image-photo-2021-11-21-21-16-45-5backend

Kəlbəcərin maddi-mənəvi sərvəti və strateji əhəmiyyəti

image-reklam_sirab_01

Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etdilər. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi və noyabrın 25-də Kəlbəcər rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə, dərin xülyalarda yaşayan düşmən Kəlbəcəri itirməklə daha bir sarsıdıcı zərbə aldı və bu zərbəni təkcə düşmən ordusu deyil, həm də oraya yerləşdirilmiş mülki ermənilər də çox yaxşı dərk edirdi. Ordumuz qarşısında çarəsiz qalan düşmən çıxış yolunu evlərə və Kəlbəcərin təbiətinə zərər yetirməkdə gördü.

1993-cü ilin aprelin 2-sində işğal edilən cənnət-məkan Kəlbəcər həm təbii sərvətlərinə, həm ərazisinin böyüklüyünə, həm tarixi-mədəni irsinə, həm də Dağlıq Qarabağa gedən stateji yolların üzərində yerləşdiyinə görə olduqca əhəmyyətli idi. Əsrarəngiz təbiəti və yeraltı-yerüstü sərvəti ilə Azərbaycanın bənzərsiz rayonlarından biri olan Kəlbəcər hər zaman öz strateji əhəmiyyətini qorumuş və bu gün də əsas strateji məntəqələrdən biridir. Təsadüfi deyil ki, düşmən Qarabağ və ətrafındakı 7 rayonla bağlı danışıqlar aparılan zaman məhz, Kəlbəcər və Laçını xüsusilə əllərində saxlamağa çalışırdılar. Lakin zaman yetişdi və  44 gün sürən şanlı mübarizənin ilk günlərində Kəlbəcərdəki bir sıra yüksəkliklərin, xüsusilə də, Murovdağın azad edilməsi və ora Azərbaycanın üçrəngli bayrağının sancılması düşmənə bir göz dağı idi. Hətta deyə bilərik ki, müharibənin ilkin mərhələsinin gedişatını məhz Kəlbəcərdəki strateji yüksəklilərin və Murovdağın azad edilməsi dəyişdi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin də dediyi kimi, Kəlbəcər rayonu qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Ordumuz olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə belə atmadan daxil oldu. Və təbii ki, Şuşa kimi fəth edilməsi çətin olan diyarımızı düşməndən xilas edən igid əllər, əgər əmr gəlsəydi, bir an belə düşünmədən oranı da düşməndən mərdcəsinə təmizləyərdilər.

Kəlbəcər rayonu təkcə strateji deyil, eyni zamanda faydalı qazıntılarla, o cümlədən, qızıl, xrom yataqları ilə zəngindir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatlar, onlardan istismar olunan qızıl yataqları, 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik dörd mərmər oniksi nefroid yatağı, bir obsidian yatağı, bir listvenit yatağı var. Həmçinin Kəlbərin Yuxarı İstisu, Aşağı İstisu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları da var. Alagöllər, Qaragöl, Zalxa gölü və s. gölləri var. zirvələri Gamış dağı və Dəlidağdır. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir.

Və bütün bunlar Kəlbəcərin necə zəngin sərvətə və strateji əhəmiyyətə malik olduğunu və zamanında düşmənin nəyə görə onu əlində saxlamaq istəməsini açıq-aşkar göstərir. Lakin Azərbaycan ordusu düşməni 30 ilə yaxın çəkən bir yuxudan ayıltdı və bu gün Kəlbəcərin İstisuyu daha gur axır, Kəlbəcərin dağlarında, meşələrində quşlar, heyvanlar daha atəş səsindən səksənmir, bu gün Kəlbəcərə daha yad ayaqlar dəymir, Kəlbəcərdə Azərbaycan səsi, Azərbaycan nəfəsi duyulur. Və bu gün şəhidlərimizin ruhu şaddır. Şaddır ki, zamanında qız-gəlinlərin fəryadı göyə yüksələn bu diyardan artıq uşaqların şən qəhqəhələri səslənəcək.

 

Bakı Dövlət Universiteti – Babayeva Xalidə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki