image-indir-1backend

İqtisadi əməkdaşlığa əsaslanan Avropa İttifaqı və Azərbaycan tərəfdaşlığının tarixi.

image-reklam_sirab_01

Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranmışdır. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minmişdir) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. Həmin dövrdən etibarən Aİ-nin Azərbaycana yardımlarının miqyası və həcmi tədricən artmağa başlamışdır. 1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçisini təyin etmişdir. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilmişdir. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin etmişdir. 8 iyul 2014-cü il tarixindən etibarən Herbert Salber bu vəzifəni tutur.
Azərbaycan və Aİ arasında ticarət əlaqələri hazırda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Aİ Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. 2016-cı ilin yanvar-sentyabr ayı göstəricilərinə əsasən Aİ-nin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 37,12 % (4.730 milyard ABŞ dolları) təşkil etmişdir. Aİ Azərbaycanın ixracda 45.87% idxalda isə 27.89% payla ən böyük ticarət tərəfdaşıdır. Aİ-nin Azərbaycana ixracı əsasən maşınqayırma və nəqliyyat avadanlıqarı, Azərbaycanın Aİ-yə ixracı əsasən neft və qaz olmuşdur (ümumi ixracın 98%).
Azərbaycanın Aİ ölkələri arasında ən böyük ticarət tərəfdaşları İtaliya (1,445 milyard ABŞ dolları, 30.5%), Almaniya (768.70 million ABŞ dolları, 16.25%) və Böyük Britaniyadır (449,71 million ABŞ dolları, 9.5%).
2014-cü ilin fevral ayınadək Azərbaycan məhsullarının Aİ bazarına güzəştli tariflərlə idxalına şərait yaradan Ümumiləşdirilmiş Ticarət Üstünlükləri (GSP) rejimindən faydalanmışdır. Azərbaycan Dünya Bankı tərəfindən 3 il ard-arda yüksək səviyyəli orta gəlirli ölkələr qrupu kateqoriyasında təsnifləşdirildiyindən Aİ-nin 18 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan GSP ölkələri siyahısından çıxarılmışdır.
Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının 5%-ni ödəyir. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır.
2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoymuşdur. Sözügedən Memorandum 4 əməkdaşlıq sahəsini müəyyənləşdirmişdir: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi.
Azərbaycan-Aİ enerji əməkdaşlığı sadəcə Anlaşma Memorandumu ilə məhdudlaşmır. 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhərində Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalamışdır. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynaya biləcək strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusən Şah Dəniz-2 yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik boru xəttinin inşasını əhatə edir. Nəticə etibarı ilə Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaqdır. Nəhəng Şah Dəniz-2 yatağı ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr Avropa ölkələrinə isə 10 milyard kubmetr qaz nəql edəcəkdir.
Cənub Qaz Dəhlizinin həyata keçirilməsində iştirak edən tərəflər arasında səmərəli əlaqələndirməni təmin etmək məqsədilə Azərbaycan Cənub Qaz Dəhlizi üzrə Məsləhət Şurasını təsis etmişdir. Məsləhət Şurasının iclası ildə bir dəfə keçirilir və onun işinə həmçinin, beynəlxalq maliyyə qurumları və müvafiq şirkətlər cəlb olunur. Aİ tərəfindən iclaslarda Enerji İttifaqı üzrə komissar, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç iştirak edir. Məsləhət Şurasının sonuncu 29 fevral 2016-cı il tarixində Bakı şəhərində keçirilmiş sonuncu iclasında həmçinin, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini iştirak etmişdir. İclas iştirakçıları mətbuat üçün birgə bəyanat imzalamışdır.
1991-ci ildən 2006-cı ilədək Aİ-nin Azərbaycana yardımları MDB ölkələrinə texniki əməkdaşlıq (TACİS) proqramı çərçivəsində həyata keçirilmişdir. TACİS institusional, hüquqi və inzibati islahatların aparılması, bazar iqtisadiyyatına keçid dövrünün sosial nəticələrinin aradan qaldırılması, yoxsulluğun azaldılması məqsədlərinə yönəldilmişdir. Növbəti illərdə Aİ yardımları Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (ENPI) vasitəsilə həyata keçirilməyə başlanılmışdır. 2007-2013-cü illərdə Azərbaycan üzrə Strateji Maliyyələşmə Sənədi Aİ-nin ENPI çərçivəsində maliyyə yardımı paketini ehtiva etmişdir. Bu 2007-2010 və 2011-2013-cü illər üzrə Milli İndikativ Proqramla müşayiət olunmuşdur. 2007-2015-ci illərdə Aİ-nin Azərbaycana ayırdığı ikitərəfli yardımın həcmi 179 milyon avro təşkil etmişdir.
Hal-hazırda 2014-2020-ci illər üzrə Aİ-nin yardımları Avropa Qonşuluq Aləti (ENİ) üzrə davam etdirilir. ENİ çərçivəsində illik maliyyə yardımları hər il Azərbaycanla imzalanan Fəaliyyət Proqramları vasitəsilə həyata keçirilir. 2014-2017-ci illər üzrə maliyyə yardımının əsas istiqamətləri – (1) regionların və kənd yerlərinin inkişafı, (2) ədliyyə sahəsində islahatlar, (3) təhsil və bacarıqların inkişafı prioritetlərinə yönəldilmişdir.
Aİ-nin Azərbaycanla ikitərəfli əməkdaşlığının strateji çərçivəsi, əsas nəticələri və indikativ maliyyə ayırmaları 2014-2017-ci illər üzrə Vahid Dəstək Çərçivəsi sənədində müəyyən olunmuşdur. Azərbaycan eyni zamanda, ENİ çərçivəsində həyata keçirilən regional layihələrdə, o cümlədən enerji, nəqliyyat, trans-sərhəd əməkdaşlıq və s. iştirak hüququna malikdir.
ENİ ilə yanaşı Aİ-nin, Demokratiya və İnsan Hüquqları üçün Avropa Aləti, Sabitlik və Sülhə töhfə Aləti, Vətəndaş Cəmiyyəti Təşkilatları və Yerli idarəetmə orqanları, İnsan inkişafı, Miqrasiya və Sığınacaq tematik proqramları üzrə maliyyələşdirmə alətləri də mövcuddur.
Bu gün də Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlıq sürətlə inkişaf edir. 18 iyul 2021-ci ildə keçirilən konfrans bunun bariz sübutudur. Möhtərəm Prezidentimiz öz çıxışında bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında möhkəm əlaqələr vardır və Azərbaycan bu əlaqələrin inkişafında etibarlı tərəfdaşdır.

Azərbaycan Turizm Və Menecment Üniversiteti
Şamilli Ziya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki