Azərbaycanda əmək bazarında ən çox hansı sahələrə ehtiyac var, şirkətlər hansı vəzifələr üzrə daha çox işçi axtarır və vakansiyalarda maaşlar nə qədərdir?
Vətəninfo.az xəbər verir ki, 60-dan çox iş elanı saytından toplanmış aktiv vakansiyalar üzrə əmək bazarı analitikası bu suallara müəyyən qədər cavab verir.
Qeyd edək ki, hazırda 60 platforma üzərində ölkədə 8 405 aktiv iş elanı mövcuddur və bu vakansiyalar üzrə 4 122 şirkət işçi axtarır.
Son bir həftə ərzində isə platformada 3 997 yeni vakansiya qeydə alınıb. Elanlarda maaş məlumatı olan 2 280 vakansiyanın hesablamasına əsasən, əmək bazarında median aylıq maaş 708 manat təşkil edir.
Vakansiyaların böyük hissəsi Bakının payına düşür
Əmək bazarında əsas ağırlıq paytaxtın üzərinə düşür. Ofis formatında olan vakansiyaların şəhərlər üzrə bölgüsündə Bakı böyük fərqlə liderdir.
Bakıda 4 082, Sumqayıtda 122, Gəncədə 47, Şirvanda 31, Mingəçevirdə 21, Şəkidə 18, Naxçıvanda 15, Lənkəranda isə 14 vakansiya qeydə alınıb.
İş elanlarının 84 faizi ofis işidir
Vakansiyaların iş formatına görə bölgüsündə də maraqlı mənzərə yaranır. Toplanan 8 405 aktiv elanın 7 026-sı, yəni 84 faizi ofisdə çalışmağı nəzərdə tutur. Uzaqdan işləmək imkanı təqdim edən vakansiyaların sayı isə 1 334-dür və ümumi elanların 16 faizini təşkil edir. Hibrid iş formatı isə olduqca məhdud yayılıb. Bu format üzrə cəmi 45 vakansiya, yəni təxminən 1 faiz elan qeydə alınıb.
Maraqlıdır ki, median maaş baxımından da ofis və distant işlər arasında fərq müşahidə olunur. Ofis işlərində median maaş 800 manat, uzaqdan işlərdə isə 685 manatdır.

Maaşların göstərildiyi elanların sayı hələ də azdır
Əmək bazarında diqqət çəkən digər məqam maaş şəffaflığı ilə bağlıdır. 8 405 aktiv vakansiyanın yalnız 3 055-də maaş məbləği göstərilib. Bu isə elanların təxminən 36 faizinə bərabərdir. Başqa sözlə, hər üç vakansiyadan təxminən ikisində namizəd müraciət etməzdən əvvəl işəgötürənin təklif etdiyi maaş barədə konkret məlumat əldə edə bilmir.
Ən çox işçi hansı sahələr üzrə axtarılır?
Vakansiyaların kateqoriyalar üzrə bölgüsü Azərbaycanda işəgötürənlərin daha çox hansı istiqamətlərə ehtiyac duyduğunu da göstərir.
Ən çox vakansiya IT sahəsindədir – 309 elan. Ardınca maliyyə, bankçılıq və sığorta – 195, satış, pərakəndə və müştəri xidmətləri – 183, biznes, idarəetmə və insan resursları – 126 vakansiya ilə gəlir.
Administrator və müştəri dəstəyi sahəsində 122, satınalma və təchizat zənciri üzrə 106, mühəndislik və texniki sahələr üzrə isə 106 vakansiya mövcuddur.
Ən çox vakansiya yerləşdirən şirkətlər
Aktiv vakansiyaların sayına görə bəzi şirkətlər digərlərindən ciddi şəkildə fərqlənir:
– “Royale Sea Breeze” – 96 vakansiya;
– “Kontakt Home” – 88 vakansiya;
– “Company” – 75 vakansiya;
– “Kapital Bank” – 56 vakansiya;
– “ABB” – 49 vakansiya;
– “PASHA Bank” – 42 vakansiya;
– “Bank of Baku” – 42 vakansiya.
Ən yüksək median maaşlar hansı sahələrdədir?

Vakansiyalarda maaş göstərilən kateqoriyalar arasında bəzi peşələr ümumi əmək bazarındakı median göstəricidən əhəmiyyətli dərəcədə yüksək maaş təklif edir.
Ən yüksək median maaş arxitektura kateqoriyasında qeydə alınıb – 2 000 manat.
Daha sonra briqadir – 1 700 manat, ümumi Tikinti – 1 650 manat, mühəndis – 1 575 manat sahələri gəlir.
Maliyyə-mühasibatlıq sahəsində median maaş 1 400 manat, mühasiblər üzrə 1 350 manat, istehsal və xidmət sahəsində mühəndis və texnoloqlar üzrə 1 325 manat təşkil edir.
Kontent menecerləri üzrə isə median maaş 1 300 manat göstərilir.
Qeyd edək ki, hazırkı mənzərəyə əsasən, əmək bazarında daha yüksək gəlir əldə etmək istəyən şəxslər üçün xüsusilə IT, mühəndislik, tikinti, maliyyə və ixtisaslaşmış peşə sahələri daha perspektivli görünür.azpolitika


























