumalıdır. Xüsusilə canlı yayımlarda aparıcının danışıq tərzi, seçdiyi ifadələr və auditoriyaya münasibəti radionun ümumi imicinə birbaşa təsir edir.
Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid atəşinə tutaraq yazıblar ki, efiri ucadan gülmək, mənasız replikalar və dinləyicini lağa qoymaq üzərində qurmaq peşəkar radio aparıcılığı deyil.
Qeyd edək ki, Şəhla Vakkasa “Çiçək” ləqəbi ilə uzun illərdir radio sahəsində tanınır. O, daha əvvəl “Çiçəkli dəqiqələr” verilişi ilə məşhurlaşıb.(“Yeni Sabah”)


























