İran Xarici İşlər Nazirliyi ABŞ-ın ölkəyə qarşı tətbiq etdiyi yeni sanksiyaları kəskin şəkildə pisləyib və Vaşinqtonun uzunmüddətli iqtisadi təzyiq siyasətini “iqtisadi terrorizm” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirib.
Vətəninfo.az xəbər verir ki, İran XİN-in yaydığı bəyanatda bildirilir ki, yeni sanksiyalar ABŞ-ın İrana qarşı uzun illərdir davam edən düşmənçilik siyasətinin növbəti mərhələsidir.
Tehran hesab edir ki, ABŞ-ın iqtisadi məhdudiyyətləri İran vətəndaşlarının fundamental hüquqlarına mənfi təsir göstərir.
“Bu cür ağır cinayətlər törətmiş sanksiyaların təşəbbüskarları və icraçıları mühakimə olunmalı və cəzalandırılmalıdır”, – deyə İran XİN bəyan edib.
İran Xarici İşlər Nazirliyi Vaşinqton və onun müttəfiqlərinin sanksiyalar vasitəsilə Tehranı öz siyasətindən geri çəkilməyə və rəqiblərinin tələblərini qəbul etməyə məcbur edə bilmədiyini bildirib.
Tehranın mövqeyinə görə, yeni məhdudiyyətlər ABŞ-ın İranla bağlı təzyiq siyasətinin nəticəsiz olduğunu göstərir və ölkənin müstəqilliyini, milli suverenliyini və milli maraqlarını qorumaq əzminə təsir göstərməyəcək.
Bəyanatda vurğulanıb ki, “sanksiyalar və iqtisadi təzyiq müharibə və hərbi təcavüzün digər tərəfidir”.
İran həmçinin ABŞ-ı sanksiyalar və hərbi təzyiq siyasəti ilə beynəlxalq sülh və təhlükəsizliyə zərər vurmaqda ittiham edib.
Tehran BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyinə hörmət edən ölkələri ABŞ-ın siyasətinə laqeyd qalmamağa çağırıb.
İran XİN hesab edir ki, yeni sanksiyaların elan edilməsi artıq səmərəsiz olduğu bildirilən siyasətin davamıdır. Nazirlik Vaşinqtonun bu strategiyanı təkrarlamasının yalnız “keçmiş uğursuzluqların təkrarlanmasına” gətirib çıxaracağını bildirib.
Tehran əlavə edib ki, ABŞ hökuməti və sanksiya siyasətini hazırlayan şəxslər yeni məhdudiyyətlərin nəticələrinə görə məsuliyyət daşıyacaqlar.
İran Xarici İşlər Nazirliyi ölkənin təhlükəsizliyini və milli maraqlarını qorumaqda “möhkəm və qətiyyətli” olduğunu açıqlayıb.
Bəyanatda qeyd olunur ki, İran ABŞ-ın hərbi, iqtisadi, siyasi və psixoloji təzyiqlərinə qarşı müqavimət göstərmək üçün milli imkanlarından və onilliklər ərzində əldə etdiyi təcrübədən istifadə edəcək.
Tehran həmçinin ABŞ və İsraili İranın düşmənləri adlandıraraq, onların siyasətinə qarşı bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirib.


























