“Tarixin bütün dövrlərində mədəniyyət və incəsənət, bütövlükdə, maddi-mənəvi dəyərlərlə bağlı olan proseslər daim xalqların diqqət mərkəzində olub. Çünki mədəniyyət elə bir fenomendir ki, onun vasitəsilə bütün dünyanı fəth, hətta, ram etmək olar. Eyni zamanda, mədəniyyət, adət-ənənə, milli-mənəvi dəyərlər hər bir xalqın tarixin güclü assimilyasiya proseslərindən yan keçməsinə şərait yaradır, onu qoruyur.” – bu fikirləri Vətəninfo.az saytına açıqlamasında Xalq Artisti, Prezident təqaüdçüsü, Mədəniyyət Dalğası İctimai Birliyinin sədri Nisə Qasımova bildirib.
Xalq artisti bildirib ki, Azərbaycan xalqı öz mədəni irsini qorumalıdır.
“Bir xalqı məhv etmək üçün onu mədəniyyətini məhv etmək lazımdır. İmperiyalar əsrində istənilən xalqı sıradan çıxarmaq və müqavimət gücünü qırmaq üçün bu amildən istifadə edilirdi. Məsələn, Makedoniyalı İsgəndər “Ellin” mədəniyyəti formalaşdırmaq bəhanəsilə məhv olmaqda olan Yunanıstanı, Makedoniyanı xilas etmək məqsədilə minlərlə avropalı ilə asiyalını nigaha girməyə vadar edirdi. Eyni siyasəti Roma imperiyası da yürüdürdü. Həmçinin, orta əsrlərdə işğal edilmiş ölkələrin ilk növbədə mədəniyyəti dağıdılırdı, nümayəndələri isə ya öldürülür, ya da əsir götürülürdü. Məhz, bu cür yanaşma XX əsrə qədər davam edib, hətta, Azərbaycan xalqı da Ermənistan tərəfindən bu cür mədəni vandalizmə məruz qalıb. Təbii ki, müasir dövrdə mədəniyyətlə bağlı düşüncələr daha genişdir və təsirlidir. Xüsusilə də, demokratikləşmə dalğaları, mədəniyyətlərarası dialoq və sivilizasiyalararası “konfliktlərin” gündəmdə olduğu bir vaxtda bu, daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Çünki, mədəniyyət və incəsənət hər bir xalqın dünyada özünü təqdim etmək üçün bir vizit kartıdır. “- deyə Nisə Qasımova bildirib.