Bu zamana qədər Somali ilə Azərbaycan arasında əlaqələr diplomatik səviyyədə olub. Ancaq Azərbaycanın dünyada artan nüfuzu, onun inkişaf etməkdə olan ölkələrlə dostluq əlaqələri yaratması digər ölkələr kimi, Somali rəhbərliyinin də diqqətini cəlb etdi. Bu gün Somalinin bir çox problemləri var və bu problemlərin həllində o, Azərbaycan təcrübəsindən yararlanmaq, onu yanında görmək istəyir.
Somali İslam ölkəsi, Şərq dünyasının bir hissəsi olsa da, indiyədək Azərbaycan haqqında ancaq diplomatik əlaqələrlə məlumatı var. Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Vurğulamalıyıq ki, vaxtilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair İƏT-in Kontakt Qrupunun üzvü kimi Somali daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən biri olub. Bundan əlavə, Somali-Türkiyə münasibətləri Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edir, çünki Türkiyə Azərbaycan üçün strateji tərəfdaşdır və onun Afrika ilə əməkdaşlığında mühüm rol oynayır. Somali, həmçinin iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür.
Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model ola bilər.
Bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin paytaxt Moqadişoya səfəri, indi isə Somali Prezidentinin Azərbaycana səfəri bir daha göstərdi ki, daha çox ölkə Azərbaycanla əlaqə qurmaq istəyir, daha çox ölkə Azərbaycanla birgə əməkdaşlıq layihələri həyata keçirmək istəyir, hansı ki, bu, hər iki ölkənin maraqlarına cavab verir. Bu, Azərbaycanın dünyada artan nüfuzunu göstərir. Və imzalanan sənədlər göstərdi ki, Azərbaycan daha bir dost qazandı. Hər iki tərəfin maraqlarına cavab verən layihələr həyata keçirmək mümkün olacaq. Eyni zamanda, bundan sonra Azərbaycan Somalidə və digər Afrika ölkələrində daha çox tanınacaq. Heç də təsadüfi deyil ki, Somali rəhbəri ölkəsini Afrikanın qapısı adlandırdı.
Azərbaycan və Afrika ölkələri arasında münasibətlər sürətlə inkişaf edir. Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında bir sıra mühüm sənədlər imzalanıb. Yaşıl enerji, təhsil, müdafiə və müdafiə sənayesi, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahələri ilə əlaqədar olan bu sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.
Tədbirdən sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev ikitərəfli münasibətlərin tarixində ilk olan bu tarixi səfərin ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını əminliklə vurğulayıb: “Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq”. “Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir” deyən dövlətimizin başçısı, həmçinin bildirib ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır. Buna rəğmən, dövlətimizin başçısı Somalidə sərmayə imkanlarının müzakirəsinin davam etdirilməsinin vacibliyini də qeyd edib.
Qeyd edilib ki, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. “Düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Beləliklə Somali ilə əlaqələrin genişlənməsi istiqamətində atılan gələcək addımlar Azərbaycanın digər ölkələrdə yaxşı münasibətlərinin qurulmasına səbəb olacaq.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru