image-meshurbackend

“İran taktiki baxımdan, bölgədə hərbi təxribatlara rəvac versə də rəqabətə davam gətirmək iqtidarında deyil”

image-reklam_sirab_01

Son günlər Azərbaycana qarşı ciddi hərbi və siyasi təxribatların artması müşahidə olunur. Döyüş xəttinin önündə Ermənistan dayansa da Azərbaycana edilən hücumların arxasında daha iri geosiyasi oyunçuların dayandığı şübhə doğurmur. Çünki Ermənistan Azərbaycanla müqayisədə kifayət qədər zəif dövlətdir və iki il öncə məğlub olduğu ölkəyə qarşı təzyiq göstərmək gücünə malik deyil. Üstəlik, Ermənistan daima bu regionda maraqları olan Rusiya, İran, ABŞ, Fransa kimi geosiyasi aktorların aləti olub.

 

Yəni Ermənistan müstəqil siyasi proses yaratmaq imkanı olmadığından Azərbaycana qarşı vəkalət müharibəsində istifadə edilib. Bu baxımdan, sentyabrın 12-dən başlayaraq Azərbaycanın dövlət sərhəddində baş verən hərbi təxribatda təhrikçi güclərin dayandığı şübhə doğurmur. Əlbəttə, vassal statusu Ermənistanı heç bir halda məsuliyyətdən azad etmir. Lakin döyüşlərin başladığı ilk gündən İran rejiminin tutduğu mövqe Azərbaycana qarşı hərbi və siyasi hücumların təşkilində rəsmi Tehranın fəal iştirak etdiyini göstərir. Əslində, bu prosesdə Ermənistanın və İranın yanaşı addımladığını görmək olar. Belə ki, İran rəsmiləri Ermənistanı guya təcavüzə məruz qalan və sərhədləri pozulmuş tərəf kimi təqdim etməklə faktiki olaraq, Azərbaycana qarşı təxribata dəstək vermiş oldu. Bu isə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirilə bilər.
İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığında Azərbaycana dolayısı ilə ultimatum verib. O, Cənubi Qafqaz regionunda yeni müharibənin qəbuledilməz olduğunu və İranın mövcud prosesləri diqqətlə izlədiyini bildirib.

“Bölgədəki bütün mübahisələr sülh yolu ilə həll olunmalıdır və İranın ölkələrin ərazi bütövlüyü ilə bağlı mövqeyi aydındır”,-deyə Rəisi iddia edib.

İran rəhbəri Xameneyinin İranla Ermənistan arasında min illik sərhədin əhəmiyyəti ilə bağlı sözlərinə toxunan ölkə prezidenti əlavə edib: “İranın Ermənistanla əlaqəsi təhlükə altına düşməməli, rabitə yolları dövlətlərin nəzarətində olmalıdır”.

Maraqlıdır ki, müharibəni başladan tərəf Ermənistan olduğu halda, İ.Rəisi Azərbaycana eyham vurur. O, İranın Ermənistanla əlaqəsinin təhlükə altına düşdüyünü xüsusi vurğulamaqla Azərbaycanı təcavüzkar tərəf kimi təqdim etməyə çalışır. Əslində, İran Prezidentinin niyyəti başqadır və o, Ayətullah Xamneyidən sitat gətirməklə bölgədə sülhün əldə olunacağı təqdirdə kommunikasiyaların açılmasından Tehranın narahatlığını ifadə edir. Xatırladaq ki, Ayətullah Xamneyi bir müddət öncə İranın sərhədlərin bağlanmasına səbəb olan siyasət və planlara dözməyəcəyini bəyanat etməklə Zəngəzur dəhlizinin açılmasına etirazını bildirmişdi. Ona görə də bu gün Zəngəzur istiqamətində döyüşlərin baş verməsi və avqustun 31-də Brüsseldə Azərbaycanla Ermənistan arasında razılaşdırılmış sülh gündəliyinin pozulması İranda siyasi atəşfəşanlığa səbəb olub.

İran rəsmiləri bütün səviyyələrdə Azərbaycan əleyhinə bəyanatlar verməklə cəbhə xəttində Ermənistanın hücum mövqeyini siyasi-diplomatik cəhətdən gücləndirməyə çalışır. Hətta Ermənistan telekanallarının məlumatına görə, Kəlbəcər istiqamətində Azərbaycan ordusunun mövqelərinə hücum zamanı İrandan alınmış pilotsuz uçan aparatlardan istifadə olunub. Bu məlumat rəsmən təsdiq edilməsə də Ermənistan ordusunu PUA-larla təhcizatında İranla əməkdaşlığa başlanlması faktdır. Avqust ayında İranın “Kaşan” aviabazasında İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin Ermənistanla birgə PUA təlimləri keçirilib. Həmin vaxt Ermənistanın İran istehsalı olan PUA-ları alacağına dair yayılan məlumatlar görünür, reallığa çevrilir. İran Ermənistana ağır silahlar verməklə 44 günlük Vətən müharibəsindən sonra bölgədə geosiyasi balansın Azərbaycanın və Türkiyənin lehinə dəyişməsinin qarşısını almaq istəyir. Eyni zamanda, “SEPAH” “Tvitter” hesabında Azərbaycan sərhəddində baş verənləri “İsrail fitnəsi” adlandırmaqla Ermənistanı təxribata məruz qalan tərəf kimi təqdim etməyə çalışır. İran parlamentinin deputatı Ələsgər Şeirdustun azərbaycanlıları “murdar” adlandırması isə Ermənistanın hərbi və siyasi cinayət ortağının Tehran rejimi olduğunu bir daha təsdiq edir.

Halbuki, həm işğal dövründə, həm də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı Ermənistanın yanında yer almaq İrana ciddi siyasi və iqtisadi divident gətirməyib. Əksinə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsində sonra “3+3” regional əməkdaşlıq platformasına İranın cəlb olunması sanksiyalar altında əzilən bu ölkəyə yalnız mənfəət gətirə bilər. Çünki bölgədə sülhün və sabitliyin bərqərar olması, o cümlədən Zəngəzur vasitəsilə kommunikasiyaların açılması İranın dünya ölkələri ilə ticarət əlaqlərinin genişlənməsi, regionun logistika mərkəzinə qoşulması deməkdir.

Avropa və Çin arasında yükdaşımaları təmin edəcək “Bir kəmər-Bir yol” layihəsi, “Böyük İpək Yolu” Azərbaycandan keçir. Bu isə Azərbaycanın geostrateji əhəmiyyətini getdikcə artırır. İran mövqeyi güclənməkdə olan Azərbaycanın yanında yer almaq əvəzinə, bu əməkdaşlığa qarşı çıxmaqla Cənubi Qafqaz hub-ına çıxış imkanlarından özünü təcrid edir. Şərq-Qərb nəqliyyat dəhlizinin Zəngəzurdan keçməsi iqtisadi böhranı dərinləşməkdə olan İran üçün yeni nəfəslik aça bilər. Ancaq İran rejimi Qafanda baş konsulluq açmaqla Azərbaycanın və Türkiyənin bölgədə artan geosiyasi nüfuzunu əngəlləməyə, Zəngəzur dəhlizinə problem yaratmağa çalışır.
Rəsmi Tehranı narahat edən digər məqam İranın Fars körfəzindən Qara dənizə qədər nəqliyyat dəhlizinin məhz Zəngəzur və Qafan ərazisindən keçməsi ilə bağlıdır. İran Zəngəzur dəhzlinin açılmasını Türkiyənin və Azərbaycanın bölgədə geosiyasi təsirinin artması baxımından yolverilməz sayır. Eyni zamanda, Zəngəzur dəhlizi işə düşərsə, bölgənin əsas nəqliyyat “hub”ına çevriləcək. Bu halda Fars-körfəzi-Qara dəniz layihəsinə ehtiyac qalmayacaq. Çünki Çin və Avropa da öz məhsullarını bu marşrutla daşımağa üstünlük verəcək. Azərbaycan, Özbəkistan və Türkiyə arasında imzalanmış Daşkənd bəyannaməsi də Mərkəzi Asiyadan Avropaya qədər yükdaşımaları təmin edəcək orta dəhlizin məhz Azərbaycan və Türkiyə üzərindən keçməsini nəzərdə tutur. Yüklərin Azərbaycan üzərindən Türkiyəyə və əks istiqamətdə ötürülməsi isə Bakı-Tiflis-Qars dəmir yolu və Zəngəzur dəhlizi vasitəsilə təmin oluna bilər. Eyni zamanda, Ukrayna müharibəsindən sonra Qərb bazarlarına çıxış yolu bağlanan Rusiya cənub və şərq ölkələri ilə əməkdaşlığa üstünlük verir. Bu baxımdan, Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Ancaq Zəngəzur dəhlizinə qarşı olan Qərbin bu məsələyə dair mövqeyi taktiki cəhətdən İranla üst-üstə düşür. Ona görə də ekspertlər hesab edir ki, Cənubi Qafqazda Azərbaycan, Rusiya, İran, Qərb, Türkiyə və Ermənistan arasında mövcud geosiyasi maraqlar toqquşması Qarabağdan Zəngəzura keçir. İran taktiki baxımdan, bölgədə hərbi təxribatlara rəvac versə də rəqabətə davam gətirmək iqtidarında deyil. Ayətullah Xamneyinin səhhətinin ağır olması barədə məlumatların artması İranda rejimin mövcudluğunu zərbə altına qoya bilər. Ona görə də yaxın perspektivdə İran hakimiyyətnin diqqətinin Cənubi Qafqazdan daxili problemlərə yönələcəyi gözləniləndir.

Məşhur Məmmədov

Milli Məclisin üzvü

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki