İran ABŞ-ın təşəbbüsü ilə gündəmə gələn TRIPP layihəsinin həyata keçirilməsini yaxından izləmək niyyətindədir. Tehran Ermənistanın verdiyi təminatlarla kifayətlənməyəcəyini və layihənin gedişatına nəzarəti davam etdirəcəyini bəyan edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi həftəlik brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
İranın Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsi və regiondankənar qüvvələrin ölkə sərhədləri yaxınlığında mövcudluğu ilə bağlı narahatlıqlarına toxunan Bəqayi məsələnin təkcə Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə aid olmadığını vurğulayıb.
“Biz yalnız digər tərəflərin vədləri və təminatları ilə kifayətlənməyəcəyik. Bu, təkcə Xarici İşlər Nazirliyinə aid məsələ deyil, dövlət səviyyəsində əhəmiyyət daşıyır. Ölkənin bütün aidiyyəti qurumları vəziyyətin inkişafını yaxından izləyir və zərurət yaranarsa, müvafiq tədbirlər görəcəklər”, – deyə iranlı diplomat bildirib.
Bəqayinin sözlərinə görə, Tehranın Cənubi Qafqazla bağlı prinsipial mövqeyi dəyişməzdir. İran regionda iqtisadi əlaqələrin inkişafını və nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləsə də, bu proseslərin regional ölkələrin maraqlarına uyğun həyata keçirilməsini vacib sayır.
O, xüsusilə regiondankənar qüvvələrin müdaxiləsinin qarşısının alınmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, üçüncü ölkələrin və güc mərkəzlərinin bölgədə mövcudluğu regional təhlükəsizliyə təhdid yarada, sabitliyi poza və qonşu dövlətlər arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.
İran XİN nümayəndəsi Ermənistanla münasibətlərə də toxunaraq, iki ölkə arasında uzun illər ərzində qarşılıqlı etimadın formalaşdığını qeyd edib.
“Regionumuzun sülh və sabitliyində maraqlı olmayan üçüncü ölkələrin müdaxiləsi nəticəsində bu etimadın təhlükə altına düşməsi heç bir tərəfin maraqlarına uyğun deyil”, – deyə Bəqayi vurğulayıb.
Diplomat xatırladıb ki, Tehran dəfələrlə İran sərhədləri yaxınlığında hər hansı hərbi və ya güc strukturlarının yerləşdirilməsinin yolverilməz olduğunu bəyan edib. Onun sözlərinə görə, Ermənistan tərəfi İrana bununla bağlı lazımi təminatlar verib və iki ölkə arasında yüksək səviyyəli etimad mövcuddur.
Bununla belə, İran həmin etimadı TRIPP layihəsinin digər iştirakçılarına avtomatik şəkildə şamil etmək niyyətində deyil.
Bəqayi əlavə edib ki, Tehran layihə ətrafında baş verən prosesləri izləməyə və Ermənistanın müvafiq qurumları ilə sıx təmasları davam etdirməyə hazırdır.
Qeyd edək ki, TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Təşəbbüsü – Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin inkişafını nəzərdə tutan layihədir. Onun reallaşdırılması regionda yeni geosiyasi və nəqliyyat reallıqlarının formalaşmasına səbəb ola bilər.


























