“Dövlət Təhlükəsizliyi Xidmətinin bu məsələ ilə bağlı istintaq aparması prosesin son dərəcə ciddi olduğunu göstərir. Əgər Dövlət Təhlükəsizliyi Xidməti bu məsələ ilə bağlı cinayət işi açırsa, deməli, onun nə qədər ciddi olduğunu şübhə altına almaq lazım deyil. Bu, bir günün və ya bir ayın ərzində qəbul edilən qərar deyil, ciddi bir araşdırmanın nəticəsidir”.
Bunları “AzPolitika”-ya açıqlmasında keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib.
F. Yusifovun sözlərinə görə, istintaq prosesinin gedişində bütün detallara aydınlıq gətiriləcək: “Ramiz Mehdiyev nə qədər bu gördüyü işlərdə cəsarətli olsa da, o, təkbaşına hərəkət etməyib. Onların hamısı ifşa olunacaq”.
Fikrət Yusifov həmçinin Ramiz Mehdiyevlə eyni dövrdə işlədiyini və onu şəxsi təcrübəsindən tanıdığını bildirib: “Ramiz Mehdiyevlə bir yerdə işləmişəm, onu tanıyıram, əməllərinə də bələdəm. O, həmişə xüsusi ambisiyalı insan kimi tanınıb. Daha çox öz maraqlarına xidmət edən biri olub, nəinki dövlətə və dövlətçiliyə. Mən onu işlədiyim illər ərzində belə tanımışam”.
Yusifov hesab edir ki, istintaqın gedişi ilə bağlı tələskən nəticələr çıxarmaq doğru deyil:“Bu məsələyə ciddi yanaşmaq lazımdır. Adlar çəkilir, siyahılar təqdim olunur. Əgər istintaq gedirsə, gərək səbirli olaq və nəticəni gözləyək”.